08 Sentyabr 2024

Qondarma rejim məlumat yaydı: “Ağdam-Xankəndi yolu ilə yük qəbul edəcəyik”

Xankəndindəki qondarma rejim Ağdam-Xankəndi yolu ilə yük qəbul edəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə onların məlumat mərkəzi xəbər yayıb.

Onu da bildirək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 12-ci gündür ki, Ağdam-Xankəndi yolundadır. İçərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətindən bildirilib ki, Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağ erməniləri üçün göndərdiyi ərzaq dolu TIR Ağdam istiqamətində hərəkət edir.

“Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükünü Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün bu gün (sentyabrın 9-da) Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, 14:30 radələrində, Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib. Hazırda həmin yük Samur-Bakı, Bakı-Bərdə, Ağdam və Əsgəran istiqamətində hərəkət edir.

Yük son təyinat məntəqəsinə çatdırıldıqdan sonra əlavə məlumat veriləcək”, – məlumatda qeyd olunub.