08 Sentyabr 2024

Qüdrətli, qeyrətli, qəhrəman Azərbaycan Ordusunun Zəfər Paradı

“Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.” -Azərbaycan Respublikasının Prezidenti. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev.

Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdirlər.Qarabağın döyünən ürəyi – Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən Şuşa şəhəri üzərində qaldırılan, Zəfər bayrağı parada gətirilmişdir.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.

Azərbaycan Ordusu öz vətənpərvərliyi, qeyrəti, əsgər andına sadiqliyi nəticəsində bu Zəfəri qazandı. Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz döyüş meydanına qayıtmalıyq, biz yağı düşməni torpaqlarımızdan qovmalıyıq.Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, onun hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub.

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.Hərbi Qənimətlər Parkındadakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Yeri gəlmişkən qeyd edim ki, gənclərdə vətənpərvərlik tərbiyəsi, Azərbaycan Ordusunun qəhrəmanlığının təbliği məqsədilə Bərdə rayon Heydər Əliyev Mərkəzində 5 noyabr 2021 ci il tarixdə ”Qüdrətli Ali Baş Komandan, Qüdrətli Ordu, Qüdrətli Xalq” mövzusunda tədbir keçirilmiş, noyabr ayında rayonumuzun məktəblilərinə Hərbi qənimətlər Parkı haqqında sənədli film nümayiş etdirilmiş, Mərkəzin əməkdaşları həmin mövzu ilə əlaqədar məktəblərdə şagirdlər qarşısında məruzələrlə çıxış etmişlər. Həmçinin məktəblilər arasında ”Əziz Şuşa, sən azadsan!” adlı inşa müsabiqəsi keçirilmişdir.

Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Prezident İlham Əliyevin ətrafında sıx birləşərək əsl vətənpərvərlik nümayiş etdirdi.44 günlük Vətən müharibəsinin hər anı, hər günü Azərbaycan tarixinin şanlı səhifəsidir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, erməni işğalına son qoyulsun və tarixi ədalət zəfər çalsın.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı.1991- ci ildən etibarən qədim Azərbaycan torpağımız olan Qarabağ və onun ətrafında yerləşən 6 rayonumuz işğal edildi…Bir haşiyə çıxmaq istəyirəm.1992-ci il döyüşlərində bir əsgərimizi əsir götürürlər. Onu erməni komandirin yanına gətirirlər. Erməni bizim əsgərə deyir:–Səndən bir söz soruşacam, düzünü desən səni azad edəcəm. O, nədir sizdə?-Nə nədir? –deyə bizim əsgər soruşur.-Sizdə nə isə var, ancaq biz başa düşə bilmirik. Silahlarınız köhnədir, hətta hərənizə bir silah da düşmür. Lakin siz mərmi yağışları altında irəliyə qaçıraq, bizim üstümüzə gəlirsiniz. Bu necə olur?Sizi necə yetişdirirlər?Bizim əsgər cavab verir :- Necə izah edim, onun adı yoxdur. O, bizim içimizdədir, qanımızdadır. O hiss bizimlə birgə doğulur…Bizim əsgər necə desin ki, buna bizdə namus deyirlər, qeyrət deyirlər. El namusu, torpaq qeyrəti çəkmək deyirlər…Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla və kasetli bombalarla atəşə tutulmuşdu. Namərd atəşi nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb.

Azərbaycanın bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin ruhu qarşısında baş əyirik…

Arifət Əhmədova – Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru