Qarabağdan Ukraynaya göndərilən generala əmr: “Nəyin bahasına olur-olsun…”
“Hazırda Rusiyanın Vuqledar şəhərinə yenidən hücum planlaşdırıb-bilmədiyi bəlli deyil. Amma işğalçılar hücuma keçsələr belə, irəliləyərək cəbhənin digər ərazilərində əməliyyatlara dəstək verəcəyi ehtimalı çox azdır”.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) məlumatında deyilir.
“Martın 5-də Ukrayna Baş Qərargahı Rusiya müdafiə naziri Sergey Şoyqunun Şərq Hərbi Dairəsinin komandanı, general-polkovnik Rüstəm Muradova nəyin bahasına olur-olsun Vuqledarı ələ keçirməsi barədə əmr verdiyini açıqlayıb. ISW iddia edir ki, Şoyqu Muradovu “xüsusi hərbi əməliyyat”ın komandanı kimi yararlı olub-olmadığını yoxlayır. Amerikalı analitklərə görə, Muradovun hərbçi kimi peşəkarlığı Rusiyanın ağır canlı qüvvə itkiləri və hədəflərə doğru irəliləyə bilməməsi fonunda nəzərdən keçirilir.
Ekspertlərin fikrincə, Vuqledarda böyük itkilər fonunda Rusiya komandanlığında baş verən konflikt rus qüvvələrinin əməliyyat imkanlarını daha da məhdudlaşdırır. Eyni zamanda, Rusiya bu istiqamətdə kadrlarla bağlı problemlər yaşayır. Sakit Okean Donanmasının 155-ci Dəniz Briqadasının komandirləri hücuma keçməkdən imtina edirlər. Könüllü “Kazak batalyonları”ndan biri zabitlərin səriştəsizliyi ucbatından hücuma keçmək əmrini yerinə yetirməmək qərarına gəlib. Yuxarıda adı çəkilən 155-ci Briqada müharibə başlayandan bəri yeddi dəfə heyətlə təmin olunub, ona görə də effektivliyi çox aşağıdır.
Şoyqu Vuqledara hücumu bərpa etməyi tapşırsa, Muradov bu əmri yerinə yetirmək üçün yeni canlı qüvvə və texnikaya ehtiyac duyacaq. ISW-nin məlumatına görə, Şoyqu Vuqledar ətrafında hücum əməliyyatlarının bərpası imkanlarını qiymətləndirmək üçün martın 4-də Muradovla görüşüb. Amma Şoyqunun Muradovu bunun üçün lazımi resurslarla təmin etmək qərarına gəlib-gəlmədiyi hələlik bəlli deyil.
General Rüstəm Muradov Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya “sülhməramlı qüvvələr”inin keçmiş komandiridir. O, müharibə başlayandan sonra Rusiya hərbi komandanlığı tərəfindən Ukraynaya göndərilib./Teleqraf.com