Ruslara Şengen “haram” buyuruldu
Estoniya və Finlandiya Rusiya ilə sərhədləri qapadır – yeni savaş başlayır?
“Şengen zonası ölkələri” ortaq qərar verərək, ruslara viza verilməsini 10 dəfə azaldıblar. Bu məsələdə daha çox Rusiya ilə qonşu olan Finlandiya və Estoniya irəlidə gəlir.
Ruslara Şengen vizası verilməməsi ideyasının fəlsəfəsi bundan ibarətdir ki, sıravi ruslar Putinin aqressiv və işğalçı siyasətinə, Ukraynada aparılan dəhşətli müharibəyə etiraz etmirlər.
Lakin bu iddianın əleyhidarları da vardır. Bir sıra Avropa İttifaqı liderləri deyirlər ki, Rusiyadan Şengen zonasına can atan ruslar aparılan siyasətdən və despotizmdən qaçırlar, azadlığa can atırlar və onlara bu şansı vermək lazımdır.
Lakin bu cür tolerant çağırışlar nəticə vermir və rusiyalılara Şengen vizası verilməsi sürətlə məhdudlaşdırılıb. Hətta Almaniya kansleri Olaf Şolts təklif edir ki, Rusiya vətəndaşlarına Şengen ölkələrinə viza verilməsi tamamilə kəsilsin. Bu ideyanın tərəfdarlarından biri də Finlandiyadır.
Bu prosesin fonunda Estoniyanın Rusiya ilə quru sərhədlərini bağlaması diqqəti çəkir.
Musavat.com xarici mətbuata əsasən bildirir ki, Estoniya hökumətinin “Narva-İvanqorod” keçid məntəqəsində Rusiya ilə quru sərhədini bağlaması vəziyyəti xeyli gərginləşdirib.
“Novosti Delfi” portalı məlumat yayıb ki, Estoniya sərhədçiləri Rusiyadan gələn insanları, o cümlədən rusdilli Estoniya sakinlərini buraxmırlar.
Bunu bəzi şərhçilər rus agentura şəbəkəsinin ölkəyə girişinin və əlaqələr qurmasının əngəllənməsi kimi də qiymətləndirir.
Məsələnin formal bəhanəsi isə sadədir – Estoniya hökuməti Tallinin mərkəzindəki sovet tankının abidəsini sökmək qərarı alıb və həmin tankı muzeyə göndərib. Rusiya bu amildən istifadə edərək, Estoniyanı daxildən qaynatmağa, qarışdırmağa çalışır.
Bunu nəzərə alan eston iqtidarı isə kənardan gələ biləcək təxribatçıları önləmək üçün quru sərhədlərini qapadıb.
Dünən gecə saatlarında sərhədin qismən açılması haqqında xəbərlər yayıldı. Lakin bu da yaranan gərginliyi və qarşıdurmanı səngitmədi. Üstəlik, xəbər və siyasət məkanında Ukraynadan sonra Rusiyanın Baltikyanı ölkələrlə də müharibəyə başlayacağı haqda anonslar çoxdan dolaşmaqdadır və bunlar tamamilə ciddi bir əsasa dayanır. Bir sıra ekspertlər Rusiyanın Ukrayna ilə paralel, yaxud Ukraynada hər hansı pauza əldə edib, Baltikyanı ölkələrə hücum edə biləcəyindən ciddi-ciddi danışmaqdadırlar. Kremlin “propoqanda bayquşları”ndan olan Solovyov isə açıq şəkildə çağırış edib ki, Rusiya Estoniya və digər Baltik ölkələrinə hərbi müdaxilə etməlidir. Bütün bunlar real görünürmü? Rusiyanın buna gücü, imkanları varmı? Yeni müharibə istiqaməti baltiklər ola bilərmi?
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a deyib ki, Estoniya və digər Baltikyanı dövlətlərin Şengen vizası ilə bağlı Rusiya vətəndaşlarına tətbiq etdiyi məhdudiyyətlər barədə qərarı haqlıdır: “Rusiya vətəndaşlarının əksəriyyəti Putinin barbar, işğalçı imperiya siyasətini dəstəkləyirlər. Və bu düşüncə sahibləri Avropa dövlətlərinə gedib-gəlmək istəyirlər. Rusiya Ukraynada genosid törədir, insanlığa qarşı ən böyük cinayətlərdən hesab edilən hərbi cinayətlər törədir. Beynəlxalq təhlükəsizlik üçün ciddi təhdidlər yaradır. Müasir sivilizasiyamızın mövcudluğunu nüvə silahı ilə təhdid edir. Zombiləşmiş, imperiya hissləri ilə qərar verən ruslara qarşı belə bir qərarın qəbul edilməsi tamailə qanunauyğun görünür. Mədəni Qərblə barbar, imperiyapərəst ruslar arasında böyük fərqlər yaranıb. Onların mədəni cəmiyyətə inteqrasiyasının mümkün olmayacağı haqda fikirlər də yersiz görünmür”.
Politoloq deyir ki, Rusiya hərtərəfli şəkildə özünü dünyadan təcrid vəziyyətinə salıb: “Solovyovlar, simonyanlar, digər propoqandistlər boş-boş danışırlar. İndi də bağırırlar ki, Estoniyaya hücum etmək lazımdır. Estoniya nə deyir ki? Deyir mən siz tərəfə gəlmirəm, sizin də biz tərəfə gəlməyinizi istəmirəm. Estoniya faktiki olaraq rus xalqını ayıltmağa çalışır. Bu cür təhlükəli siyasətin tənqid olunması üçün rus xalqını silkələyir. Bunun qarşılığında Solovyov kimi provokator Estoniyaya müharibə elan olunmasını tələb edir. Bu cür çağırış Rusiyanın məhvi deməkdir. Estoniya NATO üzvüdür və ona qarşı atılan addım NATO ölkələrinə qarşı atılan addımdır. Bunu solovyovlar dərk etməyə çətinlik çəkirlər. NATO-Rusiya toqquşması olsa, Rusiyanın Ural dağlarına qədər rayon və şəhərləri yerlə bir olar. Rusiyanın solovyovları və başqaları nə deməklərindən asılı olmayaraq yeni müharibəyə baş vurmaları mümkün deyil. Rusiya faktiki Ukraynada özünü bütün mənalarda məğlub duruma saldı. Hərbi uğursuzluğa düçar olublar, iqtisadiyyatları çöküb, ölkə sürətlə qapanmaya gedir. Rusiya tezliklə Ukraynadan çıxmasa, daha fəlakətli durumla üzləşəcəklər”.
Üzeyir Cəfərov
Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, hazırda Rusiya çox ağır iqtisadi-siyasi bir duruma düşüb: “Bunun səbəbini də özündə axtarmalıdır. Bir səhv və kobud qərara görə bu gün hazırkı acınacaqlı vəziyyətlə baş-başadır. Vəziyyət yaxın 2-3 ay ərzində daha da kritik hal alacaq. İlin sonunda Rusiya üçün faciəvi bir sonluq artıq görünməkdədir. Rusiya artıq tətbiq olunan embarqoların dadını görür. Onun Estoniya və Baltikyanı dövlətlərə hədə-qorxu gəlməsi gülünc görünür. Kobud səslənsə də, ”it hürür, həm də quyruq bulayır”. Rusiyanın üzləşdiyi fiaskonun səbəbi suveren dövlətə qarşı işğalçı müharibədir. Solovyovlar, simonyanlar və digər Kreml dilləri aldıqları çoxsaylı qonorarların, orden-medalların təsirindən eyforiyadadırlar və nə baş verdiyini düzgün anlaya bilmirlər”.
Hərbi ekspert deyir ki, bu gün Krımdakı panik əhval-ruhiyyə bütün Rusiyanı bürüyəcək: “İnsanlar Krımdan qaçırlar. Panikanın qarşısını almaq mümkün olmur. Rusiya kimi bir böyük dövlətin müdafiə naziri, hansı ki, SSR-nin bərpası yönündə bəyanatlar verirdi, indi deyir ki, bizim çox etibarlı dostlarımız var. Və Sergey Şoyqu etibarlı dost-tərəfdaşlarını sadalayır: ÇAD, Cənubi Afrika, Eriteriya və Afrikanın digər ölkələrinin adını çəkir. Bu açıqlamaya gülmək və ya ağlamaq lazımdır, bunu da demirlər. Dünyanın 2-ci nüvə dövləti özünü dünyanın da deyil, Afrikanın geridəqalmış ölkələri ilə bir sırada görür. Bu düşüncə ilə durumları daha da kritikləşəcək. Artıq Rusiyanın özündə də böyük əksəriyyət anlayır ki, vəziyyət daha da ağırlaşacaq. 1 gündə Rusiyanın 2 təyyarəsi qəza enişi edir və məlum olur ki, birinin qanadı sınıb, digərinin mühərriki sıradan çıxıb. Sadəcə, təyyarələri təmir etmək üçün ehtiyat hissələri yoxdur. Az qala ərazisinə görə dünyanın yarısını tutan bir dövlət bu gün acınacaqlı durumdadır. Sanksiyalar öz nəticəsini kəskin şəkildə göstərir. Rusiya terrorist və şovinist iddialarından əl çəkməlidir ki, vəziyyət haradasa dəyişsin”.
Politoloq deyir ki, Kreml propoqandistlərinin hay-küylü çıxışlarına baxmayaraq Rusiyanın Estoniya və Baltikyanı dövlətlərə hücum etmək üçün artıq taqəti qalmayıb: “Estoniya və Baltikyanı dövlətlərə hücum, müharibə planları da indidən məhvə məhkumdur. Rusiya rəhbərliyi Ukraynada hərbi uğurdan danışarkən Xerson vilayətini götürmələri ilə qürrələnirdi. Artıq hərbi komandanlıq Xersondan qaçmağa üstünlük verir. Rusiya həmin əraziləri böyük itkilər – canlı qüvvə və hərbi texnika hesabına əldə etmişdi. İndi isə həmin əraziləri də əldən verməkdədir. Rusiya 19-20-ci əsrin hərbi taktikasından istifadədən əl çəkmir. Bu taktika çox köhnəlib. Bu gün çox böyük sayda hərbçini dronların, müasir silahların qabağına verməklə müharibədə nəyəsə nail olmaq mümkün deyil. ABŞ-da istehsal olunan HIMARS (High Mobility Artillery Rocket System) raketi bir neçə saniyəyə batalyonu məhv etmək iqtidarındadır. Rusiya zamanı və gücünü düz hesablamadı, yekəxanalığının qurbanı oldu. Rusiya nəinki yeni müharibə aparmaq iqtidarında deyil, yaxınlarda çox acı məğlubiyyətlə Ukraynanı tərk etmək məcburiyyətində qalacaq”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”