22 Noyabr 2024

Sülh müqaviləsi illərlə uzana bilər-delimitasiya bataqlığı…

Elxan Şahinoğlu: “Əgər bizim ərazi bütövlüyümüzü tanımayacaqsa, onda biz niyə Ermənistanın ərazi bütövlüyünü tanımalıyıq?”

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının əsas şərti sərhədlərin müəyyənləşməsidir. Amma mütəxəssislər deyir ki, bu, asan iş deyil və illərlə zaman tələb edə bilər. Məsələn, Azərbaycan Rusiya ilə sərhədlərin müəyyənləşməsini bir neçə il əvvəl tamamlaya bilibsə, Gürcüstanla bağlı bu problem hələ də qalmaqdadır. O cümlədən bu problem Asiyada yerləşən bəzi keçmiş sovet respublikalarında da mövcuddur.

Daha bir nümunə: hətta Rusiya ilə sərhəd məsələsinə görə Yaponiya Rusiya ilə indiyədək sülh müqaviləsi imzalamayıb. Yaponiya tərəfi iddia edir ki, İkinci Dünya müharibəsinin sonunda keçmiş SSRİ Sakit okeanla Oxot dənizini bir-birindən ayıran və Kuril adalarına uzanan təxminən 1 300 km boyunca bir ərazini 1945-ci ildə ilhaq edib. Moskva isə rəsmi Tokionun bu iddialarını rədd edərək həmin torpaqların Rusiyaya məxsus olduğunu bildirir. O səbəbdən sülh müqaviləsinin imzalanması illərlə sürə bilər. Bu halda nə etməli? Ermənistanı sərhədlərin müəyyənləşməsində təzyiq edib delimitasiyaya razı salmaq mümkündürmü? Sülh müqaviləsinin imzalanmasının uzanması kimlərə sərfəlidir? Çıxış yolları nədir? Ümumiyyətlə, çıxış yolu varmı?

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Ermənistanla üç istiqamətdə nəticə əldə etməlidir: “Birincisi, Zəngəzur dəhlizinin açılması, ikincisi, sərhədlərin müəyyənləşməsi, delimitasiya, demarkasiya işlərinin sona çatdırılması, üçüncüsü, nəhayət, sülh sazişinin imzalanması. Düşünürəm ki, daha tez dəhliz məsələsi həll oluna bilər. Düzdür, ermənilər dəhliz demək istəmirlər, kommunikasiya xətlərinin açılmasını istəyirlər. Amma nə olursa-olsun, Azərbaycan qatarları, maşınları Qərbi Zəngəzur üzərindən Naxçıvan və Türkiyəyə keçid imkanı əldə etməlidirlər. Məncə, daha tez bu məsələ həll oluna bilər. O ki qaldı sərhədlərin müəyyənləşməsinə, bu, çox zaman alacaq”. E.Şahinoğlu vurğuladı ki, bizim strateji tərəfdaşımız olsa da, Gürcüstanla belə, sərhədlərimizin müəyyən olunmayan hissələri var: “Düzdür, biz bunu Gürcüstanla mübahisəyə çevirmirik. Çünki Gürcüstan bizə dost dövlətdir. Amma dost dövlət olsa da, danışıqlar uzanır, indiki halda torpaqlarımızı 30 il ərzində işğalda saxlayan Ermənistandan söhbət gedir. Bu məsələ bizim illərimizi alacaq. Ermənilər hansısa təpəyə iddia edəcək. Düzdür, biz vaxtilə həmin ərazinin Azərbaycana məxsus olduğunu sübuta yetirəcəyik, lakin bu müzakirələr uzun çəkəcək. İstənilən halda, nə olursa-olsun əlbəttə ki, danışıqlara start verilməsi, komissiyanın işə başlamasıdır, bu, bizim üçün çox önəmlidir”.

Politoloq qeyd etdi ki, sülh sazişinin imzalanması ilk iki məsələdən də çətin olacaq: “Çünki sülh sazişinin imzalanması o deməkdir ki, iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyır, Ermənistan da qəbul edir ki, Qarabağ Azərbaycan ərazisidir. Məncə, hələ Ermənistanda elə bir siyasətçi yoxdur ki, bu addımı atsın, o cümlədən baş nazir Paşinyan. Düzdür, biz müharibədə qələbə qazandıq, amma Ermənistanda istənilən siyasətçi Qarabağı Azərbaycanın ərazisi kimi tanıyan sülh sazişinə imza atsa, o düşünəcək ki, siyasi sonu gələcək, onu devirəcəklər, öldürəcəklər. Ona görə bu məsələ də hələ uzun illərin predmetinə çevrilə bilər. Amma bu, bizim illərimizi alsa belə, nəticəmizi almaq üçün mübarizəmizi davam etdirməliyik ki, normalda qonşu dövlət sənin ərazi bütövlüyünü tanımalıdır, sən də onun ərazi bütövlüyünü tanımalısan. Yox, əgər o, bizim ərazi bütövlüyümüzü tanımayacaqsa, onda biz niyə Ermənistanın ərazi bütövlüyünü tanımalıyıq? O halda biz hər zaman deməliyik ki, Zəngəzur Azərbaycana məxsusdur və Ermənistanın problemlərini artırmalıyıq”.

