Ramiz Mehdiyevin qoyub getdiyi AMEA-da heç nə dəyişmədi – SƏBƏBLƏR
AMEA-nın ümumi yığıncağı martın 16-da keçiriləcək. Bildirilir ki, bu ildən etibarən AMEA-nın Ümumi yığıncağının formatında bir sıra yeniliklər olacaq, hesabat məruzəsi və mühüm nəticələri əhatə edəcək təqdimatların hazırlanmasında müasir texnologiyaların tətbiqinə xüsusi diqqət yetiriləcək.
Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov AMEA-dakı indiki durğunluğu tənqid edib: “Hazırda dünya artıq IV sənaye inqilabı dövrünə qədəm qoyur. Xarici alimlər elmi tədqiqat institutları, mərkəzlərdən, elmi cəmiyyət və dövlət qurumlardan sifarişlər alır və bunun əsasında fəaliyyət göstərirlər. Bizdə belə sifarişlərin əksəriyyəti xüsusi görüntü xətrinə edilir. Burada elmi tədqiqat mərkəzləri, institutlarının kifayət qədər günahı var. Ölkə başçımız dəfələrlə qeyd edib ki, biz inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etməliyik. Həmin ölkələrdə inkişafın lokomotivi rolunda elmi tədqiqatlar dayanır. Bu gün elmi tədqiqat institutlarının ardıcıl, davamlı fəaliyyətini, bu və ya digər məsələlərlə bağlı yanaşmalarını həqiqətən görmürük. Elmi tədqiqat müəssisələrimizin böyük əksəriyyəti köhnəlmiş, ölkə üçün strateji əhəmiyyəti kəsb etməyən eyni mövzular istiqamətində tədqiqatlar aparırlar. Dövlət elmi tədqiqatlara vəsait ayırır. Alimlərimiz hər zaman əmək haqlarının, həmçinin onlara göstərilən qayğının aşağı olmasından gileylənirlər. Bu zaman sual olunur, bəs siz ortaya nə qoyursunuz? AMEA uzun illər ölkədə elmi-texniki siyasəti həyata keçirən əsas dövlət qurumu olub. Amma bu işlərin önündə təəssüf ki, gedə bilməyib…”
Yada salaq ki, yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və Aparatının rəhbər və digər işçilərinin aylıq vəzifə maaşları artırılıb. Artımlar 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz təşkil edir.
Qulu Məhərrəmli
BDU-nun professoru Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanda elmin acınacaqlı durumu heç kimə sirr deyil: “Niyə belə olub, nə üçün bu vəziyyət yaranıb, bunun çox səbəbləri var. Xüsusən müstəqillik illərində akademiyanın özünün statusu məsələsi, orada heç bir islahatın aparılmaması, ciddi elmi-tədqiqat istiqamətlərinin olmaması, tətbiqi elmlərdə biganəlik, görkəmli alimlərin xaricə getməsi, idarəçilikdə buraxılan səhvlər, ideoloji meyllərin akademiyaya sızdırılması elmin bu cür vəziyyətə düşməsinə səbəb olub. Amma vəziyyət çıxılmaz da deyil. Xüsusən tətbiqi elmlər, dəqiq elmlər sahəsində müəyyən uğurlar var. Məsələn, işimlə əlaqəli tez-tez akademiyanın İnformasiya Texnologiyaları İnstitutunda oluram. Orada aparılan işlərə, çap olunan elmi əsərlərə az-çox bələdəm. Əgər bu şəraitdə İnformasiya Texnologiyaları İnstitutu kimi elmi-tədqiqat müəssisəsi fəaliyyət göstərirsə, burada bir sual yaranır: niyə bu vəziyyət digər institutlara da aid edilmir?!”
Professor əlavə edib ki, təəssüf ki, ölkəmizdə parlaq alimlərin sayı getdikcə azalır: “Məsələn, İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edən akademik Rasim Əliquliyev kimi çox az alimlərimiz var. Həm özünün şəxsi biliyi, səviyyəsi, əhatə dairəsi, diapazonu bu dərəcədə geniş olan alimlərə ehtiyac var. Eyni zamanda yüksək təşkilatçılıq qabiliyyəti olsun və bu prosesləri yönləndirə bilsin. Fikrimcə, bu gün bizim elmi geriliyin bir səbəbi də idarəçiliklə və maliyyə ilə bağlıdır. Ona görə ki, hazırda insanların çoxu akademiyaya vaxt keçirmək üçün gedir. Orta maaş alır, gününü keçirir, adı da o olur elm sahəsində çalışmaq. Ona görə mənə elə gəlir ki, burada “cərrahi” yol çox vacibdir, elə bir müdaxilə edək ki, akademiyada ümumən sistem zərər çəkmədən biz ciddi işlər apara bilək. Hər institutda çox az ləyaqətli, vicdanlı adamlar var. İstər humanitar sahə olsun, istərsə də dəqiq elmlər sahəsi olsun, bizim görkəmli, fədakar alimlərimiz azdır. Bu alimləri önə çıxarmaq, onları yüksək maaşla təmin etmək lazımdır. İdarəçilik sistemində fərasətli, elmi titullu adamlar var, onları ön cərgədən götürmək lazımdır. Çünki onlar bir bənd kimi o suyun qarşını kəsir, istedadlı adamların da inkişafına mane olur”.
Elçin Əfəndi
Təhsil eksperti Elçin Əfəndi AMEA-da aparılan son dəyişikliklərin gərəkli olduğunu dedi: “Neçə illərdir biz AMEA-nın hansısa uğurunu dünyaya təqdim edə bilmirik ki, bu bizim Azərbaycan alimlərinin yaratdığı, kəşf etdiyi elmi işdir. Təəssüf ki, bu, yoxdur. Bu vaxtadək AMEA-da ancaq onu müşahidə edirdik ki, kiminsə qohumu, tanışı apardığı elmi işdən xəbəri olmadan ad alırdılar. Alim adı ilə AMEA-nın, sadəcə, bazasını doldururdular. Təbii ki, o alimlərin də ortaya çıxaracağı ciddi bir işi olmayacaqdı. Dəyişiklik oldu, amma hazırda AMEA-da idarəetmədə olanlar köhnə rəhbərlə bir komanda idi. Nəticə etibarilə ortaya heç bir tutarlı iş çıxarılmayıb. Belə olduğu halda bizim AMEA istiqamətində nailiyyətləri gözləməyimiz düzgün deyil. Bəzi institutlar Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi, amma bu gün elə alim var ki, əlində elmi tədqiqat işi var, apara bilmir. Çünki maddi cəhətdən ona dəstək yoxdur. Bu adam Avropanın, ABŞ-ın hər hansı bir universitetində təcrübə keçə bilmir. Bu alim respublikanın Qobustan, Azıx mağarası kimi yerlərində təcrübə keçə bilmir. Çünki vəsait ayrılmır. Sonuncu büdcə dəyişikliyində təhsil istiqamətinə kifayət qədər maliyyə ayrılıb və müəyyən hissəsinin elmi tədqiqat işlərinə ayrılması, alimlərin təcrübə keçmələrinə sərf olunacağı gözlənilir. Bəlkə bundan sonrakı dövrlərdə biz nələrsə görərik”.
Ekspert hesab edir ki, AMEA-ya yeni nəfəs lazımdır: “İşini bilən gənclərə üstünlük vermək lazımdır. Biz həmişə oranı qocalar evinə bənzədirdik. O ad üzərindən götürülməlidir. İndi də o qayda davam edir. İş görülmür. Elə universitetlər var ki, AMEA-dan qat-qat nüfuzludur. Universitetlərin tələbələri, universitetdə dərs deyən doktorlar, alimlər var ki, onlar bu dəqiqə dünya bazarına həmin tələbələrin hesabına məhsullar çıxarırlar. Çox uzağa getməyək, Türkiyənin özündə Selcuk Bayraktar “Baykar” şirkətinin hesabına bütün dünyanın bir çox ölkələrinə öz istehsal etdiyi məhsulları satır. Türkiyə iqtisadiyyatına nə qədər gəlir gətirir. Bundan əlavə, ABŞ-ın müvafiq universitetləri var, həmin universitetlərin tələbələri istehsal etdikləri məhsul hesabına müxtəlif startaplarda iştirak edirlər. Amma bizdə alimimizə hansısa layihənin üzə çıxarmasını tələb etsək, təbii ki, heç nə verilməyəcək. Sadəcə olaraq, adı var – alim!”
Qeyd edək ki, 2002-ci il oktyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.