23 Dekabr 2024

Şəhid Calal Calalzadənin doğum günü qeyd edilib-Bərdədə

Azərbaycan ordusunun əsgəri Calal Calalzadə 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın  ərazi bütövlüyünün bərpa olunması üçün başlanan ölüm-dirim müharibəsi  zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Calal Calalzadə oktyabrın 3-də ağır Suqovuşan döyüşləri zamanı şəhid olub. 

Azərbaycanın  ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Calal Calalzadə ölümündən sonra ” Vətən uğrunda”medalı, Ali Baş Komandanın 24 iyun 2021-ci il tarixli digər bir sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı  ilə təltif edilib.

Media1.az xəbər verir ki, oktyabrda şəhadətə yüksələn Calal Calalzadə həm də bu ayda dünyaya gəlib. Şəhid Calal Calalzadə 1993-cü ilin oktyabrın 17-də Bərdə rayonunun Mustafaağalı kəndində anadan olub. Həmin illərdə şəhidin atası Qaryağdı Musayev də Azərbaycanın müstəqilliyi, azadlığı, dövlətləşməsi uğrunda fədakarlıqla mübarizə aparırdı. Qaryağdı müəllim Mustafaağalı kənd məktəbində müəllim işləyirdi. Müəllim, ziyalı kimi də vətən uğrunda mübarizəyə qoşulmuşdur. Çox təəssüflər ki, Azərbaycanın bü gününü , işğal altında olan torpaqlarımızın, Şuşamızın, Kəlbəcərimizin, Ağdamımızın, Füzulimizin, Cəbrayılımızın, Qubadlımızın, Zəngilanımızın azad olunduğunu görməyə Qaryağdı müəllimin ömrü vəfa etmədi. Və bu günü tarixə çevirənlər arasında onun cəsur, qəhrəman oğlu Calal Calalzadə oldu.

Oktyabrın 17- də Calal Calalzadənin doğum günü, onun 28 yaşı doğulub, boya başa çatdığı ata yurdunda qeyd edilib.

Əvvəlcə, Calal Calalzadənin Mustafaağalı kənd qəbristanlığındakı məzarı ziyarət olunub.

Çoxlu sayda kənd sakini, Calal Calalzadənin ailə üzvləri, yaxın qohumları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Bərdə rayon şöbəsinin sədri Etibar xanım Hüseynova , Boyəhmədli Bələdiyyəsinin sədri Elxan Vəliyev, Bərdə RİH-nin Mustafaağalı İƏD üzrə nümayəndəsi Qəhrəman Zeynalov şəhid Calal Calalzadənin məzarına baş çəkiblər. Şəhidin qəbrüstü abidəsinə gül dəstələri qoyublar.

Sonra Şəhid Calal Calalzadənin ad gününə görə qonaqlar ata yurduna toplaşıblar.Şəhid haqqında ürək sözlərini bölüşüblər.

Media1.az