23 Dekabr 2024

Qar, külək gəlir, temperatur 8-10 dərəcə enəcək: məktəblər bağlanacaqmı -RƏSMİ AÇIQLAMA

“Bununla bağlı hər hansı bir tapşırıq, yaxud göstəriş verilməyib”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevral ayının 7-si axşamdan başlayaraq həftə sonunadək ölkə ərazisində havanın küləkli və yağıntılı olacağı, fasilələrlə sulu qar və qar yağacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir. Havanın temperaturunun 8-10 dərəcə aşağı enəcəyi bildirilir.

Kəskin hava şəraitinin bir neçə gün davam etməsi gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi isə qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, küləkli havaya görə avtomobillərini aşma, yaxud qopma ehtimalı olan obyektlərin yaxınlığında və ya atında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, dağlıq və dağətəyi zonalarda qarın yağması nəticəsində yolların sürüşkən olacağını nəzərə alaraq, həmin ərazilərdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi xahiş edib.

Bəs görəsən, havanın kəskin olduğu günlərdə məktəblərdə əyani təhsil dayandırılacaqmı? Nəzərə alınsa ki, hazırda əhali, xüsusilə azyaşlılar arasında müxtəlif respirator viruslar yayılıb. Həkimlər də qeyd edirlər ki, havaların soyuq olduğu vaxtlarda viruslar çoxalır, xəstəliklər daha da artır. Onu da nəzərə çatdıraq ki, valideynlərin sözlərinə görə, havanın soyuq olduğu vaxtlarda məktəblərdə istilik kifayət qədər olmur. Hətta müəllimlər şagirdlərə üst geyimində oturmağı tövsiyə edirlər. 

Mətbuat katibləri: Jurnalistlər Cəsarət Valehovun işindən razıdılar,  narazı? - Təkliflər, iradlar… - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Cəsarət Valehov 

Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı “Yeni Müsavat”a dedi ki, ekoloji proqnozlar əvvəlcədən bəlli olduğuna görə məktəblərdə istiliklə təchizat, ümumilikdə diqqətin daha da gücləndirilməsi ilə bağlı məsələlər gündəlikdə olur: “Harada ki istiliklə bağlı qazanxanalarda problemlər olur, orada öncədən tədbirlər görülür. Təmir işləri aparılır. Ölkənin ayrı-ayrı bölgələrində istiliklə bağlı problemlər olarsa, ora əməkdaşlar cəlb edilir. Bir fakt da var ki, soyuq havalarda tədrisə cəlb olunmada bəzən azalma müşahidə olunur. Uşaqlar məktəblərə daha az sayda gəlirlər. Amma məktəblərin bağlanması ilə bağlı məlumat yoxdur. Bununla bağlı hər hansı bir tapşırıq, yaxud göstəriş verilməyib”.

Nazirlik rəsmisi əlavə edib ki, son günlər uşaqlar arasında müxtəlif virus xəstəlikləri genişlənib və bu halda tövsiyə olunur ki, uşaqlar ev şəraitində müalicə alsınlar, həkim nəzarəti altında olsunlar: “Çünki sağlamlıq daha vacibdir. Ötənlərdə bununla bağlı mediada nazirlik adından açıqlama yaymışıq. Yenə də təkrar edirik”.