SOS: bu dərmandan ifrat istifadə uşaqların ölümünə gətirə bilər!
Pediatr: “Bəzi hərarətsalıcı dərmanlar var ki, bunu körpə uşaqlara vermək olmaz”
Özbəkistanın Səmərqənd şəhərində Hindistan istehsalı olan öskürək şərbətini (sirop) qəbul edən 18 uşaq ölüb. Özbəkistan Səhiyyə Nazirliyinin teleqram-kanalına görə, söhbət “Doc-1 Max” dərman preparatından gedir.
“Tədqiqat göstərdi ki, ölən uşaqlara bu dərmanı evdə 2-7 gün ərzində, gündə 3-4 dəfə və uşaqlar üçün dərmanın standart dozasını üstələyən 2.5-5 ml miqdarında veriblər”, – deyə agentlik bildirib. Ölkənin Səhiyyə Nazirliyindən isə bildirilib ki, valideynlər bütün azyaşlı xəstələrə təkbaşına və ya aptek işçilərinin tövsiyəsi ilə bu şərbəti veriblər.
İlkin laboratoriya nəticələrinə görə, uşaqları öldürən bu dərmanın tərkibində etilen qlikol var. Həddindən artıq istehlak edildikdə bu zəhərli maddə bədəndə geridönməz dəyişikliklərə səbəb olur. Belə ki, etilen glikolla zəhərlənmə hallarının təxminən 60%-i ölümlə nəticələnir.
Məlumata görə, faciə ilə əlaqədar Səhiyyə Nazirliyinin 7 yüksək rütbəli əməkdaşı işdən çıxarılıb, Özbəkistanın bütün apteklərində “Doc-1 Max” dərmanı satışdan çıxarılıb. Hazırda polis vəziyyəti araşdırır.
Sirr deyil ki, Azərbaycanda da valideynlər çox vaxt öz uşaqlarını ev şəraitində, qonum-qonşunun tövsiyəsi ilə “müalicə” edirlər. Bu da bir çox hallarda ciddi fəsadlara yol açır. İndi isə məhz infeksion xəstəliklərin tüğyan etdiyi dövrdür.
Bəs ölkəmizin aptek şəbəkəsində sözügedən dərman preparatı varmı? Ev şəraitində dərmanlardan nəzarətsiz istifadə başqa hansı ağır fəsadlara gətirə bilər?
Vaqif Qarayev
Tanınmış pediatr Vaqif Qarayev mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, dərman alarkən bir sıra məqamlara diqqət edilməlidir: “Açığı ”Doc-1 Max” dərmanı ilə tanış deyiləm, bizim apteklərdə var, ya yox, bilmirəm. Amma dərman haqqında oxudum, tərkibində fenileprin var ki, onu biz zərərli hesab edirik. 6-7 yaşına qədər olan uşaqlara zərərlidir. İndi mövsümi xəstəliklər həddən artıq çoxalıb. Ağrıkəsicilər, allergiya dərmanları, hərarətsalıcı dərmanlar tapılmır. Saytlardan oxudum, Səhiyyə Nazirliyinin rəsmisi dərmanlarla bağlı açıqlama verib ki müxtəlif preparatlar gətirilib, deməli, gətirilən dərmanlar çatmır da. Özü də axtarılanlar hamısı ucuz dərmanlardır”.
Həkimin sözlərinə görə, “Tempanor” adlı hərarətsalıcı dərman var ki, onun tərkibində fenileprin və ibuprofen olduğu üçün körpə uşaqlara vermək olmaz: “Pediatriyada belədir, hər yaşın öz dərmanı var, hər yaşın öz dozası. Əslində əhalini qınamaq istəmirəm, hər qızdırmaya görə həkimə getmək istəmirlər, gedib aptekdən alırlar. Yəqin Özbəkistanda da bizdəki kimidir. Qızdırması olana aptekdən götürüb verirlər. Əlbəttə, bu düzgün deyil, aptekdəki də anlamalıdır ki, filan dərman müəyyən yaşa qədər verilməməlidir. Bizdə də elədir, qızdırması olana aptekdə nə var götürüb verirlər. Əhalini bu məsələdə qınamaq fikrim yoxdur, çünki tapa bilmirlər. Adi qızdırma üçün parasetamol tərkibli heç nə yoxdur. Ya da olur, tez də qurtarır. İnsanların tanıdığı dərmanlardır da, buna görə həkimə getməyə ehtiyac yoxdur. Dərman olubsa da, tezdə qurtarır.
Yazdığım dərmanı xəstə zəng vurub deyir ki, aptekdə yoxdur. Burada nə həkim, nə də əhali qınanmalıdır. Hər halda mütləq həkimdən soruşsunlar ki, dərmanı bu yaşda vermək olar ya yox. Dərmanla bağlı əslində bütün dünyada problem var, amma bizim kimi idxaldan 99 faiz asılı ölkələrdə vəziyyət yaxşı deyil. Müharibə var bildik. Müharibə ilə bağlı Rusiyadan, Ukraynadan ölkəyə idxal olunan dərmanlar çox ucuz idi, əhali ala bilirdi. Amma Türkiyədən, Almaniyadan, Avropanın başqa ölkələrindən idxal olunan dərmanlar çox bahadır, ala da bilmirlər. Gürcüstan hökumət səviyyəsində Türkiyə ilə müqavilə bağlayıb. Türkiyədə ölkə əhalisinə lazım olan qədər dərman istehsal edir və onu öz əhalisinə çox ucuz qiymətə satır. Amma ixraca baha qiymətə satır. Bunu bizdə də tətbiq etmək olar”.
Həkim son günlər uşaqlar arasında yayılan xəstəliklərlə bağlı, valideynlərin yeri gəldi-gəlmədi antibiotik istifadə etməsi məsələsinə cavab verib: “Antibiotiki qanın ümumi analizini edən sonra virus aşkarlanarsa, antibiotik olmaz. Əgər bakteriya varsa, o zaman mütləq antibiotikə göstəriş var. Qanın ümumi analizində bunu görə bilirik. Amma bizdə uşaqda 3-4 gün qızdırma olur, deyirik ki, valideyn narahat olmasın, o isə mütləq dərman istəyir. Antibiotik qızdırma dərmanı deyil. Antibiotik qızdırmanı yaradan səbəbin dərmanıdır”.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov mediaya açıqlamasında deyib ki, hazırda Azərbaycanda qrip virusuna yoluxma təsdiqlənməyib. Onun sözlərinə görə, hazırda müşahidə olunan xəstəlik kəskin respirator viruslarıdır: “İnsan eyni zamanda həm koronavirusa, həm də qripə yoluxa bilər. Bu zaman daha ağır nəticələrin olması mümkündür. Hər iki xəstəliyin əsas zərbə vurduğu orqan ağciyərlərdir. Ona görə də vaksinasiya olunmaq lazımdır”.
Afaq MİRAYİQ