“QHT ziyarətləri”: Növbəti görüş “İMZA” İB-də keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində növbəti görüşünü “İMZA”İB-də keçirib.
“İMZA” Sosial İnkişafa Dəstək İB-nin Beynəlxalq və İctimaiyyətlə əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin verdiyi məlumata görə İB-in ofisində keçirilən görüşdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev və Agentliyin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı iştirak ediblər.
Vüsal Quliyev bildirib ki, “İMZA” İB-nin istər sosial şəbəkələrdə, istərsə də cəmiyyətimizin həyatında fəaliyyəti rəğbətlə qarşılanır və yüksək qiymətləndirilir.
“İMZA” İB-nin sədri Xəyyam Əsgərov bildirib ki, təşkilat yaranandan bəri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hər birimiz üçün əsas hədəf kimi müəyyənləşdirdiyi dövlətimizə və millətimizə xidmət məfkurəsinə sadiq qalıb: “Əlbəttə ki, İctimai Birliyimiz ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hamımıza nümunə olan xeyirxahlıq amallarına söykənərək öz işini qurub. “İMZA” İB-i indiyə qədər müxtəlif yerli və beynəlxalq əhəmiyyətli tədbirlər keçirib. Bura şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı, aztəminatlı ailələrə edilən yardımlar və s. daxildir. Bunlara paralel olaraq “İMZA”çılar ötən il beynəlxalq əhəmiyyətli I Qarabağ iqtisadi forumunu da keçiriblər. Forum həm ölkə daxilində, həm də xaricində böyük maraqla qarşılanıb. Bu il “İMZA” İB-nin Türkiyə nümayəndəliyi yaradılıb. Türkiyənin Azərbaycandakı sabiq səfiri, təcrübəli diplomat və ictimai-siyasi xadim Hulusi Kılıç idarə heyətinin qərarı ilə bu vəzifəyə təyin edilib. Bu il məhz Türkiyədə II Qarabağ beynəlxalq iqtisadi forumunun keçirilməsi nəzərdə tutulub. Sosial şəbəkələrdə də “İMZA”-nın fəaliyyətinə xüsusi maraq və rəğbət var. Sosial şəbəkələrdə statistikamızın milyonlarla ölçülməsi buna əyani sübutdur. “İMZA” könüllüləri isə cəmiyyətimizin həyatında öz fəallıqları ilə seçilirlər”.
Qeyd edək ki, görüş zamanı gələcək planlar da ətraflı şəkildə müzakirə olunub.





