22 Dekabr 2024

Ruslar Xersonu belə “tərk edir” – SENSASİON AÇIQLAMA

“Rusiya hərbçiləri hazırda Xersonu Ukrayna qoşunlarına təhvil vermək fikrində deyillər, üstəlik, şəhəri müdafiə etməyə hazırlaşırlar”.

Musavat.com xəbər verir ki, bu sözləri Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov “Ukrayinska Pravda”ya müsahibəsində deyib.

Qeyd edək ki, işğal altında olan Xersonda Rusiya hərbçiləri cəbhədəki vəziyyətə istinad edərək, onun sağ sahil hissəsini, o cümlədən Xerson şəhərinin sakinlərini Dnepr çayının sol sahilinə getməyə çağırır. Rusiya qruplaşmasının komandiri general Sergey Surovikin də Xersonla bağlı “çətin qərarlar” verilə biləcəyini söyləyib. Rusiya dövlət qurumları Xersondan təxliyə edilib. Bir sıra şərhçilər bu addımları rus hərbçilərinin sol sahilə geri çəkilməsinə hazırlıq kimi qiymətləndirirlər.

Lakin Budanovun sözlərinə görə, Surovikinin və digər Rusiya nümayəndələrinin sözləri, hərəkətləri, həqiqətən də şəhərin təslim olmağa hazırlaşması dezinformasiyadır və bir çox aspektdən bu, bir informasiya əməliyyatı və manipulyasiyadır.

Baş Kəşfiyyat İdarəsinin rəhbərinin fikrincə, ruslar ciddi şəkildə Xersonu müdafiə etməyə hazırlaşır: “Hər şeyin əldən getdiyi illüziyası yaradırlar. Eyni zamanda, əksinə, ora yeni hərbi hissələr gətirirlər və şəhərin küçələrində istehkamlar qururlar”.

Budanovun fikrincə, Ukrayna qoşunları Kaxovskaya su elektrik bəndinə nəzarəti ələ keçirsələr, Xersondakı rus qoşunları çıxılmaz vəziyyətdə qalacaqlar. Ancaq indiyə qədər bu baş verməyib.

“Azadlıq” radiosunun məlumatına görə, bu gün Xersonda rus komandiri Aleksandr Suvorovun abidəsi yoxa çıxıb. Rusiya hakimiyyəti hələ ki, onun taleyi ilə bağlı açıqlama verməyib. Gələn xəbərlərdə rusların onu özləri ilə Dnepr çayının sol sahilinə apara biləcəyi qeyd olunur.