Soydaşlarımızdan 3890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır

Bu faktı əsirlikdən və girovluqdan azad edilmiş şəxslərlə bağlı çoxsayda statistik məlumatlar da təsdiq edir
Yuxarıda qeyd olunan rəqəmlərdən də aydın göründüyü kimi, Birinci Qarabağ müharibəsi zamanı hərbçilərlə yanaşı, minlərlə mülki şəxs itkin düşmüş hesab olunur. Çünki Ermənistan dövlətinin daxili və xarici siyasətinin təməlində terror dayanır. Azərbaycan Respublikasının yaşayış məntəqələrinin işğalı zamanı Ermənistan ordusunun və terrorçu silahlı birləşmələrin əsas hədəfi daha çox dinc əhali olub. Bu faktı əsirlikdən və girovluqdan azad edilmiş şəxslərlə bağlı çoxsayda statistik məlumatlar da təsdiq edir.
2005-ci il aprelin 1-nə olan statistik məlumatlarda göstərilir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 4841 Azərbaycan vətəndaşı münaqişə zonasında itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 54 nəfəri uşaq, 321 nəfəri qadın, 409 nəfəri qocalar idi. 1988-2005-ci illərdə 1368 Azərbaycan vətəndaşı erməni əsirliyindən azad edilib. Bunlardan 169 nəfəri uşaq, 338 nəfəri qadın, 286 nəfəri qocalardır. Rəqəmlər onu deməyə əsas verir ki, münaqişənin alovlandığı vaxtdan 2000-ci illərin əvvəllərinədək əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızın şəxsiyyətinin, yerinin müəyyənləşdirilməsi istiqamətində çox işlər görülüb. Ekspertlər təsdiqləyirlər ki, hər itkin, əsir, girovun taleyi haqqında gərəkli işlər aparılıb, şahidlərin gördükləri və əldə olunan faktların sorğusu keçirilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış faktlar Ermənistan Respublikasında əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını, o cümlədən “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək, insan ləyaqətinə toxunmaq kimi tələblərini kobud surətdə pozduğunu sübut edir. Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17.02.1992) Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80-ə yaxınını yerindəcə güllələyiblər. Bu barədə kənd sakinləri Seymur Xanlar oğlu Nağıyev, Şahbuz Əmirxan oğlu Əliyev və digərləri şahidlik edirlər. Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin 15 dinc sakini ermənilər tərəfindən yerindəcə qətlə yetiriliblər. 16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan edib. Bakıda meyidlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın “Həkimlər insan hüquqları uğrunda” təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirib və əsirlərin guya “qaçmağa cəhd edərkən” öldürülməsi fikrini rədd edib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında olan materiallar sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı məqsədli soyqırımı siyasəti yeridib. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olublar. Hətta əsirlikdən azad edilən elə şəxslər olub ki, onların damarına benzin, qazolin vurublar. Məqsəd o idi ki, bir müddətdən sonra həmin şəxsin qolu, ayağı çürüsün. Azərbaycanlı əsirlərlə ermənilər çox təhqiramiz davranıb, onların videogörüntülərini, fotoşəkillərini çəkiblər. Bu hərəkətləri ilə ermənilər sanki türklərdən qisas alırdılar. Millətindən asılı olmayaraq ermənilər əsir götürdükləri hər bir Azərbaycan vətəndaşını potensial düşmən hesab edirdilər.
Əsir və itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi daim dövlətin diqqət mərkəzindədir, gündəliyindədir. Prezident İlham Əliyev aprelin 4-də İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri qəbul edərkən də bəyan edib ki, Azərbaycan humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, Ermənistan tərəfindən konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş olunmayıb. Dövlət başçısı, həmçinin bu yaxınlarda Xocavəndin Edilli kəndində kütləvi məzarlığın müəyyən olunduğunu, qazıntı işləri aparılarkən orada basdırılmış şəxslərin qalıqlarının aşkara çıxarıldığını və bu qalıqların DNT analiz təyinatlı laborator müayinələrə təqdim edildiyini də diqqətə çatdırıb.
Beynəlxalq Komissiyanın baş direktoru itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsində Azərbaycanla yaxından əməkdaşlıq etməyə hazır olduğunu bilirb. Katrin Bomberger Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumat bazasının yaradılması, kütləvi məzarlıqlarda birgə qazıntıların aparılması, yerli mütəxəssislərin peşəkarlıqlarının artırılması kimi işlərə öz töhfəsini verməyə hazır olduğunu deyib. Həmçinin K.Bomberger itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi etimadın yaradılması və davamlı sülhün təmin edilməsi baxımından da vacib olduğunu vurğulayıb.