23 Dekabr 2024

Siyasi partiya liderlərinin Şuşa səfəri başa çatdı – FOTOLAR

Xəbər verdiyimiz kimi ölkənin siyasi partiya rəhbərlərinin və politoloqların işğaldan azad olunmuş ərazilərə növbəti birgə səfəri təşkil olunub.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə baş tutan Şuşa səfərində ölkəmizdə fəaliyyət göstərən 43 siyasi partiyanın 55 nümayəndəsi ilə yanaşı, tanınmış politoloq və siyasi şərhçilər də təmsil olunub.

Media1.az xəbər verir ki, Şuşa səfəri məşhur Cıdır düzünün ziyarəti ilə başlayıb. Daha sonra səfər çərçivəsində iştirakçılar Vaqif türbəsini, Saatlı, Yuxarı və Aşağı Gövhərağa məscidlərini, Şuşa qalasını, Xan qızı Natəvanın evini, şəhərin mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Bülbülün ev-muzeyini, həmçinin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalandığı ərazini ziyarət ediblər. Səfər iştirakçıları Şuşada aparılan təmir-bərpa işləri ilə də yaxından tanış olublar.

Qeyd edək ki, siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi bilavasitə demokratik ənənələrin inkişafına xidmət edən təcrübədir. Fərqli səpkili təşəbbüs və layihələr vasitəsilə Azərbaycan iqtidarı dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Siyasi proseslərdə iştirak edən tərəflər arasında işgüzar mühitin və sağlam münasibətlərin qorunması məqsədilə atılan addımlar siyasi partiya rəhbərləri tərəfindən fəal şəkildə dəstəklənir. Belə ki, ölkədə fəaliyyət göstərən siyasi partiyalarının mütləq əksəriyyəti siyasi dialoq proseslərin fəal iştirakçılarıdır. Görülən işlərin məntiqi nəticəsidir ki, iqtidar-müxalifət dialoqu artıq ölkəmizin gündəlik siyasi təcrübəsinə daxil olmuş və davamlı şəkildə inkişaf edir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə reallaşan siyasi dialoq çərçivəsində təşkil olunan bu cür səfərlər siyasilər arasında sağlam əməkdaşlıq münasibətlərinin formalaşması, eləcə də dayanaqlı dialoq ənənələrin dərinləşməsinə xidmət edir. Xatırladaq ki, partiya rəhbərlərinin bu cür ilk birgə səfəri cari ilin 17 mart tarixində Ağdam şəhərinə təşkil olunub.

Siyasi şərhçilər bildirirlər ki, təşviq olunan dialoq mühiti konstruktiv əməkdaşlığı, dövlət naminə şəxsi ambisiyalardan imtina olunmasını, milli həmrəyliyi, habelə etibarlı münasibətləri tərənnüm edir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının VII qurultayında öz çıxışında partiyaların inkişafını ümummilli məsələ kimi qeyd edib: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.”

Politoloqlar bildirirlər ki, iqtidar-müxalifət dialoqu Azərbaycan dövlətçiliyin qorunması və inkişafı üçün, eləcə də Azərbaycanın timsalında regionun dayanaqlı inkişafını təmin edən bir vasitədir. Məhz bu dialoqun vasitəsi ilə siyasi partiyaların fəaliyyəti üçün hüquqi və təşkilatı əsaslar yaradılıb. Ölkəmizdə mövcud siyasi partiyaların sayı bilavasitə Azərbaycanda yaşanan siyasi plüralizmdən xəbər verir. Azərbaycanda demokratik münasibətlərin inkişafı naminə partiyalara hökumət tərəfindən ayrılan diqqət artır və şaxələnir.

Qeyd olunur ki, siyasi həmrəyliyin təcəssümü olan siyasi dialoqun ölkəmizdə mövcudluğu, eyni zamanda siyasi sabitliyi təmin edən əsas amillərdən biridir. Təqdirəlayiq haldır ki, hökumətin bu cür təşəbbüslərində alim, siyasi ekspert və şərhçilər də fəal iştirak edirlər. Bununla Azərbaycan hökuməti, əslində müxtəlif sahələrin potensialının səfərbər olunmasını təmin edir. Belə ki, Şuşa şəhərinə təşkil olunmuş səfərdə siyasi partiya nümayəndələri ilə yanaşı politoloq və siyasi şərhçilərin iştirakı heç də təsadüfi sayıla bilməz.

Media1.az