23 Dekabr 2024

Şəhid Taleh Namazovun doğum günündə xatirəsi anılıb FOTOLAR

Ağstafa rayonunda Vətən müharibəsi şəhidi Namazov Taleh Zülfəli oğlunun doğum günündə əziz xatirəsi yad olunub. İlk olaraq Ağstafa şəhərində şəhid Taleh Namazovun adına verilən küçədə barelyefinin açılışı olub. Açılış mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin, YAP Ağstafa rayon təşkilatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Daha sonra Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağstafa nümayəndəliyinin, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri, qazilər, Ərazi Partiya Təşkilatının üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət ediblər, məzarı önünə gül dəstələri düzüblər və ruhuna dualar oxuyublar. Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərin məzarları da ziyarət olunub, məzarları önünə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.

Daha sonra tədbir iştirakçıları şəhid Taleh Namazovun ailə üzvlərini ziyarət edərək, onların qayğıları ilə maraqlanıblar, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Taleh Namazov 2020-ci il sentyabr ayının 30-da Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.