22 Dekabr 2024

QHT dövlət əməkdaşlığının gücləndirilməsi cəmiyyətin maraqlarına xidmət edir

Möhtərəm prezidentimiz cənab İlham Əliyev dövlət siyasətinin ictimai maraqlara xidmət etməsinə daim prioritet məsələ kimi baxıb. Təsadüfi deyil ki, Prezident geniş tərkibli iclaslarda , müşavirə və konfranslarda ictimai nəzarətin həyata keçirilməsi üçün vətəndaş və ictimai sektoru daim fəal olmağa çağırır. Vətəndaşların haqlı şikayətlərinin həlli istiqamətində icra hakimiyyəti orqanlarına ciddi tapşırıqlar verilir. Ancaq əfsuslar olsun ki, ölkə başçısının belə bir qəti iradəsi ortada olmasına baxmayaraq, bir çox hallarda məmurlardan vətəndaş şikayətləri dayanmır. Deməli, qanunların icra olunmasında neqativ halların aradan qaldırılması, ölkə başçısının ortaya qoyduğu siyasi iradənin yerinə yetirilməsində ictimai sektorunda üzərinə düşən vəzifələr az deyil.

 Ölkə başçısının irəli sürdüyü tələb və təkliflərin həyata keçirilməsində vətəndaş cəmiyyəti instutu kimi QHT-lərin də böyük rolu var . Müasir dövrün tələblərinə uyğun olaraq səsləndirilən fikirlərə görə QHT-lər ictimai nəzarətin gücləndirilməsini qarşıya məqsəd qoyublar. Bu qəbildəndir ki, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə ictimai nəzarətin genişləndirilməsi mövzusunda ardıcıl olaraq tədbirlər həyata keçirilməkdədir.

Quba, Şəmkir, Gəncə ,Şamaxı , Bərdə , Qəbələ ,İmişli bölgələrində keçirilən konfransların gündəliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” vətəndaşların fəallığının artırılmasına, qanunların effektiv şəkildə icrasına əməl olunmasından ibarət olmuşdur.

Son vaxtlar Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, QHT Agentliyinin məsul əməkdaşı Rövşən Həmidovun iştirakı ilə Respublikanın bir sıra bölgələrində keçirilən konfranslar məqsəd etibarilə  ictimai nəzarətin gücləndirilməsini təşviq edir. Keçirilən tədbirlər monitorinq və hesabatlılıq baxımından da əhəmiyyətli və yüksək qiymətləndirilə bilər. Panel görüşlərin seçilən forması, dizayn olunmuş səhnənin özü də auditoriya tərəfindən maraqlı qarşılanır. İnkişaf etmiş Avropa ölkələrində keçirilən beynəlxalq tədbirlərin formasına uyğun quraşdırılmış baner və qarşısındakı sıralanmış stulların G7 ölkələrinin tədbirlərinə bənzəməsi təsadüfi hesab olunmamalıdır. Hesab etmək olar ki, forma etibarilə bu həm də cəmiyyətə ötürülən bir mesajdır. Cəmiyyətlə münasibətlərdə işgüzar mühitin yaradılması və  maneəsiz dialoqun açarıdır. Təsəvvürümüzdə qalan rəsmiyyətçi sədarət masasından qurtulmağın nümunəsidir. Yəni, bu o deməkdir ki, dünyanın mütərəqqi texnologiyalarına söykənməklə idarəetmənin aparılması müasir tələblərə uyğunlaşdırılmalıdır. Məmur özbaşınalığına yol verilməməli, vətəndaşlar incidilməməlidir. Vətəndaşlar həyata keçirilən dövlət siyasətindən məmnun qalmalı, xalq- hakimiyyət birliyi təmin edilməlidir. Bütün bunların özü cəmiyyətə yeni mesajın ötürülməsi kimi anlaşıla bilər. Düşündüyümüz kimi ən doğrusu da elə bu nümunənin yaradılmasıdır. Azərbaycan Respublikası Prezident Administrasiyasının rəsmi şəxslərinin və Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin keçirilən konfranslarında QHT – Dövlət əməkdaşlığının genişləndirilməsi: İctimai nəzarətin gücləndirilməsi sahəsində çağırışların səsləndirilməsi ictimai maraqların müdafiəsinə yönəlmişdir. Cənab Prezidentin ictimai münasibətlərin təkmilləşdirilməsində göstərdiyi təşəbbüslərin dəstəklənməsi deməkdir.Bir sözlə, gecikən və icradan yayındırılan qanuni mexanizmlərin işə salınmasını təmin etməkdən ibarətdir.  

