23 Dekabr 2024

Stoltenberqdən qorxunc proqnoz: Ukraynadakı münaqişə Rusiya-NATO savaşına çevrilə bilər

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, Ukrayna münaqişəsi Rusiya ilə Şimali Atlantika Alyansı arasında müharibəyə səbəb ola bilər.

Media1.az xarici agentliklərə istinadən xəbər verir ki, o bu fikri Norveçin NRK telekanalında Lindmo tok-şousunda səsləndirib.

“Qorxuram ki, Ukraynadakı müharibə nəzarətdən çıxıb NATO ilə Rusiya arasında böyük müharibəyə çevrilə bilər. Amma əminəm ki, biz bundan qaçacağıq”, – deyə, baş katib bildirib.

Aparıcının burada kimin məsuliyyət daşıdığı barədə sualına Stoltenberq belə cavab verib: “Hiss edirəm ki, hər şey çox ciddidir. Bu, Avropa və Norveç üçün taleyüklü vaxtdır. Əgər işlər qaydasında getməsə, daha böyük dəhşətlər yaşanacaq”.

NATO Baş katibi Ukraynaya edilən yardımlar məsələsinə də toxunub. Onun fikrincə, sülhü yalnız güclü Ukrayna təmin edə biləcək.

“Elə anlar var ki, danışmaq yersizdir. Burada kömək yalnız Ukraynaya veriləcək hərbi dəstəkdən ibarət ola bilər. Çünki yalnız güclü Ukrayna sülhü gətirəcək”, – deyə, o qeyd edib.