22 Noyabr 2024

Qənirə Paşayeva Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində geniş məruzə ilə çıxış edib

MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində geniş məruzə ilə çıxış edib və gənc alimlərə, ziyalılara, tələbələrə çağırış səsləndirib.

Ötən il böyük şair Nizami Gəncəvinin 880 illiyi, Əlişir Nəvainin 580 illiyi ilə əlaqədar Azərbaycan və Özbəkistanda yüksək səviyyədə tədbirlərin keçirilməsi, dövlət başçılarımız tərəfindən ötən il Azərbaycanda Nizami ilinin, Özbəkistanda isə Nəvai ilinin elan edilməsinin önəmi barədə danışan Mədəniyyət Komitəsinin sədri Q. Paşayeva türk dünyası gəncliyini hər iki dahi şəxsiyyəti yaxşı öyrənməyə, onların düşüncələrinə daha çox sahiblənməyə və bütün dünyada daha geniş anlatmağa çağırıb. Bu gün dünyanın Böyük Nizami və ustad Nəvainin düşüncələrinə böyük ehtiyacı var deyən Q. Paşayeva gənclərlə bu mövzuda müzakirələrin daha da artmasının önəmini də xüsusi vurğulayıb. Daşkənd Dövlət Pedaqoji Universitetinin 1947-ci ildən böyük şair və mütəfəkkir Nizami Gəncəvinin adını daşımasının böyük məmuniyyət doğurduğunu deyən Q. Paşayeva Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələrinin böyük tarixi, bu istiqamətdə önəmli xidmətlər göstərmiş böyük ziyalılar barədə danışıb və hətta sovet işğalında yaşadığımız dönəmlərdə belə bu əlaqələrin dayanmadığı deyərək gənclər şair, yazar, aydın və alimlərimizin müstəqil dövlətlərimizin vətəndaşları olaraq bu istiqamətdə daha çox çalışmaq üçün böyük imkanlara malik olduqlarını xüsusi vurğulayıb. Türk dövlətləri birliyinin önəmi varədə geniş fikirlərini bölüşən Q.Paşayeva türk dövlətlərinin daha da güclənməsinin yolunun birliyimizi möhkəmləndirməkdən keçdiyini deyən Q.Paşayeva gəncləri bu birlik üçün çalışmış böyük şəxsiyyətlərin həyat yolundan örnək götürməyə çağırıb.

Qənirə Paşayeva xalqlarımızın dost, qardaş olduğunu vurğulayıb, şair və yazıçılarımızın dostluğundan söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb. O deyib ki, Azərbaycan və özbək xalqlarının böyük oğlu, şair və tərcüməçi Maqsud Şeyxzadə ömrünün sonunadək bu universitetdə dərs deyib, özbək dramaturgiyasının inkişafına böyük töhfə verib. Yazıçının “Mirzə Uluqbəy”, “Manquberdi” dramları, “Daşkəndnamə” poeması məşhurdur.

Özbək alimlərin Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şöhrət Siracəddinov və dosenti Gülbahar Aşurovanın müəllifi olduğu və Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin dəstəyi ilə nəşr olunan “Nizami Gəncəvi və Əlişir Nəvainin yaradıcılığında Türk təfəkkürü və ideoloji bədii əsaslar” adlı monoqrafiyanın önəmi barədə də danışan Q.Paşayeva müəlliflərə dərin təşəkkürünü bildirib və gəncləri, tələbələri bu kitabı oxumağa çağırıb.

Komitə sədri vurğulayıb ki, Özbəkistan 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq işini müdafiə edib. Bunun üçün deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və özbək xalqına minnətdarlığını bildirib. Komitə sədri deyib ki, işğaldan azad olunan Şuşa şəhəri bu il Azərbaycanın mədəniyyət paytaxtı elan olunub, gələn il isə Türk dünyasının mədəniyyət paytaxtı olacaq.

Universitetin rektoru, professor Abduqaffor Kırqızbayev açaraq bu ali məktəbin tarixi haqqında məlumat verib, universitetin 1947-ci ildən böyük Nizami Gəncəvinin adını daşıdığını bildirib, Azərbaycan-Özbəkistan əməkdaşlığı və ədəbi əlaqələr haqqında çıxış edib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, türk dünyası bəşəriyyətə böyük alimlər, filosoflar, şairlər, yazıçılar bəxş edib və belə görkəmli mütəfəkkirlərin siyahısında Azərbaycan xalqının fəxri Nizami Gəncəvi və özbək ədəbiyyatının dahi şairi Əlişir Nəvainin adları fəxrlə çəkilir. S. Abbasov dahi mütəfəkkir şairlər Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinin tədqiqi və təbliğinin bütün dövrlər üçün aktual olduğunu qeyd edərək onların irsinin öyrənilməsi, tədqiq edilməsi və yeni, sanballı mənbələrin üzə çıxarılmasının vacib olduğunu vurğulayıb. O, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şöhrət Siracəddinov və dosenti Gülbahar Aşurova tərəfindən hazırlanan monoqrafiya haqqında fikirlərini bölüşüb, Nizami irsinin təbliği və tədqiqi istiqamətində Özbəkistanda aparılan işlər haqqında məruzə edib.

Millət vəkili Müşfiq Cəfərov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğuna toxunaraq qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində böyük layihələrin həyata keçirilməsindən bəhs edib. O belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda reallaşmasının vacibliyini söyləyib.

Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərində multikulturalizm ideyalarının ön plana çəkilməsi haqqında söhbət açıb. Kitabın əhəmiyyəti haqqında söhbət açan A.Marifli bildirib ki, Azərbaycanın Mədəniyyət naziri Anar Kərimovun imzası ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetin rektoru Abduqaffor Kırqızbayev “Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanına layiq görülüb. Sonra xatirə nişanı və vəsiqə rektora təqdim edilib.

Professorlar Nurbay Cabbarov, Niqina Şermuxammedova, Gəncə regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, alim Kərimulla Məmmədzadə, “Nəfəs”İB-nin sədri Firəngiz Balakişiyeva ölkələrimiz arasında mədəni-humanitar sahədə əməkdaşlığın inkişafından, təqdim olunan kitabın əhəmiyyətindən danışıblar.

Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva və “Nəfəs” İB-nin sədri Firəngiz Balakişiyeva universitetə Qarabağ motivli əsərlər, xatirə hədiyyələri, tanınmı. rəssamımız Sakit Məmmədovun “Azərbaycan qızı və Özbəkistan qızı” əsərlərini, Azərbaycan mədəniyyətinə, tarixinə aid kitablar hədiyyə ediblər. Ziyarətdə bir qrup azərbaycanlı ziyalılar, fəal qadınlarımızı, QHT təmsilçiləri də iştirak ediblər.