22 Dekabr 2024

Referendum anonsu: icra hakimiyyətlərinin ləğvi və daha nələr…

14 iqtisadi rayonun inzibati ərazi vahidinə çevrilməsi, proporsional seçki sisteminin bərpası gözlənilir

Azərbaycanda mövcud olan idarəçilik strukturunun – yerli icra hakimiyyəti sisteminin dəyişdirilməsi gözlənilir. Bunu Prezident İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz:inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən konfransda elan edib.

Prezident qeyd edib ki, icra hakimiyyəti strukturu SSRİ-nin çöküşü zamanı yaradılıb və gözləntiləri doğrultmayıb. Prezident xüsusilə ona yaxın icra başçısının həbs edilməsinə toxunub. O qeyd edib ki, hazırda Qarabağda xüsusi nümayəndələr təyin edib və bu yeni sistem sınaqdan uğurla çıxdığı halda ölkə üzrə tətbiq ediləcək. Yada salaq ki, mayın 4-də Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda da Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

20 AZƏRBAYCANLININ ADINI İRAN PREZİDENTİNƏ VERDİM...” – İlham Əliyevin ADA-dakı  çıxışının tam mətni

Bəzi ekspertlər hesab edir ki,  Prezidentin  ADA-dakı məlum çıxışı yeni konstitusiya islahatlarının anonsudur. Çünki ümumilikdə idarəetmə, onun forması, ölkənin inzibati-ərazi vahidi, icra strukturları və s. ilə bağlı elə məsələlər var ki, onlar yalnız konstitusion islahatlarla reallaşa bilər. Bu baxımdan yaxın günlərdə hətta bu il ərzində yeni referendumun keçirilməsilə bağlı qərar verilə bilər. Bu referendumda yerli icra hakimiyyətlərinin yerinə seçilmiş institutların – bələdiyyələrin məsuliyyət və səlahiyyətlərinin artırılması, böyük şəhər bələdiyyələrinin yaradılması, mer seçkilərinin konstitusiyada öz əksini tapması vasitəsilə, eləcə də Prezidentin yaratdığı 14 iqtisadi rayonu inzibati-ərazi vahidinə çevirməklə yeni idarəetmə mərhələsinə qədəm qoya bilərik.

Natiq Cəfərli: “Bu artım bazar qiymətlərinə hec cür adekvat deyil”

Natiq Cəfərli 

Real Partiyasının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a şərhində bildirdi ki, Prezidentin qeyd olunan açıqlaması konstitusiya islahatlarının anonsu kimi qəbul edilə bilər: “Çox güman ki, belə də olacaq-ölkədə konstitusiya islahatlarına gediləcək. Çünki konstitusiya islahatları üçün zərurət yetişib. Həm 44 günlük müharibənin nəticələrinin ana qanunumuzda əksi vacibdir, həm idarəetmənin təkmilləşdirilməsi üçün zəmin yaranıb. Sosial, iqtisadi sahədə atılan addımların arzulandığı səviyyədə effekt verməməsi səbəbi iqtisadi və sosial məsələlərdən deyil, idarəetmədən qaynaqlanan problemlərdir. Prezidentin həmin çıxışı bir ümid yaradıb ki, bu sahədə ciddi konstitusiya islahatlarının olması gözlənilir. Bizim illərdir təklif elədiyimiz model yerli özünüidarəetmə institutlarının gücləndirilməsi, seçkili mer institutuna keçidin təmin edilməsi, yerlərdə təyin edilmişlərin yox, seçilmişlərin söz sahibi olması, qərarvermə mexanizmində məsuliyyət və səlahiyyət bölgüsündə iştirakının vacibliyidir. Bu, vətəndaş qarşısında məsuliyyəti də artıran əsas amilə çevriləcək. 14 iqtisadi rayonun inzibati ərazi vahidinə çevrilməsi mümkündür. Yəqin ki, elə də olacaq. Prezident məhz 14 inzibati ərazi vahidində öz səlahiyyətli nümayəndələrini təyin edə bilər və bölgələrdə qanunvericiliyin tələblərinin uyğunluğu ilə bağlı atılan addımları nəzarət altına götürə bilər ki, bu da daha doğru addım olacaq”.

Ekspert hesab edir ki, əgər yerli idarəetmənin gücləndirilməsi və təkmilləşdirilməsi üçün konstitusiya islahatlarına gediləcəksə, böyük ehtimalla proporsional seçki sisteminin bərpası, Milli Məclis üzvlərinin sayının artırılmasına da gediləcək: “Yəni referenduma bu məsələlər də daxil ediləcək. Çünki bu islahatların paralel aparılması ciddi effekt verə bilər. Hökumətin məsuliyyətinin və səlahiyyətlərinin dəqiq bildirilməsi də vacib məsələlərdəndir.

Əgər Prezident tərəfindən bu məsələlərin həyata keçməsinə yönəlik konstitusiya dəyişiklikləri üçün referendum təşəbbüsü göstəriləcəksə, bütün proqressiv ictimaiyyət, cəmiyyət, siyasi partiyaların çoxu dəstəkləyəcək”.