10 Avqust 2025

Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı hər zaman dövlətimizin əsas prioriteti olub.

“Şəhid ailələrinə qayğı!” aksiyası YAP Goranboy rayon təşkilatı tərəfindən uğurla davam etdirilir

  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev banisi və qurucusu olduğu müasir, müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunacağına, torpaqlarımızın işğaldan azad ediləcəyinə, ölkəmizin dünyanın ən inkişaf etmiş, qüdrətli dövlətlərindən birinə çevriləcəyinə öz varlığı qədər inanırdı və həmişə xalqımızı bu yolda səfərbər olmağa çağırırdı. Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi: “Mən qələbəmizə inanıram. Qələbəni biz birlikdə təmin etməliyik. Bu nurlu günün yaxınlaşmasına, ordumuza hər kəs əlindən gələn köməkliyi göstərməlidir. Hər birimiz, sizinlə birlikdə mən də, Vətən yolunda, xalqımızın gələcəyi naminə özümüzü qurban verməyə hazır olmalıyıq”.

Ümummilli liderin bu fikirləri cənab İlham Əliyevin məqsədyönlü, inamlı, səfərbəredici fəaliyyəti nəticəsində həyata keçdi, torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlü­yü təmin olundu və müqəddəs üçrəngli bayrağımız bu gün Vətən torpağının hər yerində dalğalanmaqdadır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı zəfər qazanan qüdrətli Azərbaycan Ordu­sunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Bu qəbildən olan vətəndaşlarımızın sosi­al müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən komp­leks tədbirlər bunun bariz nümunəsidir. Xüsusilə qeyd olunmalıdır ki, hazırda dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə çətinliklərinin olması­na baxmayaraq Azərbaycanda bu işlər uğurla davam edir.

   Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətidir. Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən silsilə fərman və sərəncamlar imzalanır.

   Prezident İlham Əliyevin müvafiq fərmanı ilə “YAŞAT” Fondunun yaradılması bu kateqoriyadan olan insanlara qayğını daha da gücləndirir. Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyənləşdirilən hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad edilən ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən zərər çəkən dövlət qurumlarının əməkdaşlarına, həlak olan əməkdaşların ailə üzvlərinə müvafiq yardımlar göstərir.

Bütövlükdə, bu Fondun yaradılması Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban verən hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir. Cənab Prezidentin müvafiq sərəncamı ilə şəhid ailələri və Qarabağ əlillərinin problemlərinin həlli ilə bağlı yerli icra hakimiyyəti orqanlarında müvafiq şöbə yaradılıb. Bu addım da onların sosial məsələlərinin həllinin daha çevik formada həll edilməsinə xidmət edir.

Bütövlükdə, ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, ordumuzun qalib əsgərləri Yeni Azərbaycan Partiyasınında xüsusi diqqət mərkəzindədir. Partiya tərəfindən həyata keçirilən “Şəhid ailələrinə qayğı!” aksiyası YAP Goranboy rayon təşkilatı tərəfindən uğurla davam etdirilir. Rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət edir, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə, sağlamlığını itirən qazilərimizə xüsusi diqqət və qayğının artırılması istiqamətində gündəlik fəaliyyət göstərirlər.

Belə görüşlərin əsas məqsədi Vətən müharibəsində övladlarını, ailə başçılarını, qardaşlarını itirmiş ailələrin sosial vəziyyətini diqqət mərkəzində saxlamaq, onların rifah halının YAP sədri İlham Əliyevin daim diqqət mərkəzində olduğunu diqqətə çatdırmaqdır.

Baş çəkdiyimiz hər bir şəhid ailəsi dövlətimizdən, xalqımızdan razılığını bildirir, cənab Prezidentimiz İlham Əliyevə və Heydər Əliyevə Fondunun prezidenti Mehriban xanım Əliyevaya göstərilən yüksək diqqətə və qayğıya görə minnətdarlığını çatdırır.

Həsən Şirinov – Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı