22 Dekabr 2024

Rəsul Çunayevdən şok qərar: Azərbaycanı tərk edir

Azərbaycanın tanınmış yunan-Roma güləşçisi Rəsul Çunayev digər ölkənin bayrağı altında mübarizə aparmaq niyyətindədir.

2015-ci ildə Las-Veqasda keçirilən dünya çempionatının qızıl, 2016-cı ildə Rio De Janeyroda təşkil olunan Yay Olimpiya Oyunlarının bürünc mükafatını qazanan 31 yaşlı idmançı “CBC Sport” telekanalının “Bizim İdman” verilişində müxtəlif ölkələrdən təkliflər aldığını bildirib:

“Sonuncu dəfə Azərbaycan millisinin heyətində 2020-ci ildə Sofiyada keçirilən Olimpiadanın lisenziyalı turnirində çıxış etmişəm. Bu turnirdən sonra zədələrin müalicəsi ilə məşğul olmuşam. İndi xalçaya qayıtmaq, çıxış etmək və qalib gəlmək istəyirəm. Başa düşürəm ki, indi 77 kiloqram çəki dərəcəsində millinin lideri Sənan Süleymanovdur və məşqçilər mənimlə hesablaşmırlar. Amma mən daha bir neçə il çıxış etmək üçün özümdə güc hiss edirəm. Avropa və Asiyanın bir neçə ölkəsi məni öz milli komandalarında döyüşməyə dəvət etdi.

Son vaxtlar mükəmməl variant seçmək üçün onların təkliflərini nəzərdən keçirirəm. Bəzi ölkələr hətta zədələrin müalicəsində də kömək etməyə hazırdırlar. Düşünmürəm ki, başqa ölkədə çıxış eləsəm, vətənimə münasibətdə yanlış olar. Bir çox tanınmış pəhləvanlar öz komandalarına düşmədikdə, başqa dövlətlər üçün mübarizə aparırlar.

İndi mənim üçün çətindir, dolandırmalı olduğum ailəm var. Buna görə də milli federasiya üçün problem olmasa, həmin ölkələrdən birini seçəcəyəm. Niyə Paris-2024 Olimpiadasına vəsiqə uğrunda mübarizə apararkən, döşəkdə Azərbaycandan olan biri ilə görüşməyək?”, – deyə Çunayev qeyd edib.(Fanat.az)