10 Avqust 2025

Qarabağda işğal sonrası “su planı” necə icra olunur?

Su ehtiyatlarının səmərəli istifadəsi Qarabağda aqrar sahənin inkişafına mühüm töhfə verəcək

Azərbaycan işğaldan azad olunan ərazilərin su ehtiyatlarından maksimum səmərəli istifadə etmək niyyətindədir. Bu niyyətini gerçəkləşdirmək üçün 44 günlük Vətən Müharibəsi bitəndən dərhal sonra işlərə başlanaraq çox qısa müddətdə Suqovuşan su anbarından ətraf rayonlara su verilişi bərpa edilib.

Rəsmi məlumata görə, işğal altındakı ərazilərdə 10-dək su anbarı, 7 su tutarı olub. Ərazilərdəki suvarma şəbəkələrinin uzunluğu 6426 km, hidroqovşaqların sayı 2, kollektor-drenaj şəbəkəsinin uzunluğu 330 km, hidrotexniki qurğuların sayı 8003, nasos stansiyalarının sayı 88, subartezian quyuların sayı 1429 ədəd olub. Ümumilikdə Azərbaycanın 125 800 ha suvarılan torpaq sahəsi işğal altında qalmışdı.

İşğaldan azad olunan ərazilərimizin çaylar, göllər və o cümlədən yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 milyon kub metr hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir.

Qarabağ ərazisində ən böyük su anbarı Sərsəngdir. Sərsəng su anbarı Azərbaycanın Dağlıq Qarabağ ərazisində 1976-cı ildə 12 kilometr uzunluğu olan Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib və tutumu 565 milyon kubmetr olaraq regionun ən iri su hövzəsidir. Anbarın bəndinin hündürlüyü isə 125 metrdir. Sərsəng su anbarı, bəndinin hündürlüyünə görə respublikada ən yüksək su anbarıdır.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin məlumatına görə, Sərsəngdən götürülən su ilə 14 min hektar Ağdərə, 24 min hektar Tərtər, 29 min hektar Ağdam, 6 min hektar Yevlax, 7 min hektar Goranboy, 2 min hektar Ağcabədi rayonu ərazisində torpaqları suvarmaq imkanı var.

Anbardakı mövcud 6 klapan vasitəsilə Tərtər çayına saniyədə 30 kubmetr su buraxmaq mümkündür. Suyun hündürlüyü təhlükəli həddə çatdıqda isə qəza sistemi vasitəsilə bu həcmi saniyədə 740 kubmetrə qədər artırmaq imkanı var. Son 27 ildə ermənilər lazımi texniki xidməti təmin edə bilmədiklərinə görə Sərsəng su anbarının bəndi aşınmalara məruz qalıb, texnogen qurğuların əksəriyyəti sıradan çıxıb və hazırda təhlükəli bir vəziyyət yaranıb: istənilən vaxt baş verə biləcək təbii hadisə və ya hər hansı bir təxribat bəndin dağılmasına gətirib çıxara bilər. Bu isə bir saat ərzində Tərtər rayonu, sonrakı 2-3 saat müddətində isə 6 rayonun su altında qalması demək olar.

Qeyd edək ki, Sərsəngə nəzarət Ermənistanın əlinə keçdikdən sonra ermənilər anbardan Azərbaycanın digər ərazilərinə su vermirdilər. Ətraf rayonlardakı su qıtlığından məlumatlı olan Qarabağdakı qondarma qurum, həmçinin Ermənistan dəfələrlə Sərsəngdən istifadə edərək Azərbaycandan güzəştlər qoparmağa çalışıblar. O cümlədən 2013-cü ildə Sərsəng su anbarından Azərbaycanla qondarma qurumun birgə istifadə etmələri təklif olunub. Hətta Minsk Qrupunun Amerikalı həmsədri Ceyms Uorlik 2015-ci ildə bu təklifi təqdir edən açıqlama da verib. Bundan başqa, Ermənistan və qondarma qurum Sərsəngdən istifadə əvəzində Azərbaycanın Xankəndi aeroportundan uçuşlara icazə verməsi şərtini də irəli sürürdü. Lakin Azərbaycan erməni hiyləgərliyinə aldanmayaraq buna razılaşmayıb. Belə ki, DQR-lə hər hansı formada əməkdaşlıq qurulması onun tanınması anlamına gəlirdi. Azərbaycan rəhbərliyi 100 min hektara qədər əkinəyararlı torpağın susuz qalmasına razı olaraq, qondarma qurumla hər hansı anlaşmaya getməyib.

