23 Dekabr 2024

QHT-dövlət münasibətlərinə həsr olunmuş növbəti Respublika zona konfransı Qəbələdə keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının təşkilini davam etdirir.

Növbəti konfrans Qəbələ rayonunda keçirilib.

Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvi Günel Səfərova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məsul əməkdaşları, Qəbələ, Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, İsmayıllı, Ağdaş rayon icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, adı çəkilən rayonlarda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Qəbələ Heydər Əliyev Konqres Mərkəzində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransı açıq elan edərək tədbirin proqramı haqqında geniş məlumat verib. A. Əliyeva bildirib ki, bu gün sürətlə yeniləşən, keyfiyyətcə yeni mərhələyə qədəm qoyan ölkəmizdəki hüquqi dövlət quruculuğu prosesində atılan addımlar, söz, mətbuat, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının kifayət qədər formalaşması, eləcə də konstruktiv ictimai tənqid və tənbeh üçün hər cür şəraitin yaradılması, məmur-vətəndaş münasibətlərinin ictimai və hüquqi normaya uyğun tənzimlənməsi insanların idarəetmə prosesinə cəlb olunmasına ən yüksək səviyyədə şərait yaradır. Bütövlükdə ictimai norma və qaydalar, sosial göstərişlər və hüquqi cəzalar kimi anlayışları özündə birləşdirən ictimai nəzarət həm də dövlət idarəçiliyinə bir institusional dəstəkdir.Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev çıxış edərək, müasir dövrdə qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prossesinin vacib institutlarından birinə çevrildiyini vurğuladı. O, dövlət orqanları ilə QHT sektorunun bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığının vətəndaş cəmiyyətinin inkişafı, ictimai iştirakçılığın təmin olunması, habelə milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd etdi.

V.Quliyev QHT-dövlət münasibətlərində yeni mərhələnin başladığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə yeni yaradılmış Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinə və qarşısına qoyulmuş vəzifələrə diqqəti çəkdi.

Səmərəli ictimai nəzarət mexanizmlərinin inkişaf etdirilməsinə toxunan V.Quliyev dövlət qurumlarının fəaliyyətində məhsuldarlığın, eləcə də şəffaflığın və hesabatlılığın artırılmasında ictimai şuraların əhəmiyyətli rolunu qeyd etdi. O, dövlət qurumlarında ictimai şuraların şəffaf və səmərəli fəaliyyətinin genişləndirilməsinin aktuallıq kəsb etdiyini vurğulayaraq, onlara müvafiq dəstəyin göstərilməsinin, eləcə də ictimai şuraların fəaliyyəti nəticəsində əldə olunan nəticələrin ümumiləşdirilməsini və ictimaiyyətə təqdim olunmasının zəruriliyini bildirdi.

Çıxış edən digər natiqlər Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova, Əli Pənahov və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvi Günel Səfərova bildiriblər ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhvə verəcək. Qeyd edilib ki, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ardıcıl tədbirlər təşkil edilməli, bu xüsusda sosial medianın imkanlarından istifadə edilməlidir.

Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, onların təklifləri dinlənilib, sualları cavablandırılıb. İctimai şura üzvləri mütəmadi olaraq təlimatlandırıcı seminarların keçirilməsinin vacibliyini vurğulayıblar.