23 Dekabr 2024

“Qarabağ Media İnkubatoru” davam edir

Bərdədə dekabr ayından icrasına başlanan “Qarabağ Media İnkubatoru” layihəsi davam edir.

“Qarabağ Media İnkubatoru” layihəsi çərçivəsində, Bərdə və ətraf rayonlardan olan gənclər və media sahəsində çalışanlar üçün silsilə təlimlər davam etdirilir. Yanvarın 8-9`da peşəkar fotoqraf Əhməd Muxtar və videoqraf Elnur Muxtarın təlimçiliyi ilə foto və video jurnalistika təlimləri keçirilib. Iştirakçılarımız media üçün keyfiyyətli və uyğun foto və video çəkilişlərin aparılması qaydalarını öyrəniblər.

Xatırladaq ki, ilk təlim media üzrə ekspert və jurnalist Seymur Kazımovun təqdimatında “Xəbərlər, pres-relizlər və məqalələrin hazırlanması, fövqəladə hallarda jurnalistika” mövzusunda dekabr ayında keçirilmişdi.

Qeyd edək ki, layihə rəhbəri Namaz Kərimovun bildirdiyi kimi, yazı və ya məqalə, foto və video jurnalistika sahəsində təlimlərin keçirilməsi planlaşdırılan layihənin məqsədi 2 ay müddətində praktik seminarlar vasitəsilə Bərdə, Tərtər, Agdam və Yevlax rayonlarından online media sahəsində çalışan 15 nəfərin məqalə, foto və video xəbər hazırlamaq bacarıqlarının artırılmasına töhvə verməkdir. “Son dövrlər ölkədə, o cümlədən regionlarda media sahəsində bir sıra fiziki və hüquqi şəxslər fəaliyyət göstərməyə başlayıblar. Ancaq onların fəaliyyətini əngəlləyən bir sıra amillər var ki, bunlardan biri də bu sahədə çalışan insanların bilik və bacarıqlarının kifayət qədər olmamasıdır” deyən layihə rəhbəri, eyni zamanda bildirib ki, bu, regionlardan yayımlanan xəbərlərin, işıqlandırılan problemlərin ictimailəşməsinə əngəllər yaradır.

Layihənin yekununda iştirakçılar arasında müsabiqə elan olunacaq; ən yaxşı yazı, foto və video xəbərin müəllifləri mükafatlandırılacaq və iştirakçılar sertifikatla təmin olunacaq.

Qeyd edək ki, layihə fevral ayında yekunlaşacaq.