23 Dekabr 2024

Sibir xorasının ört-basdır edilməsi – Yeltsin hay-küy salmasa, faciə daha böyük ola bilərmiş

Sovet dövründə şəhər, vilayət, diyar, müttəfiq respulikaların birinci katiblərinə birbaşa baş katiblə telefon əlaqəsi yaratmaq səlahiyyəti verilməyib. Yerli katiblər müraciət etmək istədikləri məsələ ilə bağlı əvvəlcə Mərkəzi Komitənin katibləri, müvafiq şöbələrin müdirləri ilə müzakirələr aparıblar. Bu müzakirələrdən sonra “məsləhət” görülübsə, birinci katiblər baş katiblə telefonla danışa biliblər. Amma istisnalar da olub.

1979-cu ilin aprel ayında Sverdlovsk vilayət partiya komitəsinin birinci katibi Boris Yeltsin Mərkəzi Komitəyə zəng vuraraq amiranə səslə tələb edib:

– Mən Leonid Brejnevlə danışmalıyam.

images.jpg (83 KB)

Əvvəlcə Yeltsini Mərkəzi Komitənin katibi Andrey Kirilenko ilə calayıblar. Kirilenko məsələyə aydınlıq gətirməyə imkan tapmamış Yeltsin yüksək səs tonu ilə onun sözünü yarımçıq qoyub:

– Mənim sizinlə danışmağa nə həvəsim, nə də vaxtım var. Mən baş katiblə danışmalıyam.

Bununla da telefon əlaqəsini kəsiblər. İki saatdan sonra Yeltsinin kabinetindəki hökumət telefonuna zəng gəlib:

– Dəstəkdə gözləyin, indi Leonid İliç sizinlə danışacaq.

Bir neçə dəqiqədən sonra Brejnevin səsi eşidilib:

– Boris Nikolayeviç, yenə nə səs-küydür?

5364683_600.png (245 KB)

– Leonid İliç, mən Sverdlovsk vilayət partiya komitəsinin birinci katibi kimi rəsmi şəkildə sizə müraciət edirəm. Vilayətdə vəziyyət olduqca gərgindir. Artıq ikinci gündür ki, vilayət sakinləri təşviş içərisindədir. Naməlum epidemiya Sverdlovskda tüğyan edir. Xəstəxanalarda yer yoxdur. Ölüm sayı hər gün artır. Dünən Moskvadan səhiyyə nazirinin müavini Burqasov və nazirliyin baş infeksiya həkimi Nikifirov Sverdlovska gəliblər. Onlar rəsmi şəkildə bildirirlər ki, bu Sibir xorası epidemiyasıdır. Mən bu rəylə razılaşmıram. Yerli həkimlər analizlərdən, araşdırmalardan sonra mənə arayış təqdim ediblər və həmin arayışda göstərilir ki, xəstələrdə Sibir xorası yoxdur. Onların versiyasına görə, bu epidemiya vilayət ərazisindəki bakterioloji silahların hazırlandığı məxfi hərbi hissədən gəlir, virus vilayətə həmin yerdən yayılır. Dmitri Ustinovun göstərişi ilə məni həmin hərbi hissəyə buraxmırlar, DTK sədrinin müavini general Pirojkov isə mənə məsələlərə müdaxilə etməyə imkan vermir. Bu yaramazları buradan geri çağırın və təcili tədbir görülməsi üçün göstəriş verib. Əks təqdirdə xalq ayağa qalxacaq.

a7917906de020f71bdb0e6d3985a2c23234c42cf.jpeg (108 KB)

Brejnev Yeltsini çox soyuqqanlıqla dinləyib:

– Narahat olmayın, ölçü götürüləcək.

Əslində, Brejnev Yeltsinin zəngindən əvvəl vilayətdəki hadisələrdən xəbərdar olub. Baş katib özü müdafiə naziri və DTK sədrinə göstəriş verib ki, virus axınının hərbi hissədən gəlməsini gizli saxlasınlar.

загружено (1).jpg (85 KB)

Beləliklə, 1979-cu ilin aprel günlərində vilayət Moskvadan idarə olunub. Mərkəzi Komitənin katibi Mixail Suslovun imzası ilə vilayət partiya komitəsinə xüsusi təlimat gəlib. Yerli mətbuatda Sibir xorasına qarşı profilaktik tədbirlərin aparılması ilə bağlı yazıların dərc olunması göstərişi verilib. Yəni, vilayət əhalisinə epidemiyanın Sibir xorasından yaranmasını inandırmağa çalışıblar.

Vəziyyətin gərginləşməsi Sverdlovsk sakinlərini ciddi narahat edib, onlar etirazlarını bildirmək, təcili tədbir görmək tələbini hökumətə çatdırmaq üçün küçələrə çıxıblar. Sverdlovskda yerləşən daxili qoşunların hərbi hissəsi bir neçə saat ərzində bu aksiyaların qarşısını alıb.

ae5d7e622edea8e5beca582d5241c9e600c5b680_599_399_c.jpg (61 KB)

Bioloji silahların hazırlandığı məxfi hərbi hissənin zabitlərindən biri Yeltsinə gizli çəktub göndərib, epidemiyanın hansı səbəbdən yaranmasını açıq çəkildə qeyd edib. Belə ki, hərbi hissədəki tullantı zəhərli maddələr hərbi hissədən kənara, su anbarının ərazisinə atılıb və oradan su mənbəyinə sızıb ki, həmin sudan da əhali içməli su kimi istifadə edib. Bunun nəticəsi olaraq adı bilinməyən epidemiya insanları kütləvi şəkildə zəhərləyib.

Hadisələrə birbaşa nəzarət etmək üçün Mərkəzi Komitənin katibi Kirilenko başda olmaqla Sverdlovska xüsusi komissiya ezam olunub. Kirilenko Yeltsinin kabinetində birinci katibi Sibir xorasına görə bu qədər səs-küy saldığına görə qınayanda, Yeltsin iş masasının sol tərəfindəki telefonu döşəməyə çırparaq əsəblərini cilovlaya bilməyib:

HbKkG4lWbDcegQBDZRO6fvK1xm0mXv2DjfUd9uEd.jpg (66 KB)

– İnsanları aldatmaq olmaz. Ölüm sayı hər gün 10-15 nəfərə çatır. Gedin hərbi hissəni ətrafdan təcrid edin. Bunu mən etsəm qarşıdurma qaçılmaz olacaq.

Kirilenko isə bu sərt münasibətdən sonra onun üçün ayrılmış qonaq evinə istirahətə gedib.
Beləliklə, Sibir xorası adı ilə yayılan epidemiya günlər ərzində yüzlərlə insanı məhv edib. Ayrı-ayrı mənbələrdə bu 103, 205, 350 nəfər göstərilib. Sona qədər isə epidemiyanın əsl səbəbi ictimaiyyətə çatdırılmayıb.

İlham Cəmiloğlu, Musavat.com