Qətiyyətli Ali Baş Komandan, ordu və xalq birliyi Vətən müharibəsində Qələbəni təmin edən başlıca amil oldu

Qətiyyətli Ali Baş Komandan, ordu və xalq birliyi Vətən müharibəsində Qələbəni təmin edən başlıca amil oldu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Bərdə rayon Heydər Əliyev Mərkəzində keçirilən “Müzəffər Ali Baş Komandan-Xalq-Ordu birliyi” mövzusunda keçirilən tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Mövzu ilə bağlı məruzə edən Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor vəzifəsinin icraçısı Xosrov Musayev bildirib ki, Azərbaycan tarixində bir çox şərəfli anlar olub, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərləri, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyətə malikdir. Hər bir Azərbaycan vətəndaşı çox xoşbəxtdir ki, bu tarixi, şərəfli anlara şahidlik edir, möhtəşəm tarixi günləri yaşayır.
Rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Bərdə Rayon İcra Hakimiyyəti aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurundan və qazanılan tarixi Qələbənin əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin kurs tələbəsi Əli Əzizli “Gözün aydın Azərbaycan” şeirini söyləyib.
Media1.az