10 Avqust 2025

Qənirə Paşayeva Özbəkistanın Mədəniyyət və Sənət İnstitutunun rektoru ilə görüşüb FOTO

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan paytaxtı Daşkənddə və Surxandərya vilayətində keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirak edən Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və onun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Özbəkistanın Mədəniyyət və Sənət İnstitutunun rektoru Prof.Dr İbrahim Yuldaşev ilə görüşüb.

Görüşdə tarixən bir-birinə bağlı olan, dili bir, dini bir xalqlarımız və qardaş dövlətlərimiz arasında yüksək səviyyəli münasibətlərdən, müxtəlif sahələrdə, o cümlədən, mədəniyyət, təhsil və elm sahəsində günü gündən güclənən əlaqələrdən danışılıb. Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasındakı səmimi dostluğun, qardaşlığın qarşılıqlı münasibətlərin inkişafına xidmət göstərən insanlar üçün örnək təşkil etdiyi vurğulanıb. Qardaş ölkələrimiz arasında mədəni əlaqələrin hər keçən gün daha da inkişaf etdiyini bildirən Komitə sədri, ali məktəblər, o cümlədən mədəniyyət və incəsənət profilli təhsil ocaqları arasında işbirliyinin daha da gücləndirilməsinin vacibliyindən danışıb.

Q.Paşayeva Özbəkistanın ayrı-ayrı vilayətlərində hər il keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərini qardaş ölkələrimizin mədəni mübadiləsini gücləndirən, yeni layihələrin, ideyaların meydana çıxmasına vəsilə olan hadisələr kimi dəyərləndirilib.

Komitə sədri rektora Qarabağ motivli xatirə hədiyyəsi və Azərbaycan həqiqətləri ilə bağlı kitablar təqdim edib.

Görüşdə Millət vəkili, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Özbəkistanda keçirilən tədbirlərə dəstək verən qurumlardan olan “NƏFƏS” İB-nin sədri Firəngiz Balakişiyeva, “Fitoterapevtlər Cəmiyyəti”nin sədri Məlahət Qəhrəmanova, “Umay – Türk Dünyası qadınlarına dəstək” İB Təşkilat Komitəsinin sədri Vəsilə Abulova, tanınmış modelyer, Azərbaycan və Özbəkistan milli qadın geyimləri dəfiləsini hazırlayan Afaq İsmayılzadə, dekorativ tətbiqi sənət ustası Aygün Nağıyeva, rəssam-dizayner Qənirə Süleymanova, Xalq artisti Gulyanaq Məmmədova, tanınmış rejissor Elnurə Kazımova, ictimai fəal xanımlarımızdan Yeganə Əliyeva iştirak edib.