23 Dekabr 2024

Rusiyanın təhlükəsizlik sistemi dağılır: NATO MDB məkanına yerləşir

NATO-nun Ukraynada hərbi baza yaratması Rusiya üçün hərbi-siyasi fəlakətin başlanğıcına çevrilə bilər; Kreml Rusiyaya qarşı ən real hərbi təhlükə ssenarisinə hətta reaksiya verməyə belə, hazır deyil…

MDB məkanında önəmli proseslərin başlandığı müşahidə olunur. Hazırda bu məkanda bəzi dövlətlər öz gələcək prioritet hədəfləri ilə bağlı konkret qərarlar qəbul etmək niyyətində olduqlarını qətiyyən gizlətmirlər. Və bu, postsovet məkanında yeni dövrün başlanğıc mərhələsi kimi də dəyərləndirilə bilər.

Onu da qeyd edək ki, indiki situasiya Rusiyanın milli maraqları baxımından, o qədər də əlverişli məzmun daşımır. Xüsusilə də, Kremlin yaxın gələcəkdə Rusiyanın milli təhlükəsizlik maraqlarının zərbə altında qala biləcəyindən narahat olması üçün səbəblər olmamış deyil.

Donbass böhranının yeni səviyyəsi Rusiyaya qarşı fərqli ssenarilərin reallaşdırıldığını sezdirir. Bu böhran üzərindən Rusiya-Ukrayna qarşıdurmasının savaş həddinə yaxınlaşdırılması Kremli yeni dünya düzənində ciddi hərbi-siyasi sınaq qarşısında qoya bilər. Və Kremlin indiki mərhələdə belə bir sınağa hələlik tam hazır olmadığı isə qətiyyən şübhə doğurmur.

Ukrayna Rusiya ilə hərbi-siyasi gərginlik yaşadığı son 4-5 il ərzində ilk dəfə ABŞ və Qərbdən bu qədər açıq və güclü dəstək ala bildi. Bu dəstək kampaniyasında ABŞ və NATO birbaşa maraqlı tərəf statusunda çıxış etdi. Üstəlik, atılan hərbi addımlar ilə Rusiyaya qarşı savaş ehtimalına əvvəlki dövrlərlə müqayisədə daha çox yaxınlaşmış oldu. Və qarşıdurmanın iştirakçıları yalnız son mərhələdə, yəni silahlı toqquşmaların qaçılmaz ola biləcəyi fazaya keçiş ərəfəsində geri durmaq qərarı verdilər.

Ardınca isə qarşıdurma siyasi-diplomatik fazaya keçdi. ABŞ-ın yaratmaqda olduğu beynəlxalq koalisiyanın üzvü olan dövlətlər Rusiya diplomatlarını ölkədən çıxarmağa başladılar. Cavabında Kremlin analoji addımları ilə üzləşdilər. Bununla da Rusiya əleyhinə beynəlxalq kampaniya daha çox siyasi faktorlara indeksləşdirilmiş oldu.

Təbii ki, ABŞ və Qərbin Rusiya ətrafında çəmbərin daraldılması cəhdləri davam edir. Hazırda bu prosesin “NATO-nun Şərqə doğru genişləndirilməsi” proqramına tərəf çevrildiyi müşahidə olunur. ABŞ-ın dövlət katibi Entoni Blinken Kiyevə son rəsmi səfəri zamanı Ukraynanın NATO-ya üzvlük prosesinin bərpa ediləcəyini vəd etmişdi. Və bu, vaxtilə yarımçıq qalmış prosesin yenidən başladılması anlamına gəlir.

Məsələ ondadır ki, vaxtilə NATO Ukrayna və Gürcüstanın bu hərbi-siyasi alyansa üzvlüyü barədə qərar qəbul etmək üzrəydi. Ancaq Kremlin sərt reaksiyası NATO-nu bu niyyətini müvəqqəti də olsa, təxirə salmaq məcburiyyətində qoydu. Eyni zamanda, bütün bunlar Gürcüstan və Ukraynaya çox baha başa gəldi. Gürcüstanın separatçılara qarşı hərbi addımlarını bəhanəyə çevirən Rusiyanın qoşunları paytaxt Tiflisin 60 kilometrliyinə qədər irəlilədi, Cənubi Osetiya və Abxaziya Kremlin nəzarətinə keçirildi.

Ukrayna isə ölkənin Rusiya ilə həmsərhəd olan şərq bölgələrində separatizmin alovlandırılması ilə cəzalandırıldı. Nəticədə Ukraynanın qeyri-rəsmi parçalanmasına yol açan Donbass böhranı yaranmış oldu. Və bu, hazırda Ukraynanın ümumiyyətlə, gələcək mövcudluq şanslarını da təhdid etməyə başlayıb.

Təbii ki, belə bir situasiyada NATO-nun Ukraynaya bu hərbi-siyasi alyansa üzvlük perspektivi açması rəsmi Kiyev üçün gələcəyə yönəlik strateji uğur da sayıla bilər. Hər halda, ABŞ-ın da dəstəyi ilə NATO Ukraynanı Rusiya qarşısında tamamilə taleyin ümidinə tərk etmək niyyətində deyil. Bu baxımdan, Kremlin üzərində düşünməli olacağı təhlükə faktorlarının atmaqda olduğu açıq-aşkar nəzərə çarpır.

Şübhəsiz ki, Ukraynanın NATO-ya üzvlüyü bir anda baş verə biləcək asan məsələ də deyil. Çünki NATO adətən, ərazi münaqişələrinə bulaşmış ölkələri öz sıralarına qəbul etməyə meyl göstərmir. Əksinə, belə ölkələri öz qapıları ağzında uzun müddət gözləməyə üstünlük verir. Bu baxımdan, Ukrayna da təxminən oxşar problemə məruz qaldığından NATO-nun “münaqişəsiz müttəfiqlər” prinsipi rəsmi Kiyevə qarşı da tətbiq oluna bilər.

Ancaq bütün bunlara baxmayaraq, Kremldə Ukraynaya bundan sonra daha çox potensial NATO ölkəsi kimi yanaşsalar, reallığa maksimum səviyyədə yaxınlaşmış olacaqlar. Çünki Rusiya bundan sonra Ukraynanı istədiyi vaxt təhdid edə bilməyəcək. İndi rəsmi Kiyev həm ABŞ və Qərbin siyasi dəstəyini, həm də NATO-nun “hərbi müdafiə çətiri”ni öz üzərinə çəkmiş kimi görünür.

Digər tərəfdən, bəzi önəmli məqamlar da var ki, NATO-nun Ukraynaya münasibətdə fərqli mövqe tutmasına yol aça bilər. Yəni, NATO “münaqişəsiz müttəfiqlər” prinsipini Ukrayna məsələsində arxa plana keçirə bilər. Və bu, Ukraynadan daha çox NATO-nun strateji hədəflərindən qaynaqlanır.

Məsələ ondadır ki, vaxtilə “NATO-nun Şərqə doğru genişlənməsi” proqramı hazırlanarkən əsas hədəf kimi məhz Rusiya və Çin sərhədləri ətrafında daha çox hərbi baza yaratmaq məqsədi güdülürdü. Kremldə də bunu anlayırdılar və preventiv addımlar atırdılar. Vaxtilə Ukraynanın NATO-ya üzvlüyünün son anda əngəllənməsi də həmin preventiv addımlardan idi. Halbuki indi Rusiyanın oxşar addımlara əl atmaq imkanları ümidverici deyil.

Əksinə, hazırda Ukrayna artıq NATO-nun “hərbi müdafiə çətiri” altında olduğundan rəsmi Kiyev bu quruma üzvlüyü Rusiyanın sərt və aqressiv reaksiyasına əhəmiyyət belə, vermədən reallaşdıra bilər. Deməli, Rusiya öz müasir tarixində ilk dəfə NATO ilə burun-buruna qalmaq təhlükəsi qarşısındadır. Və bu, Rusiyanın yeni dünya düzəni çərçivəsində üzləşə biləcəyi ən uğursuz situasiyanın istisna olmadığını təsdiqləyir.

Məsələ ondadır ki, NATO-nun ən yaxın vaxtlarda Ukraynanı öz sıralarına qəbul edəcəyi təqdirdə, atılacaq ilk addımlar da artıq məlumdur. Böyük ehtimalla bu halda, Kreml sadəcə, Rusiya sərhədlərində deyil, həm də MDB məkanının daxilində NATO hərbi bazaları ilə barışmalı olacaq. Üstəlik, həmin hərbi bazalardakı raket sistemlərinin məhz Rusiyaya doğru istiqamətləndiriləcəyi şübhə doğurmayacağından Kreml artıq indidən yeni müdafiə strategiyasına möhtacdır.

Belə görünür ki, NATO ən yaxın zamanlarda Rusiyanı daha əlverişli strateji-coğrafi mövqedən hədəfə almağa hazırlaşır. NATO-nun Ukraynaya yerləşməsi təhlükəsizlik sistemi dağılmaq üzrə olan Rusiya üçün hərbi-siyasi fəlakətin başlanğıcına çevrilə bilər. Hər halda, Kremlin Rusiyaya qarşı ən real hərbi təhlükə ssenarisinə hələ hazır olmadığı, hətta baş verənlərə necə reaksiya verəcəyini qətiləşdirmədiyi müşahidə edilir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu