06 Fevral 2025

Soçi görüşü ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasətinin növbəti uğuru və məntiqi nəticəsi oldu

Azərbaycan Prezidentinin Soçidə Ermənistandakı revanşistlərə, Xankəndidəki separatçı tör-töküntülərə və onların xaricdəki havadarlarına yönəlik səsləndirdiyi  mühüm və qəti mesajlardan biri Qarabağ münaqişəsinin bitdiyi ilə bağı oldu. Prezident İlham Əliyev Rusiyanın dövlət başçısı ilə ikitərəfli görüşdə bunu yüksək diplomatik məharətlə diqqətə çatdırdı. Prezident İlham Əliyevin Soçidə Rusiyanın dövlət başçısı ilə keçirilən ikitərəfli görüşdə səsləndirdiyi fikirlər Ermənistandakı revanşistlərə, onların xaricdəki havadarlarına aydın və qəti mesajlardır. 

Əsasən, Azərbaycan Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı birmənalı şəkildə bəyan etdi ki, Qarabağla bağlı müzakirə olunası məsələ yoxdur. Ermənistanın baş naziri Nikol Paşinyan isə növbəti dəfə pozuculuq mövqeyindən çıxış etməyə cəhdlər göstərsə də onun bu cəhdləri ciddiyə alınmadı və rədd edildi. Əbəs deyil ki, üçtərəfli görüşün yekunlarına dair birgə bəyanatda Qarabağla bağlı məqam yer almadı, “status” mövzusu isə artıq mövcud deyil.

Bəyanata əsasən Rusiyanın köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin və ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin, iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılmasının vacibliyi qeyd olunur. Bir sözlə, Soçi görüşlərindən də bəlli oldu ki, proseslər ölkəmizin xeyrinə cərəyan edir və Azərbaycanın diplomatik üstünlüyü birmənalıdır.  

Ermənistanın baş naziri ilə görüşdə “münaqişənin bitməsinin vacibliyindən” söz açan Vladimir Putinlə görüşdə Prezident İlham Əliyevin “Qarabağ münaqişəsi artıq tarixdir” deməsi, həm də Rusiyanın dövlət başçısının 2 il öncə səsləndirdiyi fikirlərin Paşinyana bir daha xatırlatması artıq bir reallığı ortaya qoyur – Qarabağ Azərbaycandır və nida! Daha bir fakt budur ki, əsl dövlət adamları, gerçək liderlər üçün verilən söz həm etimad, həm də xarakter məsələsidir. Prezident İlham Əliyevin hazırkı dövrə qədər verdiyi bütün vədlərini yerinə yetirməsi və Paşinyandan da üçtərəfli bəyanata əsasən irəli sürülmüş bəndlər baxımından vədlərini yerinə yetirməli olduğunu tələb etməsi isə bir faktı isbat edir ki, Ermənistanın üçtərəfli sənədlərlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa alternativi yoxdur.

Aytən Məmmədli

YAP Ağstafa rayon təşkilatının məsləhətçisi