03 Dekabr 2024

Səməd Vəkilov Çalxanqala kəndində Qərbi Azərbaycanlılarla görüşüb – FOTOLAR

Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsini uğurla davam etdirir.

QHT.az xəbər verir ki, Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin sədri araşdırmaçı-hüquqşünas Səməd Vəkilov layihə çərçivəsində Qərbi Azərbaycanın müxtəlif bölgələrindən Kəngərli rayonun  Çalxanqala kəndinə köçmüş əhali ilə bağlı araşdırma aparmaq üçün Çalxanqala kəndində əhali ilə görüş keçirmişdir. Görüş barədə məlumat verən S.Vəkilov bildirib ki, görüşün məqsədi Qərbi Azərbaycandan öz doğma yurd-yuvalarında min bir məşəqqətlə köçmüş əhalinin şəxsi hekayələrini toplamaqdır. 

Qeyd edək ki, Çalxanqala kəndi Kəngərli rayonu eyniadlı inzibati ərazi vahidində yerləşir. Kənd Cəhri çayının sağ sahilində, Dərələyəz silsiləsinin ətəyindədir. XIX əsrdə gəlmə ermənilər orada yerləşdirildikdən sonra 1990-cı ilədək Əznəbirt (türkcə “yüksək qala”) adlandırılmışdı. 1990-cı ildən kənd yaxınlığındakı tunc dövrünə aid iri qaya daşlarından tikilmiş Çalxanqala adlı qalanın adı ilə adlandırılmışdır.

S.Vəkilovun sözlərinə görə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, doxsanıncı illərin əvvələrindən Çalxanqala kəndinə Qərbi Azərbaycanın müxtəlif bölgələrindən köçən əhalinin say tərkibi aşağıdakı kimidir. 

Dərələyəz mahalı

Gomur           98 ailə   346 nəfər

Gabud           48 ailə   154 nəfər

Axta              3 ailə     19 nəfər

Zeytə              57 ailə   250 məfər

Gülüstan        66 ailə    240 nəfər

Kotanlı            3 ailə     11 nəfər

Amağu         72 ailə   267 nəfər

Gədikvəngi      48 ailə   171 nəfər

Ələyəz            10 ailə     37 nəfər

Qovşuq           3 ailə     10 nəfər

Ağkənd          21 ailə    87 nəfər

Hors               2 ailə     7 nəfər

Qaraqaya       8 ailə      29 nəfər

Qabaxlı          5 ailə       16 nəfər

Çivə                9 ailə       29 nəfər

VEDİBASAR  

Şidli               19 ailə      62 nəfər

Armaş           18 ailə       81 nəfər

Dəvəli            35 ailə       145 nəfər

QARKİLSƏ

Murxuz          3 ailə           8 nəfər     

KƏVƏR        2 ailə           4 nəfər

S.Vəkilov sözlərinə görə artıq Çalxanqala kəndində formlaşmış infrastruktur mövcuddur. Kəndə icra nümayəndəliyi, tam orta məktəb, rabitə evi, kənd mərkəzi, xəstəxana , mədəniyyət kulubu, sahibkarlıq subyektləri eyni zamanda 1 sentyabr 1993-cü  tarixindən musiqi məktəbi fəaliyyət göstərir. Musiqi məktəbinin nəzdində “Dərələyəz xalq çalğı alətləri ansanbılı”, “Göyçə saz çalanlar ansanbılı” “Yallı qrupu” “Nağara çalanlar ansanbılı” mövcuddur. Musiqi məktəbinə 2022-ci ildən Yusifova Zeynəb Vəzir qızı rəhbərlik edir.

Qeyd edək ki, görüşdə layihə iştirakçıları və Qərbi Azərbaycan İcmasının Kəngərli üzrə nümayəndəsi Ələsgər Haqverdiyev və Keşkənd rayonu Çivə icmasının rəhbəri Möhübbət Səmədoğlu da iştirak ediblər.

Xatırladaq ki, layihə çərçivəsində Qərbi Azərbaycandan Çalxanqala kəndinə köçən əhali ilə bağlı kitab nəşr ediləcək.Odur ki, Çalxanqala sakinlərindən xahiş olunur ki, öz şəxsi hekayələrini və bioqrafiq məlumatlarını layihə rəhbəri S.Vəkilovun elektron poçtuna (svekilov@yahoo.com) göndərsinlər.

Fotolar