23 Dekabr 2024

Səfirlər Kəlbəcərdə heyrətə gəlib – Başlıbel qətliamının şahidindın açıqlama

“Onlar həm təəssüflərini, heyrətlərini ifadə edirdilər, həm də Kəlbəcərin təbiətinə heyran qaldıqlarını, bu rayonun təbii sərvətlərinin çox böyük potensialının olduğunu deyirdilər”

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirlərinin, hərbi attaşelərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin, ümumilikdə 50-dən artıq ölkədən 80-dən çox şəxsin mayın 31-də azad olunmuş Kəlbəcər rayonuna səfəri olub. Səfər çərçivəsində diplomatik korpus nümayəndələri “Kəlbəcər-1″ Su Elektrik Stansiyası, yeni inşa edilən Murovdağ tuneli, rayon mərkəzində Bayraq meydanı, Tarix-diyarşünaslıq muzeyi, Qədim daş heykəlləri, Şahmat məktəbinin binası və ”İstisu” sanatoriyasını ziyarət ediblər.

Azərbaycanda akkreditə olmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Kəlbəcər səfəri çərçivəsində ermənilər tərəfindən törədilən “Tunel qırğını” baş verən ərazidə də olublar.

Musavat.com xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev nümayəndə heyətinə Kəlbəcər-Laçın yolundakı məşhur tuneldə 1993-cü ilin 31 martında ermənilərin dinc sakinlərə qarşı həyata keçirdiyi qətliam barədə, həmçinin 18 aprel 1993-cü ildə Kəlbəcərin Başlıbel kəndində kənd sakinlərinə qarşı törədilən qətliam haqda məlumat verib.

Səfərdə “Tunel qırğını”nın şahidi Ramil Hüseynov, Başlıbel qətliamının canlı şahidi, 16 yaşında 113 gün ailəsi ilə birlikdə mühasirədə yaşamış Habil Ələsgərov və həmin hadisələrlə bağlı sənədli filmlərin, araşdırmaların müəllifi, tanınmış jurnalist Vüsalə Məmmədova da iştirak edib. Adıçəkilən şəxslər də öz növbəsində diplomatlara tunel qırğını, Başlıbel qətliamı barədə canlı şahid olaraq gördükləri, araşdırmaları barədə məlumat veriblər.

Başlıbel qətliamının şahidi Habil Ələsgərov “Yeni Müsavat”a öncə bildirdi ki, bu, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirlərinin, hərbi attaşelərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin azad edilmiş Kəlbəcərə ilk səfəri idi. Son dərəcə vacib əhəmiyyəti olan səfər yüksək səviyyədə təşkil edilmişdi: “Prezidentin köməkçisi cənab Hikmət Hacıyev diplomatlara çox ətraflı məlumatlar verdi. Kəlbəcər rayonu, bu rayonun Ermənistan tərəfindən işğal edilməsi, işğal zamanı Ermənistan silahlı qüvvələrinin dinc mülki sakinlərə qarşı həyata keçirdiyi amansız qırğınlar, Kəlbəcəri tamamilə talan etmələri, hətta 2020-ci ildə Kəlbəcəri tərk edən zaman da salamat qalan az sayda evləri yandırdıqları, təbiətə qarşı da amansız davrandıqları haqda faktlara əsaslanan məlumatlar verdi. Qonaqlar bu məlumatlara çox diqqətlə qulaq asırdılar və heyrətə gəldikləri açıq hiss edilirdi. Onlar Kəlbəcər rayonunun yerlə-yeksan edildiyindən, bir dənə də olsun evin salamat qalmadığından heyrətə gəldiklərini gizlətmirdilər. Erməni vandalizminin ”əsəri” səfirlərin gözləri önündə idi. Onlar həm təəssüflərini, heyrətlərini ifadə edirdilər, həm də Kəlbəcərin təbiətinə heyran qaldıqlarını, bu rayonun təbii sərvətlərinin çox böyük potensialının olduğunu deyirdilər. Səfər həm də bu mənada vacib əhəmiyyətli idi. Habelə Kəlbəcəri tanıtmağa xidmət etdi. Mən Prezident İlham Əliyevə və cənab Hikmət Hacıyevə buna görə bir kəlbəcərli kimi minnətdarlığımı bildirirəm”.  

Habil Ələsgərov qeyd etdi ki, şahidi olduğu Başlıbel qətliamı haqda diplomatik korpus təmsilçilərinə məlumat verib: “Mənim və tunel qırğınının şahidi Ramil müəllimin canlı şahidlər olaraq orada iştirakımız və başımıza gələn müsibətlər barədə, şahidi olduğumuz qanlı qətliamlar haqqında verdiyimiz informasiyalar da diplomatların marağına səbəb oldu. Vüsalə xanım Məmmədova isə qonaqları ”Əsir düşərgəsi” hekayələri ilə tanış etdi, xüsusilə də Kəlbəcər qırğınlarından bəhs etdi, tunel qırğını və Başlıbel qətliamı barədə araşdırmalarından danışdı.

Diplomatlar mənə, Ramil Hüseynova ölümdən xilas olmuş, sanki ölüb dirilmiş şəxs kimi maraqla baxırdılar, hətta ətrafımıza toplanıb heyrətlə reaksiya verdiklərini müşahidə etdim. Mən Ermənistan silahlı qüvvələrinin 80-dən yuxarı yaşı olan, iki ayağını İkinci Dünya müharibəsində itirən Hüseyn Səlimovu diri-diri yandırdıqları, yaşlı xəstə insanları gözlərimin önündə güllələdikləri, uşaqları güllələdikləri, 113 gün mühasirədə hansı məşəqqətləri yaşadığımız, 80 yaşlı babam Ələsgər Kazımovun doğma torpağını tərk etməyib Başlıbeldə qaldığı, onun öldürüldüyü, yoxsa əsir götürüldüyü haqda hələ də heç bir xəbər olmadığı haqda danışdım. Dünyanın erməni vandalizminə qiymət verməsini gözlədiyimizi, tələb etdiyimizi bildirdim”.

Habil Ələsgərov onu da dedi ki, Başlıbelə gedən yolun çaydan keçən hissəsinin çoxluğu və selin bu yolları dağıtması səbəbindən diplomatik korpus təmsilçilərinin Başlıbel qətliamı törədilən əraziyə getmələri öncədən nəzərdə tutulmayıb: “İnanıram ki, yaxın gələcəkdə həmin yoldakı problemlər tam aradan qaldırılacaq və diplomatik korpus təmsilçilərinin Başlıbel qətliamı olan əraziyə səfəri həyata keçiriləcək. Bu zaman diplomatlar erməni vandalizminin daha dəhşətli izlərinin şahidi olacaq, qətliam qurbanlarının məzarlarını ziyarət edəcəklər”.