22 Dekabr 2024

Sürayyə Ağaoğlu – Türkiyənin ilk qadın vəkili

Qürur duyulacaq həmyerlimiz yaxından tanıyaq. Sürayyə Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. Atası böyük fikir adamı, ideoloq, hüquq professoru Əhməd bəy Ağaoğlu ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət etmişdir. Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşa Atatürkün yaxın dostları arasında keçmişdir. Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşmüşdür.
İstanbul Universitetinin hüquq fakültəsinin ilk qız tələbəsi
İstanbul Qız Liseyində təhsil aldığı illərdən vəkil olmaq arzusu ilə yaşayan Sürayyə Ağaoğlu 1920-ci ildə həmin Liseyi bitirir. 1921-ci ildə İstanbul Universitetinin hüquq fakültəsinə sənədlərini təqdim etmək üçün müraciət etdikdə problemlə qarşılaşır. Həmin dönəmdə hüquq fakültəsində qadın tələbə olmadığı üçün İstanbul Universiteti rektoru Haldun Taner ona kömək edə bilməyincə, o, rektorun atası Səlahəttin bəyə müraciət etmək qərarına gəlir.
Türk qadınlarının çarşabda gəzdiyi bir vaxtda Sürayyə Ağaoğlunun stereotipləri dağıdaraq vəkil olmaq üçün hüquq fakültəsinə qəbul olmaq niyyəti ictimaiyyət tərəfindən qeyri-adi qarşılanır. Sürayyə xanım Səlahəttin bəyə hüquq fakültəsinə qəbul olmaq istədiyini dedikdə otaqda olan şəxslər bu təklifi qəhqəhələrlə qarşılayırlar. Lakin Sürəyyə xanımın təkidi və özü kimi 2 nəfər vəkil olmaq üçün müraciət edən xanımları (Melda və Bedia) təqdim etdikdə onlar ayrıca fakültə açmaq məcburiyyətində qalırlar. Amma günortaya qədər kişi tələbələrə günortadan sonra isə qadın tələblərə dərs keçirdilər.
Behbud xan Cavanşirin qatilinin məhkəməsində
1921-ci il iyulun 18-də erməni qatil Torlakyan İstanbulun “Pera-Palas” hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir. Sürəyya Ağaoğlu hüquqşünas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə “Bir ömür də belə keçdi” adlı memuarında yazır: “Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı”.
Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir.
Bütün bu çətinliklərə baxmayaraq Sürəyya Ağaoğlu 1925-ci ildə İstanbul Universiteti hüquq fakültəsini bitirir. 5 dekabr 1927-ci ildə Ankara Vəkil Bürosuna üzv qəbul olur. 1928-ci ildə müstəqil vəkil lisenziyasını alaraq Türkiyə Cümhuriyyətinin ilk qadın vəkili və qadın hüquqlarının müdafiəçisi ünvanını qazanmış olur. 1936-cı ildə Ankara Vəkil Bürosundan İstanbul Bürosuna keçir. İngilis və fransızca mükəmməl bilən Sürəyya Ağaoğlu məslək həyatı boyunca çox sayda dövlətlərarası beynəlxalq konfranslarda iştirak edir. 1946-1960-cı illərdə İstanbul Vəkil Bürosunun İdarə Heyətinin yeganə qadın üzvü olaraq fəaliyyət göstərmişdir.
Alman hüquqşünasla ailə qurur
1950-ci ildə Alman hüquqşünas Werner Taschenbreker ilə ailə qurmuşdur. Lakin bu izdivacdan onların övladı olmamışdır.
Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu, Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin təməl qoyucusudur.
Qardaşı Səməd Ağaoğlunun vəkili olur
Sürəyya xanımın qardaşı Ankara Universitetinin hüquq fakültəsinin məzunu Səməd bəy Ağaoğlu (Türkiyə Cümhuriyyətinin dövlət naziri olub) 1960-cı il, 27 may tarixdə Türkiyənin baş naziri Adnan Menderes işi üzrə ömürlük həbs cəzasına məhkum olunduğu məhkəmə prosesində onun vəkili olmaq kimi acı taleyi də yaşamış olur. (S.Ağaoğlu 1964-cü ildə amnistiyaya buraxılmışdır).
S.Ağaoğlu bir sıra hüquqi məqalələrin, “Londonda gördüklərim” və “Bir ömür də belə keçdi” kitablarının müəllifidir. 29 dekabr 1989-cu ildə İstanbulda “Qadın hüquqları və müasirləşmək” adlı bir konfransdan ayrılarkən yıxılan Sürəyya Ağaoğlu beyninə qan sızması nəticəsində vəfat etmişdir.
Səməd Vəkilov
Hüquqşünas