22 Dekabr 2024

“Qırmızı direktor” – Stalinin “avtomobil sınağı”ndan uğurla çıxan, Henri Fordu pərt edən Lixaçov

O, SSRİ-nin ən tanınmış şəxslərindən biri olub. Öz dövründə ölkənin maşınqayırma sənayesinin lideri sayılan İvan Lixaçovon adı İosif Stalinin “sevimli kadrlar” siyahısında birinci sırada yer alıb. Xarakterinin sərtliyinə görə Lixaçovu SSRİ-nin dövlət təhlükəsizliyi naziri, qəddarlğı ilə tarixə düşən Viktor Abakumovla müqayisə ediblər. Amma o, amansız nazirdən fərqli olaraq minlərlə insanın həyatına son qoymayıb, əksinə, tabeliyində olan minlərlə işçinin sosial rifahı üçün əlindən gələni əsirgəməyib. Ciddiliyi, tələbkarlığı, sərtliyi isə yalnız istehsalatın inkişafına xidmət edib.

İvan Lixaçov 1896-cı ildə Tulada anadan olub. Natamam orta təhsil aldıqdan sonra Peterburqda (Sankt-Peterburq) maşınqayırma zavodunda çilingər köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Vətəndaş müharibəsi zamanı ordu sıralarına çağrılıb. Lixaçov ordudan tərxis olunduqdan sonra Moskva Dağ-Mədən və Leninqrad Politexnik İnstitutunda ali təhsil alıb. Bir müddət Moskvada və Leninqradda həmkarlar təşkilatlarında işlədikdən sonra o, 1926-cı ildə Moskva avtomobil zavoduna direktor təyin edilib.

İvan Lixaçovun zavoda direktor təyin edilməsi SSRİ-də avtomobil sənayesinin inkişaf tarixinin başlanğıc mərhələsi kimi dəyərləndirilib. O, zavodu təhvil alanda adi konveyr sisteminin olmadığı bu müəssisəni çox qısa zamanda böyük istehsal gücü olan bir zavoda çevirib.

Lixaçov direktor təyin olduğu ilk illərdə tərcübə mübadiləsi ilə bağlı bir neçə xarici ölkəyə işgüzar səfərlər edib. Bütün səfərlərdə o, öz xarici həmkarlarını bacarıqlı bir mütəxəssis kimi təəccübləndirib. Amerika Birləşmiş Ştatlarında keçirdiyi görüş isə daha yaddaqalan olub.

Belə ki, Lixaçovun Amerikada məşhur “Ford” şirkətinin sahibi Henri Fordla da görüşü keçirilib. İşgüzar görüşdən sonra şirkət rəhbəri onun şərəfinə ziyafət verib. Həmin ziyafətdə Ford Lixaçova müraciət edib:

– Siz avtomobil ulduzu altında doğulmusunuz. Sizi ana südü ilə deyil, avtomobil yanacağı ilə qidalandırıblar.

Bu ifadələrdən təəccüblənən Lixaçov həmkarının sözlərini zarafat sayıb:

– Siz mənimlə zarafat edirsiniz, yoxsa bu amerikasayağı komplimentdir?

– Xeyr, bu zarafat deyil. Siz həqiqətən də avtomobil üzrə böyük mütəxəssissiniz. Amma sizə həmkar kimi bir məsləhətim var. Gördüyünüz kimi, bütün dünya Amerika yoluna üz tutur. Siz də bu yolu seçin, ölkənizdə avtomobobil sənayesini bizim kimi qurun, onda böyük uğurlar qazanacaqsınız və siz bir sahibkar kimi daha da məşhur olacaqsınız.

Bu təklifdən sonra Lixaçovun sərt damarı işə düşüb:

– Birincisi, mən sahibkar deyiləm, xalqın xidmətçisiyəm və zavod mənə atamdan, babamdan qalmayıb. Mənə bu vəzifəni Kommunist Partiyası həvalə edib. İkincisi isə səhv etməyin, Amerika yoluna üz tutanlar gez-tez bu yoldan geri cəkiləcəklər və gələcəyin dünyəvi ölkəsi SSRİ olacaq, buna şübhəniz olmasın.

– Ola bilər, mənim sözlərimdən inciməyin, amma onu da nəzərə alın ki, hazırda bütün dünya “Ford” alır.
Həmin görüşdə İvan Lixaçova ABŞ-da qalıb işləmək də təklif olunub. Təbii ki, “qırmızı direktor” bu təklifdən qəti şəkildə imtina edib.

Lixaçovun istehsalatdakı göstəriciləri ağılasığmaz rəqəmlərlə əks olunub və bu zavod ölkənin ən nəhəng müəssisələrindən birinə çevrilib. 1931-ci ildə zavoda İosif Stalinin adı verilib.

Sovet-alman müharibəsi illərində Lixaçovun rəhbərliyi ilə zavod döyüşən ordunu silah-sursat və yük avtomobilləri ilə təmin edib. Məhz bu illərdəki xidmətlərinə görə Lixaçov ən yüksək dövlət mükafatları ilə təltif edilib.

İvan Lixaçov Stalinin ən sevimli şəxslərindən biri sayılıb. Kremldə maşınqayırma sənayesi ilə bağlı bütün müzakirələrdə Lixaçovun fikri həlledici rol oynayıb.

1949-cu ildə zavod adını daşıdığı Stalin üçün ilk olaraq zirehli ZİS-115 avtomobilini hazırlayıb. Bu haqda Lixaçov Stalinə özü məlumat verib. Sovet lideri qərara gəlib ki, onun üçün məxsusi hazırlanan avtomobili elə zavodda təhvil alsın.
Beləliklə, Stalin zavoda təşrif buyurub. Avtomobil haqqında ona ətraflı məlumat bildirdikdən sonra Stalin üzünü Lixaçova tutub:

– İvan Alekseyeviç, xahiş edirəm bu avtomobilin konstruktorlarını da bura dəvət edəsiniz. Mən sizə inanıram, amma ehtiyatımı da əldən vermirəm.

Lixaçov konstrurktorları yanına çağırıb və Stalinə təqdim edib. Stalin razılıqla başını yellədikdən sonra göstəriş verib:

– Yoldaş Lixaçov, indi siz və bu iki nəfər konstruktor maşına əyləşin və şüşələri qaldırın.

Göstəriş dərhal yerinə yetirlib. Sonra Stalin mühafizəçilərinə göstəriş verib:

– Maşına avtomatdan atəş açın.

Bu göstəriş də dərhal icra olunub. Stalin əli ilə maşında əyləşənlərin düşməsini xahiş edib:

– Maşını təhvil aldım, istənilən kağıza imza ata bilərəm.

Lixaçov hər bir məmur tərəfindən hörmətlə qarşılanan şəxs olub. Stalinin vəfatından sonra onun nazir vəzifəsinə təyin olunması da buna sübutdur. Belə ki, Xruşov hakimiyyətə gəldikdən sonra o, SSRİ avtomobil nəqliyyatı və şosse yolları naziri vəzifəsinə təyin edilib.

“Əfsanəvi direktor” adını qazanan İvan Lixaçov 1956-cı ildə, 60 yaşında vəfat edib. Mərkəzi Komitənin təşəbbüsü ilə onun dəfni dövlət səviyyəsində keçirilib. Vəfatından sonra uzun illər direktoru olduğu zavoda onun adı verilib – Lixaçov adına avtomobil zavodu (ruscası – ZİL).

İlham Cəmiloğlu, Musavat.com