Regionda dayanıqlı sülhün təmin olunması istiqamətində ölkəmizin göstərdiyi səylər göz önündədir
“Erməni silahlı birləşmələri bu günə qədər bizim torpağımızdan çıxarılmayıb. Biz bunu tələb edirik. Düzdür, onların bir qismi çıxarılıb, amma onlar torpağımızda hələ də mövcuddur və ümid edirəm ki, buna da son qoyulacaq.” Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində onu da bildirdi ki, artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır! Bunu işğal, müharibə, müharibədən sonrakı dövrlərdə hər dəfə deyirdik: “Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir. Qarabağda yaşayan ermənilər, – mən bunu dünən Ağdamda demişəm, – bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır.”
Azərbaycan müharibə bitən kimi Ermənistana sülh təklifini etdi. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində ölkəmizin göstərdiyi səylər göz önündədir. Ermənistan yenə də sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün cəhdlər edir. Baxmayaraq ki, keçirilən görüşlərdə sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfinin irəli sürdüyü 5 prinsipi dəstəkləyib, iki ölkənin xarici işlər nazirlərinin görüşlərinin vacibliyini bildirib və bu istiqamətdə ilk addım atılıb, hələ də tərəddüdlərində davam edir. Bugünümüzün əsas çağırışı Ermənistanın 10 noyabr 2020-ci il tarixli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirilməsidir. 30 illik işğal dövründə sülh danışıqlarına imitasiya naminə qatılaraq məsələnin həllini 30 il uzadan Ermənistan düşünür ki, yenə də vəziyyəti bu şəkildə davam etdirə biləcək. Aərbaycan ilk gündən belə bir bəyanatı səsləndirdi ki, sülh təklifi uzun müddət masa üzərində qalmayacaq. Ermənistan ona verilən şansdan istifadə etməlidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında Ermənistana mühüm mesajlarını çatdırır. Nəzərə alaq ki, Azərbaycan dünya hərb tarixində bəlkə də birinci olar ki, belə bir addımı atdı.
Tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir. Hansı ki, mənfur düşmən 30 il torpaqlarımızı işğal altında saxladı, soydaşlarımız qaçqın və məcburi köçkün həyatını yaşadılar, bu torpaqlarda bütün tarixi və dini abidəlrimiz dağıdıldı, məscidlərimizdə doğnuz saxlanıldı, törədilən hərbi təxribatlar nəticəsində nə qədər itkilərimiz oldu. Azərbaycanın sülh müqaviləsinin imzalanması təklifi bunları unutmaq anlamına gəlmir. Yeni dövrün reallıqlarına uyğun olaraq bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması mütləqdir. Lakin təkcə son iki aya diqqət yetirsək, Ermənistan silahlı qüvvələrinin sərhəddə təxribat törədərək itkilərə səbəb olduqlarını görərik. “Dəmir yumruğ”un davamı olaraq “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları Ermənistana layiq olduğu yeri göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq” bəyanatı bir daha Ermənistana ciddi mesajdır.
Oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün sonunda qəbul edilən bəyanat da Azərbaycanın milli maraqlarını, mövqeyini müdafiə edir. Ədalətə, beynəlxalq hüquqa əsaslnan siyasət qalib olur. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atması da bunun təsdiqidir. Ermənistan Azərbaycanın verdiyi son şansdan bəhrələnmək istəyirsə, sülh müqaviləsinə gedən yolu yaxınlaşdırmalı, bunun üçün 10 noyabr 2020-ci il tarixli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməlidir. Bunlardan biri erməni silahlı birləşmələrinin torpaqlarımızdan çıxarılmasıdır.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri