Rəsmi statistika: ölkəmizdə kişilər qadınlardan tez ölür – səbəblər…
Rəşid Mahmudov: “Kişilər daha çox kasıblıqdan ölürlər”
Statistika məlumatlarında diqqətçəkən məqamlardan biri ölüm səviyyəsi üzrə göstəricilərdədir. Bunlardan aydın olunur ki, bütün yaş qruplarında kişilərin ölüm sayı üstünlük təşkil edir. 25 yaşdan başlayaraq bu fərq daha da artır. Xatırladaq ki, ötən il Azərbaycanda 76 878 nəfər dünyasını dəyişib. Ölkə əhalisinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,7 təşkil edib. Ölənlərdən 34 min nəfəri qadın, 43 mini isə kişilər olub. Ölənlərin 1793 nəfəri (2,3 faizi) 0-17 yaşda, 7747 nəfəri (10,1 faizi) 18-49 yaşda, 21004 nəfəri (27,3 faizi) 50-64 yaşda, 46334 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.
Səbəb yalnız kişilərin pis vərdişlərə (siqaret, içki) daha çox meyilli olması ilə bağlıdır, yoxsa? Kişilərin erkən ölümündə qadınların ‘’rolu’’ da varmı?
Rəşid Mahmudov
Tibb elmləri namizədi Rəşid Mahmudov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Qadınlar öldürür də kişiləri… Mənim həyat yoldaşım pis olsaydı, çoxdan ölmüşdüm, 84 yaşım var. Mənim xasiyyətimə kim dözər?! Ölüm sayının çox olması cavan adamların arasında da var. Özünü öldürən də var. Koronavirus da cavanları öldürdü. Çox yaşamaq inşanın həyat tərzindən asılıdır, həyat yoldaşından asılıdır. Sosial vəziyyətdən, qürurdan asılıdır. İnsanlar öz sağlamlıqlarının qayğısına qalmırlar. Kişilər bütün günü işdə olurlar ki, evə bir parça çörək aparsınlar. Bilirsiniz, ürək sutkada səkkiz saat işləyir. Proletariatın tələbi nə olub, 8 saatlıq iş rejimi. Artıq sonralar dedilər ki, yalnız işdə deyil, evdə də insan işləyir, uşaq tərbiyə edir. Ona görə iş vaxtını 6 saata endirdilər. Bu, uzun illərin nəticəsidir. Bundan sonra həftənin iş günün beşə çevirdilər. Bunların hamısının çox böyük önəmi var. Uzun müddətdir, insanlar çalışır ki, normal iş saatı olsun. Kim səkkiz saatdan artıq işləyirsə, onda mütləq ürək nevrozu əmələ gəlir. Bu da get-gedə insanları sıradan çıxarır. Kişi evi dolandırandı. İndi ölkədə kasıblıqdır. Kişiləri daha çox kasıblıq öldürür… Gah benzini artırırlar, gah ərzağın qiyməti artır. Bunlar hamısı insana təsir edir. Biri kreditini ödəyə bilmir, həyat düşündüyü kimi olmur. İnsanlar fikirdən, dərddən ölürlər, əsasən də kişilər. Oğlanları görürsünüz, 30 yaşları var, evlənmirlər. Hələ 40 yaşı olanlar belə evlənmək istəmirlər. Hamısı sosial problemlərə görədir”.
Ülviyyə Murtuzova
Psixoloq Ülviyyə Murtuzova da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini dedi: “COVİD dönəmində kişilərin daha çox öldüyü aşkarlandı. Bunun da səbəbi kişilər bir xəstəliyə qarşı özgüvənin həddən artıq aşağı olması ilə bağlıdır. Adi bir iynə vurulan zaman kişilər qadınlar qədər cəsarətli olmurlar. Təşviş keçirirlər. Ümumiyyətlə, ölüm qorxusu kişilərdə qadınlara nisbətən daha çoxdur. Hansısa orqanlarında tibbi və bioloji xəstəlik keçirmək, psixoloji və nevroloji sarsıntıların olmasından daha çox təsirlənmələr kişilərdə daha çox olur. Bunun təsiri altına düşən kişilər sonradan müalicəsi çətin olan xəstəliklərə yoluxurlar. Əslində onkoloji xəstəliyin özü belə psixoloji bir məqamlardan başlanır. COVİD dönəmində belə tutulan xəstəliklər nə ilə bağlı idi? İş yoldaşım yoluxdu, qonşu tutdu, mən də tutacağam. Öz-özünə daha çox buna fokuslandılar, daha çox insan bu səbəbdən yoluxdu. Çünki psixoloji immunitet də, ümumi immunitet aşağı düşdü. Buna yoluxmalar çox olur. Amma qadınlar xəstəliyə tab gətirməkdə kişilərə nisbətən daha güclüdür”.
Psixoloq kişi ölümünün bir səbəbini də sosial problemlərlə bağlı olduğunu bildirdi: “Azərbaycanda sosial məsələləri daha çox kişilər öhdəsinə götürüb. İnsanlar nə edəcəyini bilmir, köməksiz olan insanlar intiharı seçirlər. Bu da bir ölüm yoludur. Digərləri isə ürəklərinə salır, infarkt, insult keçirirlər. Çünki məsuliyyətin və qayğının daşıma gücünü kişilər daha çox öz üzərlərinə götürürlər. Bəlkə də Avropada belə deyil, məsuliyyət hər iki tərəfə eyni səviyyədə bölünür. Bizdə mental dəyərlərə görə ailəni kişi dolandırmalıdır, bütün günü kişi işləməlidir, evdə aclıq varsa, səbəbkarı kişidir. Eləcə də, ipoxondriya adlı psixologiyada xəstəlik var. Olmayan xəstəlikləri özündə yaratma. Misal üçün, böyrəyi ağrıdısa, artıq ”böyrəyi itirirəm, dəyişməliyəm” kimi, ya da “qida borum ağrıyırsa deməli orada şiş var” kimi düşüncələr daha çox kişilərdə olur. İpoxondriya pozuntularının 99 faizi kişilərdə müşahidə olunur”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”