22 Dekabr 2024

“Qarabağ üçün beynəlxalq mexanizm yoxdur və ola da bilməz”- Hikmət Hacıyev

Dünən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan erməni mətbuatına müsahibəsində bildirib ki, Ermənistan və Azərbaycan 2022-ci ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədirlər. Qriqoryanın sözlərinə görə, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Azərbaycan Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdə sülh müqaviləsinin şərtləri, yəni ilin sonuna qədər müqavilənin imzalanması müzakirə olunub. Qriqoryan onu da qeyd edib ki, ilin sonunadək delimitasiya prosesinin aparılması barədə razılıq əldə olunub. Sülh müqaviləsi və delimitasiya bir-biri ilə əlaqəlidir.

Media1.az Hikmət Hacıyevin sözügedən məsələ ilə bağlı müsahibəsini təqdim edir:

2022-ci il sentyabrın 27-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanın təşəbbüsü ilə Vaşinqtonda keçirilmiş danışıqlara dair Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən verilmiş son açıqlama ilə bağlı nə deyə bilərsiniz?

– İlk öncə, bu danışıqların təşkil olunmasına görə bir daha ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivana təşəkkürümü bildirmək istərdim. Biz, həm də son dövrlərdə ABŞ rəsmilərinin müxtəlif səviyyələrdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində səylərini təqdir edirik.
Vurğulamaq istərdim ki, Vaşinqton danışıqları Brüssel formatında artıq müəyyən edilmiş razılaşdırılmış gündəliyə uyğun olaraq strukturlaşdırılmış formada aparıldı. Strukturlaşdırılmış formada danışıqlar aşağıdakı sahələri əhatə edir:

– Sülh müqaviləsi.

– Sərhədlərin delimitasiyası. 

– Kommunikasiyaların açılması. 

– İtkin düşmüş şəxslər və minalar problemi da daxil olmaqla, bütövlükdə humanitar  məsələlər. 

Vaşinqtonda və digər yerlərdə keçirilmiş danışıqlar məhz Brüssel sülh gündəliyinə töhfə vermək məqsədi daşıyırdı və burada yeni əlavə bir gündəlik yaradılmır. 

Sülh müqaviləsi ilə bağlı Vaşinqtonda belə qərara alındı ki, danışıqlar konkret vaxt müddəti müəyyən edilməklə aparılsın. Bu xüsusda, xarici işləri nazirlərinin Cenevrədə keçirilmiş görüşündə Azərbaycan tərəfindən artıq sülh müqaviləsinin layihəsi Ermənistana təqdim edilmişdir. 

Burada xüsusi olaraq vurğulamaq istərdim ki, bu, istənilən iki ölkə arasında münasibətlərin normallaşdırılması sazişində yer almış standart müddəalardır. Yəni suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, daxili işlərə qarışmamaq və s.

Prezident İlham Əliyev tərəfindən vurğulandığı kimi, əgər Ermənistan tərəfindən siyasi iradə nümayiş etdirilərsə, bu ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər.

İki ölkə arasında sülh müqaviləsinin imzalanması təbii ki, regionun ümumi geo-siyasi abı-havasını tamamilə müsbət bir istiqamətə dəyişəcək.

Delimitasiya məsələsi ilə bağlı mövqeyimiz ondan ibarətdir ki, bu proses heç bir ön şərt qoyulmadan aparılmalıdır və komissiyaların işinin nəticələrinin əvvəlcədən müəyyən edilməsinə yönəlmiş yanaşma qəbuledilməzdir. Dünya ölkələrinin, o cümlədən Azərbaycanın özünün qonşu ölkələrlə apardığı müzakirələrin təcrübəsi göstərir ki, delimitasiya çox mürəkkəb bir prosesdir və özündə uzun zaman davam edən intensiv danışıqların aparılmasını ehtiva edir. Burada ən vacib məqam düzgün metodologiyanın müəyyən edilməsi və bu əsasda danışıqların aparılmasıdır. 

