23 Dekabr 2024

“Sonuncu erməni silahlısı Qarabağdan nə vaxt çıxacaq?” – Rusiyalı ekspertdən maraqlı şərh

“Ötən şənbə günü Senor Həsrətyanın (qondarma ordunun keçmiş “mətbuat katibi” – red.) Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazisindəki Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılması haqda verdiyi məlumat bu gün səhər öz qeyri-rəsmi öz təsdiqini tapdı. Bunu erməni Telegram kanalları özlərinin mənbələrinə istinadən bildirir”.

Musavat.com xəbər verir ki, bu barədə rusiyalı siyasi ekspert Andrey Petrov “Vestnik Kavkaza” portalındakı təhlili məqaləsində yazır.

Məqalədə daha sonra deyilir: “Çox güman ki, bu mövzuda rəsmi məlumatlar olmayacaq. Ona görə ki, Ermənistanın revanşist müxalifəti işğalçı ordunun qalıqlarının Qarabağdan geri çəkilməsi xəbərini baş nazir Nikol Paşinyana qarşı təbliğati hücum üçün əlavə motiv qismində istifadə edir. O səbəbə hakimiyyət Cənubi Qafqazda sülhə doğru bu addımı səssizcə atmağa üstünlük verəcək. Beləliklə, Azərbaycana qanunsuz qoşun göndərilməsinə etiraz edən əsgərlərin valideynləri öz övladlarını sağ-salamat görəcəklər və xaricdə xidmət etməyəcəkləri barədə hökumətdən zəmanət alacaqlar. Revanşistlərin iddiaları isə yəqin ki, onların digər şüarları kimi boş sözlər olaraq qalacaq. Nəticə etibarilə Rusiya sülhməramlılarının məsuliyyət zonasında yalnız yerli sakinlər qalacaq və İrəvan artıq gizli şəkildə Qarabağa erməni çağırışçılarını göndərməyəcək.

1601035351155734579_1200x630.jpg (297 KB)

Ancaq bir əmma var: madam ki, Ermənistanın istənilən vətəndaşı hələ də Azərbaycan ərazisindəki Rusiya sülhməramlılarının məsuliyyət zonasına vizasız daxil ola bilir, o zaman istək olacağı təqdirdə olanlara könüllü şəkildə Qarabağ separatçılarının qanunsuz silahlı birləşmələrinə yazılmaq təklif olunacaq”.

488380204_s2342344_1509350495.jpg (79 KB)

Ekspertin fikrincə, bu səbəbdən Ermənistan ordusunun qalıqlarının Azərbaycan torpaqlarından çıxarılması final yox, Qarabağda qalan gərginlik ocağı probleminin həllində yalnız bir mərhələ ola bilər: “İş ondadır ki, Nikol Paşinyan rejimi erməni əsgərlərinin Qarabağdan geri çəkilməsini təşkil eləməklə savaşın bitməsi barədə 10 noyabr tarixli Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli bəyanatının hərfinə və ruhuna zahirən əməl edir, ancaq bunu onun niyə və necə etdiyini, bununla nəyə nail olmaq başa düşmək də lazımdır.

“Niyə”dən başlayaq: son aylarda Ermənistan bir neçə dəfə Azərbaycana gizli yolla əsgər qaçaqmalçılığına görə yaxalanıb. Rəsmi Bakı İrəvanın beynəlxalq terrorçu statusuna malik öz vətəndaşlarını qanunsuz şəkildə əraziyə gondərməsinə dair dəlillər toplayıb və onları həm Rusiya tərəfinə, həm də beynəlxalq təşkilatlara yollayıb. Bundan əlavə, İrəvanda bir özünü-ifşa olayı da oldu. Belə ki, erməni əsgərlərinin valideynləri uşaqlarını Qarabağa göndərməmək tələbləri ilə Müdafiə Nazirliyinin önünə yığışdılar və xarici jurnalistlərə bildirdilər ki, çağırışçıları mülki şəxs adı altında və ya hətta tikinti materialları adı ilı gizli şəkildə Azərbaycana göndərirlər.

