23 Noyabr 2024

Rusiya 500 min nəfəri hərbi xidmətə çağırıbmış-Ölkədə əmək qabiliyyətli əhali kəskin azalıb

2022-ci ildə Rusiya hərbçilərinin sayı 500 min nəfər artıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Rosstat”ın rəsmi statistikası 400 min əsgərin olduğunu göstərsə də, əsl rəqəmlərin başqa cür olduğu ortaya çıxıb.

 Məsələn “Bloomberg” analitiklərinin fikrincə, bu məlumatlar tam deyil. Formal olaraq orduya aid olmayan strukturlara – məsələn, “Vaqner” ÖHŞ-yə cəlb edilmiş 100 minə yaxın insan burada nəzərə alınmır.

Halbuki Rusiya hakimiyyəti 2022-ci ilin oktyabrında səfərbərlik çərçivəsində 300 min nəfərin orduya çağırıldığını açıqlamışdı.

Analitiklərin rəyinə görə, Silahlı qüvvələrinin sayının artması Rusiyada işçi qüvvəsi çatışmazlığına gətirib çıxarıb. Rosstatın 2022-ci ildə ölkədə rekord aşağı işsizlik səviyyəsini qeydə alması dolayısı ilə bunu sübut edir. Bu ilin fevral ayında “HeadHunter” platformasında qalan boş vəzifələrin sayı yerləşdirilən CV-lərdən çox olub. Baş nazirin müavini Tatyana Qolikovanın sözlərinə görə, 2023-cü ilin yanvarında işsizlik 3,6% təşkil edib.

“Bloomberg”in proqnozuna görə, Ukraynada müharibə itkiləri və yüz minlərlə rusların ölkəni tərk etməsi nəticəsində Rusiyanın əmək qabiliyyətli əhalisi növbəti on ildə 6,5% azala bilər.

Eyni zamanda, Rusiya hakimiyyəti qoşunların sayını artırmaqda davam etmək niyyətindədir. Aprel ayından Müdafiə Nazirliyi hərbi qulluqçuların müqavilə ilə xidmətə yeni qəbuluna başlayıb. Məqsəd daha 400.000 nəfəri işə cəlb etməkdir. Bundan başqa Rusiya vilayətlərinin qubernatorları ordunu nə qədər əsgərlə təmin etmələri barədə əmr alırlar. Məsələn, Müdafiə Nazirliyinin planlarına görə, Çelyabinsk və Sverdlovsk vilayətlərində 10 min, Perm diyarında 9 min nəfər peşəkar xidmətə getməlidir.