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ -  Modern.Az Azərbaycan və dünya xəbərləri

Qafar Çaxmaqlı

Professor Qafar Çaxmaqlı bildirdi ki, Ermənistan başqa məsələlərdə olduğu kimi, sərhədlərin müəyyənləşməsi məsələsində də konstruktiv mövqe sərgiləmir, ondan da manipulyasiya edir: “Sözsüz ki, Azərbaycanı ittiham etmək, guya onun sərhədlərinə girdiyi ilə bağlı beynəlxalq mənfi rəy yaratmaq siyasəti aparır, haradasa bundan müəyyən vaxt əldə etmək istəyir. Bu, onun siyasətidir. Amma sülh sazişinə getmək yolunda bu əngəli aşmaq üçün biz bunun üzərinə getməliyik. Sərhədlərin müəyyənləşməsi asan olmasa da, mövcud olan xəritələr var, onlarla qısa zamanda bunları etmək olar. Ermənistan buna indiki halda ona görə mane olmağa çalışır ki, ATƏT-ə hələ də ümidləri var ki, Qarabağda nəzarət eləmədiyimiz ərazidə nəyəsə nail olsun. Sərhədlərin demarkasiyası və delimitasiyası baş tutarsa, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır. Sülh müqaviləsi bundan sonra ola bilər. Hər iki məsələni uzatmağa çalışması Ermənistandakı daxili problemlərlə bağlıdır”. Q.Çaxmaqlı qeyd etdi ki, Paşinyan hakimiyyətini uzatmaq üçün bu problemləri də uzatmağa çalışır və haradasa buna nail olur: “Müharibə artıq bir ildən artıqdır ki, bitib. Amma hələ də sərhədlərin heç bir hissəsində dəqiq xətlər çəkilməyib. Dediyimiz kimi Azərbaycan öz sərhəd xətlərində olduğu halda onlar Ermənistan torpaqlarına girmə kimi qələmə verməyə çalışırlar. Rusiyanın da bu məsələdə mövqeyi öz maraqları çərçivəsindədir. Rusiya hərbi məqsədlə sərhədlərə də nəzarət etmək istəyir və sərhədlərdəki münaqişələr həmin alqını yaradır ki, burada sülhməramlılara ehtiyac var. Sülh müqaviləsinin, ondan öncə sərhədlərin müəyyənləşməsinin uzanması indiki halda Rusiyaya da, Ermənistana da sərf edir”.

Məhəmməd Əsədullazadə - Publika.Az

 Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanla Azərbaycan arasında ilk növbədə əldə edilən razılaşmalar yerinə yetirildikdən sonra sülh istiqamətində addımlar atmaq olar: “Azərbaycan daima sülhə hazırdır. Amma, Ermənistan tərəf sülhdən yayınır. İlk növbədə erməni tərəf bitmiş, artıq tarixdə qalmış Qarabağ məsələsini gündəliyə çıxarmağa cəhd edir. Ona görə də sülh imkanları bir qədər çətin görünür. Ermənistan razılaşdırılmış 10 noyabr, 11 yanvar və son Soçi bəyannaməsinə əməl etməlidir”. M.Əsədullazadə bildirdi ki, Azərbaycan üzərinə götürdüyü öhdəliklərə əməl edib: “Bir ildir ki, situasiyanı mürəkkəbləşdirən erməni tərəfdir. Hətta Rusiya da sülhün əldə edilməsində maraqlı deyil. Çünki bunu regional maraqlarına təhdid hesab edir. Soçi bəyanatının imzalanmasına isə Rusiya, sadəcə, məcbur oldu. Çünki Avropa İttifaqı dövriyyəyə girirdi. Azərbaycan üçün fərq etmir, istər Rusiya, istərsə Avropa İttifaqı olsun, real təşəbbüslə çıxış edib, Ermənistanı anlaşmalara əməl etməyə məcbur eləsin. Əgər bunu hər iki tərəf yerinə yetirməyəcəksə, Azərbaycan Ermənistanı sülhə məcbur edə bilər. Hesab edirəm ki, ilk öncə biz Soçi bəyanatına Ermənistan tərəfindən əməl edilməsinə baxmalıyıq”. Politoloq bildirdi ki, əgər Ermənistan son bəyannaməyə əməl etməyəcəksə, artıq Moskva da burada pis vəziyyətdə qalacaq: “Xüsusilə prezident Putin burada söz verib. Ona görə də Soçi bəyanatı  yerinə yetirilməsə, Putin Paşinyana təzyiq edə bilər. Qeyd edim ki, regionda sülh və təhlükəsizliyin təmin olunması, Ermənistanın inkişafı məhz Soçi bəyanatına əməl edilməsindən keçir. Bu, Ermənistan üçün Azərbaycan tərəfindən verilən son şansdır. Əgər Ermənistan bu razılaşmalara əməl edərsə, Qarabağla bağlı məsələyə gəlməsə sülh ola bilər. Düşünürəm ki, indiki Ermənistan hakimiyyəti bunu yaxşı dərk edir və addımlar ata bilər”.