23 Dekabr 2024

Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatı tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə “Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir” adlı tədbir keçirilib.

Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları, Ərazi Partiya Təşkilatlarının nümayəndələri və partiya fəalları iştirak ediblər.

Tədbirə başlamazdan əvvəl Ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin və qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, qədim zamanlardan Azərbaycanda qadına-anaya daim böyük hörmət və ehtiram göstərilmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılmışdır. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair qadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi, əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Əvvəlki dövrlərdə qadın hüquqlarının qazanılması və qorunması yolunda böyük uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi həyatının fəal iştirakçısıdır. O, taleyüklü məsələlərin həllinə sanballı tövhələr verir. Müxtəlif sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq etmişdir. Etibar Hacıyev bayram münasibətilə bütün xanımları təbrik edib, onlara xoş arzularını çatdırıb.

Tədbirdə çıxış edən digər natiqlər – “Keşikçidağ DTMQ” Ərazi Partiya Təşkilatının sədri Musa Mursaquliyev, “Köçəsgər kəndi” Ərazi Partiya Təşkilatının sədr müavini Saqif Babayev və Ağstafa rayon Dağ Kəsəmən kənd 2 saylı tam orta məktəbin müəllimi, partiya fəalı Vüsal Həsənov qeyd ediblər ki, ölkəmizdə dövlət-qadın siyasətinin əsasını qoyan Ulu Öndər qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Hal-hazırda qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Onların hərtərəfli parlaq fəaliyyətləri, xeyirxahlıq missiyaları, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördükləri işlər əsl örnəkdir. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Çıxış edənlər də öz növbələrində qadınları 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik ediblər.

Sonda Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının ictimai-siyasi həyatında fərqlənən qadın partiya üzvləri Fəxri Fərmanla təltif olunublar.

Həmçinin partiya üzvlüyünə yeni qəbul edilmiş gənc xanımlara partiya vəsiqələri təqdim olunub.