24 Dekabr 2024

Savaş qapıda: İrəvan Bakı ilə anlaşmasa… – ABŞ-dan müharibə xəbərdarlığı

Ermənistan Azərbaycanın sonuncu “qırmızı xətt”ini də keçmək üzrədir; Paşinyanın sülh müqaviləsindən yayınmasının əsas səbəbi; Amerikadakı “beyin mərkəzi”: “Danışıqlar dalana dirənib, vəziyyət yenidən kəskinləşə bilər…”

Ermənistanın baş naziri Nikol Paşinyan özünün iki ildir bitməyən sülh oyunları sayəsində ilkin hədəfinə çatmış kimi görünür: 2022-ci ilin sonunadək böyük ehtimalla Azərbaycanla sülh müqaviləsi imzalanmayacaq. Lakin bu, nə Nikol və komandasına, nə də ümumən onun xalqına yaxşı heç nə vəd eləmir. Yəni bu, onlardan ötrü sevindirici xəbər sayılmaz. Çünki bir çox erməni təhlilçilərinin də vurğuladıqları kimi, bölgədə yeni müharibə riski sürətlə artmaqdadır.

Məntiqlidir, ona görə ki, sülhün alternativi həmişə müharibədir. Bakının ilyarımdır təklif elədiyi, Ermənistan iqtidarının və Qərbin (Avropa İttifaqı və ABŞ) də etiraz eləmədiyi 5 məlum prinsip əsasında iki qonşu ölkə arasında böyük sülh sazişi imzalanmayınca, aydındır ki, müharibə daim qapını kəsdirəcək. Bu mənada artıq “İstənilən pis sülh müharibədən yaxşıdır” deyimi də işə yaramır və İrəvanda arxayınlıq yaratmamalıdır. Nədən ki, zaman ən çox elə kapitulyant ölkənin ziyanına işləyir.

Qısası, müxtəlif bəhanələrlə, o sırada Fransanın qatı ermənipərəst prezidenti Emmanuel Makronu daimi əsasda, süni şəkildə danışıqlar prosesinə qoşmaqla sülh müqaviləsini əngəlləmək İrəvan üçün diplomatik uğur hesab oluna bilməz.

Bəs daxili və xarici amilləri də nəzərə almaqla N.Paşinyan iqtidarını bu minvalla nə gözləyir, Nikol nəyə arxayındır, vaxtı o daha nə qədər uzada bilər? Limiti qalıbmı?

“Əslində indi vəziyyət çox sadədir. Ermənistan rəhbərliyi, başda Nikol Paşinyan olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bəlkə də Paşinyan bunu istəyir. Bu addımı atsa, onu hakimiyyətdən devirmək riski çox yüksək olar”.

Zərdüşt Əlizadə: “Paşinyan müharibəni qəsdən uduzur”

Zərdüşt Əlizadə

“Yeni Müsavat”ın məlumatına görə, bunu politoloq Zərdüşt Əlizadə Teleqaraf.com-a müsahibəsində deyib. 

Onun sözlərinə görə, Paşinyana qarşı hərbi çevriliş və terror da ola bilər. “Çünki Ermənistan tərəfi xoşluqla razılaşmaq istəmir ki, Qarabağ Azərbaycandır! Ona görə də Nikol maksimum vaxtı uzatmağa çalışır. Düşünürlər ki, hansısa bir şərait, yeni bir hadisə dəyişiklik yarada bilər. Bu da ən çox Rusiyanın Ukraynadakı məğlubiyyətinə bağlıdır. Bununla da ruspərəst qüvvələr Ermənistanda öz gücünü itirmiş olacaq. Onlar da razılaşacaqlar ki, Qarabağ Azərbaycan torpağıdır. Bunun əksinə bir hadisə baş versə, Rusiya əvvəlki kimi Cənubi Qafqazı nəzarətdə saxlamağa çalışacaq”, – deyə o qeyd edib.

Beləcə, Əlizadənin fikrincə, Azərbaycan ərazisində rus sülhməramlılarının bölgədəki mövcudluğu davam edəcək: “Bu, əslində Ermənistana sərf edir. Çünki onlar bununla vaxt qazandıqlarını düşünürlər. Azərbaycan isə tələsir ki, Ermənistanla sülh müqaviləsi imzalasın və Qarabağın öz ərazisi olduğunu qəbul etdirsin”.

Bu arada ABŞ-dakı Stratfor “beyin mərkəzi” – özəl kəşfiyyat və analitik şirkətinin ekspertləri Azərbaycan və Ermənistan arasında yeni hərbi toqquşma haqda xəbərdarlıq ediblər.

“Azərbaycan-Ermənistan sərhədində və ya Azərbaycanın Qarabağ bölgəsində eskalasiya riski var. Bakı ilə İrəvan arasında danışıqlar dalana dirəndikdən sonra vəziyyət təzədən kəskinləşə bilər”. Amerikalı analitiklərin qiymətləndirməsinə görə, qarşıdurmanın yeni dalğası bu ilin sonuna qədər sülh danışıqlarında irəliləyişi daha az ehtimallı edəcək.

Bu qənaətlə razılaşmamaq çətindir. Gerçək belədir ki, rəsmi İrəvanın sülh danışıqları ilə bağlı məsuliyyətsizliyi fonunda Qarabağ anklavındakı separatçılar da son vaxtlar xeyli fəallaşıb, ağzınlaşıblar. Artıq elə gün olmur ki, Ermənistanla sərhəd məntəqələrimizlə yanaşı, Qarabağda yerləşən mövqelərimiz də intensiv atəşə tutulmasın. Özü də baş verənlərdə Rusiya “sülhməramlı” kontingentinin əli olduğu getdikcə daha qabarıq şəkildə görünməkdədir.

Müdafiə Nazirliyi Rusiya MN-ə yenidən cavab verdi

Bunu Rusiya Müdafiə Nazirliyinin son vaxtlar yaydığı təxribatçı bülletenlərdən də görmək olar. Harada ki, silahlı erməni quldur dəstələri həyasızcasına artıq legitim hərbi birləşmələr – “erməni hərbi birliklər” kimi göstərilir. Bu birliklər çoxdan tərk-silah edilmək əvəzinə! Həmçinin rəsmi Bakının, Müdafiə Nazirliyimizin sərt etirazları neçə vaxtdır qulaqardı edilir, Azərbaycan dövlətinin mövqeyi ciddiyə alınmır.  

Bu da diqqətçəkicidir ki, rusiyalı erməni oliqarx, Moskvanın tulası Ruben Vardanyan qanunsuz şəkildə Qarabağda peyda olandan sonra və təbii ki, Rusiya “sülhməramlı” qüvvələrinin dəstəyi ilə separatçı-kriminal ünsürlər özlərini daha sərbəst, daha rahat, daha cəzasız hiss eləməyə başlayıblar. Separatçılar üçün hətta Laçın yolu ilə Ermənistandan ağır hərbi texnika daşınmağa başlanması barədə Azərbaycanın əlində ciddi faktlar, kəşfiyyat məlumatları var və bir neçə gün öncə bu haqda rəsmən bəyan da edildi (Azərbaycan DTX-sı sədrinin 1-ci müavini general-leytenant Ceyhun Şadlinskinin açıqlaması).

Demək, Bakının hərbi gücə əl atması qaçılmaza çevrilir. Azərbaycan sərt xarakterli cavab tədbirlərinə getmək zorundadır, çünki Ermənistan bizim üçün sonuncu “qırmızı xətt”i də keçmək üzrədir…