Səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq
Ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır.
Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər. Bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır. Ona görə ki, Tacikistan bizə yaxın ölkədir və sabitlik hökm sürən ölkədir.
Hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılıq əldə olunub. Hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verilmiş bütün tapşırıqlar yerinə yetiriləcək. Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər.
Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır.
Tacikistandan olan 50-yə yaxın kursant bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Tacik tələbələrin sayının artırılmasına şərait yaradılmasına dair qərar qəbul olunub. Azərbaycanlı tələbələr də böyük sevinc və istəklə Tacikistanda təhsil ala bilərlər.
Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi