Qarşılıqlı münasibətlər strateji xarakter daşıyır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
Səfər zamanı hər iki ölkənin rəhbərləri qarşılıqlı əlaqələrin inkişafını geniş müzakirə edib, dövlətlərarası sənədlər imzalanıb. Dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir: “Xalqlarımız ictimai-siyasi formasiyadan asılı olmayaraq, uzun əsrlər boyu sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır. İki müstəqil dövlət olaraq isə artıq 30 ildən çoxdur ki, həm beynəlxalq strukturlarda, həm də ikitərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstərir. Son vaxtlar qarşılıqlı səfərlərimizin dinamikası çox illüstrativdir və bu, münasibətlərə yeni dinamizm verildiyini göstərir”. Dövlət başçımızın qeyd etdiyi kimi, Qazaxıstanın uğurları bizi sevindirir.
Qarşılıqlı münasibətlər strateji xarakter daşıyır. Qazaxıstan Prezidentinin hələ 2022-ci ilin avqustunda səfəri zamanı iki ölkə arasında strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalanıb. Bu sənəd bizim münasibətlərin xarakterini və formasını müəyyən edir. Strateji müttəfiqlik qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa yönləndirir. Budəfəki səfər zamanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qeyd edib ki, ilk dəfə Ali Dövlətlərarası Şuranın iclasının keçirilməsi tarixi hadisədir: “Biz iqtisadi-ticari və investisiya əməkdaşlığımızla, beynəlxalq arenada qarşılıqlı fəaliyyətimizlə bağlı demək olar ki, bütün məsələlərin müfəssəl müzakirəsini apardıq və ümumi nəticələrə gəldik. Bu, onu göstərir ki, Qazaxıstan və Azərbaycan həqiqətən strateji tərəfdaşlardır, müttəfiq dövlətlərdir.
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı