23 Dekabr 2024

Rusiya-Ukrayna müharibəsi: Çinin strateji arzuları – TƏHLİL

Rusiya-Ukrayna müharibəsi şiddətləndikcə dünyanın digər qüdrəti olan Çinin perspektiv davranışlarına dair müzakirələr siyasi gündəmdə ağırlıq təşkil edir.

Çin amili münaqişənin yarada biləcəyi mümkün çatların gələcək forma və məzmununu formalaşdıracaq.

Dərin strateji baxışlardan doğan gedişatların hansı nəticələrə gətirib çıxaracağına dair sayagəlməz suallar yaranır. Həmin sualların ümumiləşdirilmiş mahiyyəti budur: Çin mərkəzli dünya nizamı yaradılır, yoxsa Çinin qlobal siyasi mərkəzdən uzaqlaşdırılması prosesi gedir?

Çin üçün kollektiv maraqlar anlayışı yoxdur, o, daha çox özünü düşünür və münaqişəni öz xeyrinə nəticələndirməyə çalışır.

Qərbin və Rusiyanın bir-biri ilə didişməsi Çin üçün unikal fürsətlərdir, Pekin Rusiyaya qarşı sanksiyalardan sonra Moskvanın beynəlxalq bazarlarda itirdiyi mövqelərə can atacaq.

Çin Rusiya ilə münasibətlərinə xələl gətirməmək üçün rəsmi Moskvaya qarşı sanksiyalara qoşulmur, bu isə onun siyasi təmayüllərində Qərblə əməkdaşlıq imkanlarını gücləndirir.

Ancaq bu əməkdaşlıq müttəfiqlik səviyyəsinə çata bilməz, çünki qarşı hegemon güclər balansında Çinin ABŞ-a qarşı strateji manevri mövcuddur və bununla da Pekin Avrasiyada ambisiyalarını gücləndirir.

Çin Ukraynada partlayan bombaların sədalarını zərgər dəqiqliyi ilə incələyir, özünü nəticəyə kökləyir: Əgər Ukrayna müharibədə Rusiyanı məğlub etsə, Çin Tayvanı tamamilə öz qabığına çəkmək planını bir qədər təxirə salacaq. Bu tabloda Tayvana müdaxilə üçün uyğun zamanı gözləyəcək.

Əgər Ukrayna Rusiya qarşısında duruş gətirə bilməsə, o zaman Çin bunu həm də Qərbin məğlubiyyəti kimi dəyərləndirəcək və Tayvana müdaxilə edəcək.

Çinin hazırda Ukrayna münaqişəsində siyasi neytrallığını qorumasının kökündə məhz bu amillər dayanır.

Pekin ticari marşrutların ona verdiyi mənfəətlər səbəbiylə Avropa İttifaqına, əsasən də Fransa və Almaniyaya rəğbətlə yanaşır. Bu münasibətlər sistemi Çinin Avropadakı uzunmüddətli strateji gündəliyini formalaşdırır, amma ABŞ hər vəchlə Çinin sıxışdırılıb çıxarılmasına çalışır.  

Çin gələcək nizamın formalaşmasında həlledici ölkə olacaq və münasibətlərinin xarakterini dəyişməyin əsaslarını işləyib hazırlayacaq.

İndiki situasiyada Rusiyanın sanksiyalar girdabında qalması Moskvanı Pekinlə yaxınlaşdırır. Amma Çin Avropanı da əlindən buraxmayacaq və əməkdaşlığını gücləndirəcək.

Yəni, özünü həm Rusiyadan, həm də Qərbdən gələ biləcək təhlükələrdən qorumaq üçün sığortalı siyasətə üstünlük verir.