23 Dekabr 2024

Rusiya-Ukrayna müharibəsi: Çavuşoğlunun Bakı səfərinin məqsədi – TƏHLİL

Rusiya-Ukrayna müharibəsinin şiddətləndiyi zamanda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri diqqət çəkir.

Çavuşoğlu martın 5-də Bakıya yola düşəcək və o, bir sıra yüksək səviyyəli görüşlər keçirəcək. Çavuşoğlunun səfəri Ukraynadakı müharibənin qarşısının alınmasında Bakı-Ankara birgə vasitəçilik səylərini koordinasiya etmək məqsədi daşıya bilər.

Nəzərə alaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə görüşlərin keçiriləcəyi məkanlar sırasında Bakı və İstanbulun da adını çəkir.

Azərbaycan və Türkiyə səylərini birləşdirir ki, Rusiya-Ukrayna nümayəndə heyətlərinin görüşünü təşkil etsin.

Ukraynadakı müharibə region üçün də təhlükəli tendensiyalar yaradır. Bu mənada Çavuşoğlunun keçirəcəyi görüşlərdə Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərinin daha dərin qatlara enməsi üçün müzakirələr aparılacağı gözlənilir.

Çavuşoğlunun Bakı trafiki Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatların icrasına da aktuallıq qazandırır. Bakı bəyanatların icrası üçün Ermənistana xəbərdarlıq edir və sülh sazişi üçün şərtlərini irəli sürür.

İki gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan isə Azərbaycanla sülh sazişi imzalanacağını bəyan etdi.  

Yəqin ki, Çavuşoğlu bağlı qapılar arxasında yenidən Türkiyənin mövqeyini çatdıracaq və Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair aparılan danışıqların hansı nəticələr hasil edəcəyi barədə sxemləri masaya qoyacaq. Paşinyanın açıqlaması fonunda isə demək olar ki, sülh sazişinin detallarının və konturlarının dəqiqləşdirilməsi haqqında daha bir fikir mübadiləsi aparılacaq.

Digər bir məqam isə Avropada Azərbaycan qazına ehtiyacın çoxalmasıdır, bu mənada Azərbaycanla Türkiyə enerji resurslarının şaxələndirilməsi məsələsini də müzakirə edəcəklər.