Bölgələrdə keçirilən ictimai iştirakçılığa dair dinləmə və müzakirələr göstərdi ki, regionlarda hələ də ictimai şuraların formalaşdırılmasında mövcud durum qənaətbəxş deyil. İctimai şuraların təşkili həyata keçirilərkən qanunun tələblərinə əməl olunmayıb. İctimai şuralarda təmsil olunan şəxslər orada olduqlarını ümumiyyətlə bilməyiblər. İctimai şuraların yaradılması formal olaraq kağız üzərində aparılmışdır. İctimai maraqlara söykənən tədbirlərdən isə  şura üzvlərinin xəbərləri  olmayıb.

İlkin olaraq bu halın özünü müəyyənləşdirmək yerli icra hakimiyyətləri yanında yaradılan ictimai şuraların nəbzini yoxlamağa bənzədi. Müəyyən olundu ki, təşkil olunan ictimai şuraların sağlamlığı o qədər də kafi deyil. Bunun üçün də təcili tədbirlərin görülməsinə ehtiyyac var. Nəzərə alsaq ki, keçirilən konfranslarda sosial şəbəkələr üzərindən ictimai şuraların fəaliyyətsizliyi aşkar olunub, bu da onu göstərir ki, yaradılan ictimai şuralar müasir dövrün tələblərinə cavab   vermir. Bunun üçün də fəaliyyətlər təkmilləşdirilməli, görülən işlərin ictimai faydalılıq əmsalı artırılmalıdır.

İctimai şuralarda təmsil olunan şəxslər də təbii ki, məsuliyyətlərini dərk etmiş oldular. Arxayınçılqdan fəaliyyət göstərməyən şura üzvləri gözləmək olar ki, nöqsanlardan nəticə çıxarıb, yeni nəfəslə vəzifələrini icra edəcəklər.

Konfranslarda xüsusilə vurğulanıb ki, ictimai nəzarətin gücləndirilməsində Prezidentin təşəbbüslərinə dəstək olmaq istəyiriksə ictimai iştirakçılıq haqqında qanunun tələblərinə riayət etməli, icra hakimiyyəti yanında şuraların işini düzgün təşkil etməliyik. Bütün müraciət və şikayətlərin baxılması təmin olunmalıdır.

İctimai şuraların da zamanla güclənməsi üçün cəmiyyətdə təşəbbüslər vacibdir, burada həmin təcrübəli vətəndaş cəmiyyətlərinin birgə səyi tələb olunur. Ölkə rəhbəri də illərdir, ictimai nəzarətin gücləndirilməsi üçün sərt çıxışlar və çağırışlar verir. Deməli, ictimai maraqların təminatı üçün bu sahənin inkişafı vacibdir. Ümumilikdə görüşlər zamanı aydın olur ki, İctimai Şuralar rayon icra hakimiyyətləri tərəfindən heç bir seçki  keçirilmədən siyahı formalaşdırılması şəklində təşkil olunur. Halbuki İctimai Şuralar İctimai İştirakçılıq haqqında Qanunun tələblərinə uyğun olunmalıdır, müvafiq vaxt və texniki prosedurlara riayət edilməlidir. Demək olar ki rayon icra hakimiyyətləri tərəfindın İİH AR qanununun tələbləri pozulmuşdur.

Bütün bunları qeyd etməklə əldə olunan nəticələrə əsaslanaraq deyə bilərik ki, RİH-ləri yanında ictimai şuraların işinin təkmilləşdirilməsi üçün bir sıra addımların atılmasına ehtiyyac var: 1. Rayon icra hakimiyyətlərində İctimai Şuralar üzrə səlahiyyətli nümayəndə (koordinator) təyin edilsin    2. Rayon icra hakimiyyətlərinin əməkdaşları üçün İctimai Şuranın mahiyyəti,  İctimai Şuraya seçkilər və Şuranın Formalaşdırılması, İctimai şuralarla effektiv əlaqələrin qurulması istiqamətində intensiv təlim proqramının həyata keçirilməsi. 3. İctimai Şuraların hesabatlılığı məsələləri: ictimai şuranın dövrü ( rüblük,  yarımillik arzulanandır) və illik hesabatlarının ictimaiyyətə təqdim olunması və  İH saytında və yerli mediada dərc olunması. 4. Uğurlu təcrübəsi olan İctimai Şuralarla əlaqələrin və əməkdaşlığın qurulması və inkişaf etdirilməsi və,s.

Keçirilən konfransların əhəmiyyəti maarifləndirmə baxımından yüksək qiymətləndirilməlidir.Demək olar  ki, dövlət özü vətəndaş cəmiyyəti ilə əl-ələ verib ictimai nəzarətin təmin olunması üçün iradə ortaya qoyub. Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bölgə müşavirələri də bu baxımdan uğurla həyata keçirilir. Gələcəkdə də bu kimi tədbirlərin davam etdirilməsi olduqca vacibdir.

Musa Muradlı – Ekoloji İnformasiya İctimai Birliyinin sədri