Sərsəng su anbarı - Wikiwand

2016-cı ilin yanvarında ATƏT Parlament Assambleyası ermənilərin Sərsəng su anbarından su buraxmamaqla Azərbaycana qarşı ekoloji təxribat həyata keçirməsini pisləyən qətnamə qəbul edib. Çox maraqlıdır ki, noyabrın 10-da imzalanan 3 tərəfli bəyannamədən sonra Sərsəng ətrafındakı açar kəndlər olan Çərəkdar və Umudlu kəndlərində yaşayan ermənilər də kəndləri tərk etmişdilər. Lakin sonradan onlar geri qayıdıblar. Son vaxtlar Azərbaycan Ordusu bu bölgədə yeni mövqelər tutmaqla ermənilərin su terrorunun qarşısını almağa çalışır.Ermənistan uzun illərdir ki, Azərbaycana qarşı ekoloji terror siyasəti  həyata keçirir - Deputat

Ermənistan işğal dövründə Azərbaycana qarşı ekoloji terror həyata keçirib. Sərsəng və Suqovuşan su anbarlarından Azərbaycanın digər ərazilərinə su buraxmamaqla yanaşı, kiçik çayların axarlarını dəyişəkdən belə çəkinməyiblər. Məsələn, Köndələnçay su anbarına qədər Köndələnçaya indi rus sülhməramlılarının nəzarətində olan bölgədən bir çay da axıb tökülür. Ermənilər Qırmızı Bazardan Füzuliyə tərəf gedən ərazidə çayın üstündə 3 su anbarı tikmişdilər. Qış aylarında gələn su axınlarını da kiçik kanallarla öz nəzarətlərində olan ərazilərə buraxıb, Füzulinin kəndlərinə tərəf gəlməsinə imkan vermirdilər. İndi Köndələnçay üzərindəki 3 su anbarı azad olunduqdan sonra Aşağı Mahmudbəyli və digər onlarla kəndlərdəki minlərlə hektar ərazinin suvarılmasına imkan verəcək. Xaçınçay su anbarının azad olunması da həmçinin. Füzulinin aşağı hissəsindəki ərazidən keçən Quruçayın qarşısını iri beton lövhələrlə kəsmişdilər. O çay Horadizdən keçib gəlib Araza tökülməliydi, amma ermənilər imkan vermirdilər.

Qarabağdakı su anbarları: Sərsəngdən kiçik su anbarlarına qədər - ARAŞDIRMA  (FOTOLAR)

Qubadlıda, Laçında da onlarla su anbarı var, onların əhəmiyyəti çox böyükdür. Hazırda o anbarın ikisindən rus sülhməramlılarının nəzarətində olan ərazidəki ermənilər elektrik enerjisi almaq üçün istifadə edirlər. Bu enerji Xankəndinin təminatına yönəldilir. Oradan həmçinin Xankəndinə su da verilir. Qalan anbarlar Azərbaycanın nəzarətindədir və hazırda onların bərpası istiqamətində işlər aparılır.

Mart ayında Azərbaycan Fərrux dağına nəzarəti təmin etməklə Ağdam rayonunun su təminatında strateji paya malik Xaçınçay su anbarının tam təhlükəsizliyin təmin edib. Bunu Prezident birinci rübün iqtisadi yekunlarına dair müşavirədəki çıxışında açıq bəyan edib: “Xaçınçay su anbarı düz Fərrux dağının altındadır, Fərrux kəndinin düz böyüründədir və ermənilərin hərbi mövqeləri bu su anbarının istismarını təhlükəyə salmışdı, yəni böyük bir təhlükə mənbəyi idi. Dəfələrlə oradan və digər kəndlərdən Ağdam istiqamətinə atəş açılırdı. Fərrux dağını məncə, indi dünyada tanımayan yoxdur və Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır”.

