“Ronaldo türk dilini öyrənmək istəyir”
“Türkiyə millisinin oyunçuları dünyanın ən yaxşı liqalarını təmsil etdikləri və bu vəziyyətdə necə davranacaqlarını çox yaxşı bildikləri üçün təzyiqə məruz qalmağı sevirlər. Bizim üçün davamlı təzyiq altında olmaqdan yaxşı heç nə ola bilməz”.
Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin və “Yuventus”un futbolçusu Merih Demiral deyib. O, juvenews.com-a açıqlamasında Avro-2020-də İtaliya yığmasına qarşı keçirəcəkləri oyun və Turin təmsilçisindəki komanda yoldaşları barədə danışıb:
“Komandamızda hamı bir-biri üçün sona qədər mübarizə aparacaq. Buna görə qarşıda Avro-2020-də yaxşı oyunayacağımıza şübhə etmirəm. İtaliyaya qarşı açılış matçı mənim üçün ayrı bir hekayədir. Çox prinsipial bir oyun olacaq. İtaliya klubunda çıxış edən bir futbolçu kimi İtaliyaya qarşı oynamaq xüsusi bir hissdir. Məşqdən əvvəl paltardəyişmə otağında komanda yoldaşlarım və “Yuventus” tərəfdaşları bu barədə tez-tez mənə sataşırlar. Çellini və Bonucci də bunu hər zaman etdi. Yadımdadır, Corco bir dəfə məndən Burak Yılmazın orada necə olduğunu soruşdu. İtalyanlar oyunçularımızı çox yaxşı tanıyırlar və təhlükəni hiss edirlər. Turində Buffona çox bağlıyam. Cici xüsusi bir insandır, çox təvazökar və hər zaman başqasını dəstəkləməyə hazırdır. Bunun üçün yalnız ona minnətdar ola bilərəm. Çellini isə 37 yaşındadır. Ancaq onun məşqdə necə çalışdığını görmək imkanı çox dəyərlidir. Buffon onsuz da 42 yaşındadır, amma 25 yaşındakı kimi məşq edir. Dibala və Ronaldo mənə tez-tez müdafiədə tərəfdaşlarımdan nümunə götürməyim lazım olduğunu söylədilər. Bu cür insanlarla işləmək böyük bir təcrübədir. Yeri gəlmişkən, Kriştiano türk dilini öyrənmək istəyir və hər gün məndən ona bir neçə dərs verməyimi xahiş edir. Qalan komanda yoldaşları da ona qoşulmaqdan məmnundurlar. Bunun qarşılığında Ronaldo və Dibaladan mənə İspan dilini öyrətmələrini xahiş edirəm”.
Qeyd edək ki, Türkiyə və İtaliya milliləri arasındakı matç iyunun 11-də keçiriləcək.