23 Dekabr 2024

Rəşad Sadıqov: “Hesab bizə üstünlük yaratmır”

“İlk dəqiqələrdən oyun gərgin keçdi. Hər iki komanda mübarizə apardı. Dinamik oyun alındı. Qarşıda bizi daha bir 90 dəqiqə gözləyir. Hesab bizə üstünlük yaratmır. Rahatlaşmaq olmaz. Bu, yolverilməzdir. İlk hissənin sonundan rəqib daha irəli atıldı. Hər iki komandanın oyunu təqdirəlayiq idi”.

“Report” xəbər verir ki, bu fikirləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, komandada qələbəyə inam var idi: “İnanmadan nəticə qazanmaq çətindir. İnam hər zaman hər şeyi həll etmir. Rəqibin də oyunu çox önəmlidir. Samir Abasovun gəlişi ilə “Neftçi”də yüksəliş var. Futbolçular kimə qarşı oynadıqlarını dərk edirdilər. İlk 90 dəqiqədə uğur qazandıq”.

Sadıqovun sözlərinə görə, baş məşqçi kimi ilk ilində kuboku qazanmağı düşüncəsi yoxdur : “Səhər-axşam titul qazanım deyə bir şey yoxdur. Qarşımızdakı rəqiblər potensiallı və ciddi komandalardır. Qış fasiləsindən sonra hamı yaxşı təsir bağışlayır. Sadəcə hər oyun haqqında düşünürəm, futbolçuları qarşıdakı oyunlara hazırlayıram”.

Baş məşqçi yeni transferlər haqqında da danışıb: “Yeni transferlər hazırlıq dövrünü bizimlə keçmədi. Filipe Paxtmanı meydana buraxdım ki, Azərbaycan futbolunu hiss etsin. Əslində hazır deyildi. Nemanya Ancelkoviçin oyunundan isə razıyam. Ümumilikdə hər ikisindən razı qaldım. İnanıram ki, zaman keçdikcə daha da inkişaf edəcəklər”.

Sadıqov rəqibin güclü tərəflərini bildiklərini sözlərinə əlavə edib: “Öz düşündüklərimizi etdik. Emin Mahmudov “Neftçi”nin döyünən ürəyidir. Futbolçumuzla toqquşdu və əvəzləndi. İstəməzdim ki, hansısa oyunçu zədələnsin. Dodağı partlayıb, düşünürəm ki, ciddi olmayacaq”.