5f8e04887af50721c469e25d.jpg (86 KB)

Paşinyanın bəyana necə əməl etdiyinə gəlincə: gözləmək olar ki, rus sülhməramlılarının məsuliyyət zonasını yalnız keçmiş işğalçı qüvvələrin şəxsi heyəti, könüllü şəkildə tərk edəcək – bunu “könüllülər” haqqında qeyd sübut edir. Yerdə qalanlar sadəcə, Ermənistan ordusu sıralarından tərxis edilərək separatçı birləşmələrə cəlb edilə bilərlər. Üstəlik bunu son üç onilliyin ənənəsinə uyğun edə bilərlər, necə ki, işğalçı qüvvələrdə xidmət edən Ermənistan vətəndaşları Azərbaycan ərazilərində “Qarabağ ordusu” olaraq elan edilmişdi. Ondan az önəm kəsb eləməyən digər mühüm məqam budur ki, oradan yalnız insanlar çıxıb gedəcək, silahlar isə demək olar ki, qalacaq. Çünki separatçıların silah tədarükü üçün heç bir kanalı yoxdur və İrəvan Qarabağdakı gərginlik ocağının tam sönməməsinə üstünlük verir.

Və üçüncü məqam: Paşinyan rejimi bu yolla nəyə nail olmaq istəyir. Burada eyni zamanda üç hədəfdən danışmaq lazım gəlir. Bir tərəfdən, Paşinyan Rusiyaya noyabr bəyanatının yerinə yetirildiyini həm də erməni əsgər və zabitlərinin Rusiya sülhməramlılarının məsuliyyət zonasından “səssiz” şəkildə geri çəkməklə sülhə çalışdığını nümayiş etdirməlidir. Digər tərəfdən, İrəvan müharibədən sonrakı proseslərdə tamamilə passiv oyunçuya çevrilməmək üçün Bakıya təzyiq üsullarını saxlamağa cəhd edir və Qarabağdakı silahlı qanunsuz dəstələr və Ermənistan Silahlı Qüvvələrinin oradakı “könüllüləri” məsələsi məhz Ermənistan-Azərbaycan danışıqlarının gündəmindən çıxmamış mövzulardan biri olaraq qalır”.

Müəllifin qənaətincə, məsələnin başqa, “daxili” tərəfi də var: “Erkən parlament seçkiləri öncəsi hakimiyyət bacardıqca hamıya xoş gəlməyə, hamını razı salmağa səy edir. Ona görə də etiraz edən valideynlərə uşaqları qaytarılacaq, etirazçı revanşistlərə isə Rusiya sülhməramlılarının məsuliyyət zonasına girməyə icazə veriləcək, əgər onlar Azərbaycan torpaqlarında vuruşmaq və ölmək üçün belə əldən gedirlərsə. Bu yolla Paşinyan həm qonşularla barışıq içində yaşamaq istəyənlərin daha çox səsini təmin edəcək, həm də onun əleyhinə səs vermək istəyənlərin müəyyən qismindən canını qurtulacaq”.

Rusiyalı politoloqa görə, Ermənistanın öz qoşunlarını ərazidən çıxarması prosedurunu necə həyata keçirəcəyini yaxın həftələr göstərəcək. “Bəlkə də ən vacib sual Ermənistanın hansı növ hərbi texnikasının Azərbaycan ərazisini tərk edəcəyi ilə bağlıdır. Aydındır ki, nə qədər millətçi təbliğata məruz qalsalar da, “muzdlular” silahları olmayınca onlar Azərbaycan ordusu üçün təhlükə yarada bilməzlər. Bütövlükdə rus sülhməramlılarının məsuliyyət zonasındakı qanunsuz silahlı qrupların tərksilah edilməsi, müharibədən sonrakı 5 illik planın əsas məsələlərindən biridir və İrəvanın işğalçı ordunun qalıqlarını evə qaytarmaq niyyəti bu məsələnin həllini xeyli irəlilədərdi. Bu niyyətin nə dərəcədə reallığa çevriləcəyini zaman göstərəcək”, – deyə müəllif sonda vurğulayıb.

Musavat.com