23 Dekabr 2024

Qida rasionunda balıq ətinə üstünlük verən insanlar uzunömürlü olurlar

Balıq və balıq məhsulları əvəzsiz qida mənbəyidir. Balıq ətinin zülal, yağ, vitamin və s. maddələrlə zəngin olması, bu maddələrin orqanizm tərəfindən tez həzm edilməsi onu daha da qiymətli edir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Dövlət Aqrar Universitetinin dosenti Namiq Mustafayev deyib.

Mütəxəssisin sözlərinə görə, balıq ətinin tərkibində elə mikroelementlər və vitaminlər var ki, onlar heyvan və quş ətində ya olmur, ya da çox az miqdardadır. Balıq yağı tərkibində olan yağ turşularının nisbətinə, aşağı tempraturda əriməsinə, D və A vitaminləri ilə zəngin olmasına görə müalicəvi əhəmiyyət daşıyır. Ona görə də balıq və balıq məhsulları bir qida kimi heyvan və quş ətindən nəinki geri qalmır, hətta bir çox hallarda onlardan üstündür.

“Təsadüfi deyil ki, müntəzəm olaraq balıq əti ilə qidalanan insanlarda ürək-damar xəstəliyi çox az hallarda təsadüf olunur və onlar uzunömürlü olurlar. Təzə balıq əti dietik məhsul kimi də bir çox xəstəliklərin müalicəsində, о cümlədən ürək-damar xəstəliyində, aterosklerozda, qanda xolesterinin azaldılmasında və s. istifadə edilir. Balıq əti kaloriliyinə görə də mal və quş ətindən üstündür. Alimlər müəyyən ediblər ki, insan orqanizmi 100 qram balıq ətində olan zülalın 40 qramını mənimsədiyi halda, həmin miqdarda mal ətində olan zülalın cəmi 10 qramını mənimsəyə bilir. Qida problemi ilə məşğul olan alimlər müəyyən ediblər ki, balıq əti, xüsusilə qızılxallı balıqlar insan orqanizmi tərəfindən asanlıqla mənimsənilən zülal mənbəyidir. İnsanın qəbul etdiyi qızılxallı balığın ümumi kütləsinin 80 faizi orqanizm tərəfindən mənimsənilir”, – deyə N.Mustafayev bildirib.

Dosent qeyd edib ki, süni artırılan canlılar arasında balıqlar onlara verilən yemin mənimsənilməsinə görə də kəskin fərqlənir. Məsələn, 1 kiloqram balıq əti əldə etmək üçün 1,0 -1,5 kiloqram quru yem tələb olunursa, həmin miqdarda mal əti əldə etmək üçün 3-6 kiloqram yem sərf edilməlidir: “Bunun əsas səbəblərindən biri balıqların qanının soyuq olmasıdır. Belə ki, qanı isti olan heyvanlar qəbul etdikləri yemin müəyyən hissəsini bədən temperaturunu sabit saxlamağa sərf edir.

Ədəbiyyat məlumatlarında hələ qədim zamanlardan Kür çayından insanların balıqları ovlaması, onların ətindən, kürüsündən qida kimi, hava qovuğundan isə yapışqan hazırlanmasında və s. istifadə etmələri haqqında məlumatlara rast gəlinir”.

Mütəxəssis deyib ki, Gəncə-Qazax bölgəsində həm təbii su hövzələrində, həm də süni yolla bir sıra yüksək əmtəə keyfiyyətli balıq növləri yetişdirilir. Təbii su hövzələrindən ovlanan balıqlara Xəzər külməsini, Kür şəmayısını, Şərq çapağını, çəkini, gümüşü dabanbalığını, sıfı, Avropa naxasını misal göstərmək olar. Bu balıqlar Kür çayı üzərində yaradılmış su anbarlarında, çaylarda və onların qollarında yaşayırlar. Balıqçılıq təsərrüfatlarında isə əsasən əlvan qızılxallı, poladbaş qızılbalıq, çəki, ağ amur, əlvan qalınalın, Afrika naxası və s. növlər yetişdirilir.