Onu da qeyd edək ki, 44 günlük müharibədən sonra ermənilər Sərsəng su anbarına nəzarəti əllərində saxladıqlarını dəfələrlə üstünlük kimi vurğulayır, ondan Azərbaycanın digər ərazilərinə su verilməyəcəyini bəyan edirlər. Halbuki yalnız Sərsəngə deyil, rus sülhməramlılarının nəzarətində olan əraziyə gələn suların 95 faizə yaxını Laçın-Kəlbəcərdən gedir. Tərtərçaya qoşulan bir neçə çayın suyu Sərsəngə axır. Sərsəngdən Suqovuşana qədər isə Tərtərçaya 4-5 çay tökülür. Məsələn, Torağançay. Bu, kifayət qədər iri çaydır. Bu isə o deməkdir ki, Suqovuşan yalnız Sərsəngin hesabına dolmur suyla. Buna görə də ermənilərin Suqovuşanı susuz qoymaq imkanları mövcud deyil.

Prezident İlham Əliyevin aprelin 21-də Qarabağa səfərində əsas istiqamətlərdən biri də bölgədəki su ehtiyatları ilə bağlı aparılan işlərlə tanışlıq idi. Azərbaycan üçün azad olunan ərazilərdəki su anbarlarının gələcək istismarı, hidroehtiyatların ölkənin su təsərrüfatında rolu bərpa prosesinin və böyük qayıdışın tərkib hissəsidir. Səfər zamanı Prezident Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanış olub.

Məlumdur ki, işğal dövründə on minlərlə hektar əkinəyararlı torpaq sahələrinin suvarılmaması faktiki olaraq bu sahələrin təsərrüfat dövriyyəsindən çıxarılmasına səbəb olub. Mövcud su anbarlarının qəsdən məhv edilməsi isə Ermənistanın Qarabağda aqrar sahədə dağıdıcı fəaliyyətinin nəticəsidir. Köndələnçay su anbarı buna bariz misaldır. Ümumi sistemə daxil olan “Köndələnçay-1″, ”Köndələnçay-2″ və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq.

Hazırda işğaldan azad olunmuş ərazilərdə ümumilikdə 9 su anbarı tikilir və ya təmir olunur. Hökumətdən bildirildiyinə görə, Qarabağın zəngin su ehtiyatlarının düzgün və səmərəli idarə olunması bütövlükdə regionun iqtisadi inkişafını sürətləndirəcək. İşğaldan azad olunan ərazilərin kənd təsərrüfatı sahəsində potensialı ölkə iqtisadiyyatı üçün mühüm drayverlərdən birinə çevriləcək. Su ehtiyatlarının düzgün idarə edilməsi və səmərəli istifadəsi isə Qarabağda aqrar sahənin inkişafına töhfə verəcək. Hazırda bərpası nəzərdə tutulan su anbarlarının istifadəyə verilməsi ilə bu məsələ həllini tapacaq.

Bərgüşad və Həkəri çayları üzərində su anbarları inşa ediləcək

Azərbaycan Həkəri çayının üzərində 130 milyon kubmetrlik içməli suyun toplanması üçün, Bəşəri çayının üzərində isə suvarmada istifadəsi nəzərdə tutulan 65 milyon kubmetrlik su anbarlarının tikilməsini planlaşdırır. Bununla yanaşı, Xudafərində 1,6 milyard kubmetr tutumu olan su anbarı da tikilir. Ondan 13 km aşağıda yerləşən, 62 milyon kubmetr tutumu olan “Qız qalası” su anbarı var. “Xudafərin” su anbarı 250 min hektardan çox sahənin suvarılmasını yaxşılaşdıracaq. “Qız qalası”ndan isə 50 kubmetr saniyədə tutumu olan kanalın çəkilməsi nəzərdə tutulur ki, bu da əlavə olaraq Cəbrayıl rayonunun 12 min hektar suvarma sahələrinin su təminatını yaxşılaşdıracaq.

Hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidəki Sərsəng su anbarının bərpası, tam işlək vəziyyətə gətirilməsi, öz funksiyası üzrə istifadə olunması üçün müvafiq rəsmi komissiyalar, İşçi Qruplar tərəfindən layihələr, təkliflər hazırlanmaqdadır.

İşğaldan azad edilmiş ərazilərdə mövcud su anbarlarının təmir-bərpası ilə yanaşı, yeni su anbarlarının tikintisi məqsədilə araşdırmalar aparılıb. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Məmməd Əsədovun sözlərinə görə, bununla bağlı layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib: “Bərgüşad çayı, Həkəri çayı üzərində yeni su anbarlarının tikintisi planlaşdırılır. Bu su anbarları əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, eyni zamanda Ağdam rayonun, eləcə də Araz boyunda yerləşən rayonların əhalisinin içməli su ilə təmin edilməsində əhəmiyyətli rol oynayacaq”.