Salyan sakinindən 10 kq narkotik götürülüb
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “İki sahil”ə verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Kərimbəyli kənd sakini Sadiq Rəhimov şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı ünvana keçirilən baxış zamanı evin dam hissəsindən təmiz çəkisi 10 kilo 85 qram olan 104 ədəd sellofan bükümdə qablaşdırılmış marixuana və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı S.Rəhimov bir müddət öncə yaşadığı evin həyətyanı sahəsində 80 ədəd narkotik tərkibli bitkilər yetişdirdiyini, daha sonra isə onları qurudaraq satış məqsədi ilə sellofan torbalarda qablaşdırdığını etiraf edib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.