Sentyabrın 15-dən ənənəvi tədrisə bu şərtlərlə qayıtmaq olar – Nazir AÇIQLADI
![](https://media1.az/wp-content/uploads/2021/04/8ae8c5df4776cbe9517a45030ecaaddb.jpg)
“Yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətdən Bakıda 54%-i, Sumqayıtda 69%-i, Abşeronda 60%-i, digər bölgələrdə isə 50%-i koronavirus əleyhinə peyvənd vurdurub”.
Media1.az Musavat.com-a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, bu rəqəmlər hər gün dəyişir:
“Hər hansı məktəbin işçi heyətinin 85%-dən çoxu vaksinasiya prosesindən keçibsə, həmin təhsil ocağını müəyyən mənada təhlükəsiz məktəb kimi qiymətləndirə bilərik.
Əminəm ki, təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik. Əks halda sadəcə hansısa qapanma və dalğalarla pandemiya uzun müddət davam edəcək. Ona görə də ən effektiv üsul peyvəndlənmədir”.
O həmçinin xatırladıb ki, son aylarda gündəlik yoluxanların təxminən 4-6%-ni müəllimlər təşkil edib:
“Həmin faiz sırf məktəblərdə yoluxmalarla bağlı deyil. Müəllimin də ailəsi var və ailədaxili yoluxmalar qeydə alınır. Şagird yoluxması da 6-8% təşkil edib. Bəzi məktəblərdə müəllimlər arasında kütləvi yoluxma faktları çox az hallarda qeydə alınıb və həmin təhsil ocaqları da distant tədrisə keçib”.