Bilirsiniz, söhbət Azərbaycanla Ermənistan arasında delimitasiya olunmamış 1000 km-dən artıq sərhəddən gedir və bu sərhədin bir hissəsi 30 ilə qədər Ermənistan tərəfindən işğal altında saxlanılmışdır.
Danışıqlar zamanı Azərbaycan tərəfi həm də Qazax rayonunun hələ də işğal altında saxlanılan 7, Naxçıvanın isə 1 kəndi ilə bağlı məsələni də qaldırdı. Bundan əlavə, 10 noyabr üçtərəfli bəyanatına zidd olaraq, Ermənistan ordusunun qalıqları hələ də Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərindən tam olaraq çıxarılmamışdır. 

Təəssüf ki, Ermənistan üçtərəfli bəyanatın müddəalarını pozaraq kommunikasiyaların açılması ilə bağlı da öz öhdəliklərini yerinə yetirmir. Bu günə qədər Azərbaycanın Şərqi Zəngəzur bölgəsindən Naxçıvana maneəsiz gediş-gəlişi təmin edilməsi məsələsi həll olunmamışdır. Bu məsələ də Azərbaycan tərəfindən danışıqlarda davamlı olaraq qaldırılır.

Humanitar istiqamətə gəldikdə isə, biz xüsusilə Ermənistanın birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3900-a qədər soydaşımızın taleyinin müəyyən edilməsi üçün Azərbaycanla səmimi şəkildə əməkdaşlıq etməsini gözləyirik. Təəssüf ki, Ermənistan kütləvi məzarlıqların yeri barədə Azərbaycana məlumat verməkdən imtina edir.

Armen Qriqoryan həm də “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün beynəlxalq mexanizmin yaradılması” məsələsinə toxunub. Bununla bağlı nə deyərdiniz? 

 Cənab Prezidentin vurğuladığı kimi, Qarabağ münaqişəsi həll edilmişdir. Keçmiş münaqişənin  kökündə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun ərazilərini işğal etməsi  faktı dururdu. BMT Təhlükəsizlik Şurasının qətnamələri də bu işğala son qoyulmasını tələb edirdi. Nə Ermənistan TŞ qətnamələrini yerinə yetirdi, nə də vasitəçiliklə məşğul olanlar bu işin öhdəsindən gələ bildilər. Nəticədə Azərbaycan məcbur olub özü Ermənistanın hərbi işğalına son qoyaraq ərazilərini azad etdi.

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan istər Brüssel danışıqlarında, istərsə də Vaşinqtonda xüsusi olaraq vurğulayıb ki, Bakı ölkəmizin suveren hüquqlarına aid olan məsələləri heç bir üçüncü tərəflə müzakirə etməyəcəkdir.

Qarabağda yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası, qanunları və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun öz həllini tapacaq. Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq, xoş niyyətinin göstəricisi və şəffalıq nümunəsi kimi öz vətəndaşları ilə apardığı dialoqa dair bir müddətdən sonra beynəlxalq tərəfdaşlara məlumat verə bilər. 

Vaşinqtonda tərəfimizdən bildirildi ki, Azərbaycan öz beynəlxalq öhdəliklərinə uyğun olaraq mütəmadi olaraq BMT və digər təşkilatlara müxtəlif hesabatlar təqdim edir. Bu hesabatlarda Azərbaycan hökumətinin məsələn milli azlıqların hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirdiyi işlərə dair məlumatlar yer alır. Gələcəkdə həmin bu hesabatlara Qarabağda yaşayan erməni sakinlərinin hüquqlarının təmin edilməsi ilə bağlı görülən işlər də daxil ediləcək. 

Yəni, burada Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün hər hansı bir beynəlxalq mexanizmin yaradılmasından söhbət getmir və gedə bilməz. Suverenlik Azərbaycanın qırmızı xəttidir. Beynəlxalq tərəfdaşlar da Azərbaycanın bu haqlı mövqeyini anlayışla və hörmətlə qarşılayır.

Buna görə də son 30 ildə ilk dəfə olaraq siyasi leksikonuna suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərini daxil edən Ermənistanın Azərbaycanın suverenliyi ilə bağlı bu cür yanaşması bizim üçün tamamilə qəbuledilməzdir və Ermənistan rəsmilərini bu mövqedən çəkinməyə çağırırıq. Çünki bu, kövrək sülh prosesini zədələyə bilər.

Son olaraq qeyd etmək istərdim ki, danışıqların mahiyyətinin təhrif olunması, şəxsi mülahizələrdən çıxış edilməsi, müxtəlif manipulyasiyalara yol verilməsi, söz oyunları yolverilməzdir.