23 Dekabr 2024

“Qadınlar evlilikdən 8-9 il sonra xəyanət edirlər” – Psixoloqdan AÇIQLAMA

Ailə kiçik bir dövlətdir. Onun da öz qanunları, öz büdcəsi və öz qalası var. Lakin, ailə böyük dövlətdən daha həssas bir institutdur. Burda hər şey sevgi üzərində qurulur. Təməli güclü sevgi, qarşılıqlı hörmət və etibar üzərində inşa edilən ailələr bir qayda olaraq uzunömürlü olur. Belə ailələr həyatın ən sərt təpkisinə belə sinə gərir, istənilən iqtisadi böhrandan uğurla çıxırlar. Lakin, hisslər və korporativ maraqlar üzərində qurulan ailələr bir qayda olaraq tez dağılır.Sevənlərin ən böyük üstünlükləri odur ki, onlar bağışlaya bilirlər. Sevgi o zaman əbədi və uzunömürlü olur ki, insan qarşısındakını nöqsanları və çatışmazlıqları ilə bəyənir. Belə bir deyim var: “Sevgi qurtaran yerdə, xəyanət başlayır”. Yəni hislər keçicidir, ya da məşhur bir filosofun deyiminə inansaq, “sevmək əxlaqsızlıq üçün bəhanədir”. Gündə birinə aşiq olub yaşamaq insanlıq üçün dağıdıcıdır və ali missiyanın deformasiyasıdır.

Musavat.com xəbər verir ki, Bizim.Media-ya danışan tanınmış psixoloq Gülnar Orucova da bu fikirləri təsdiq edib. 

Müsahibəni təqdim edirik:

– Gülnar xanım, kişi-qadın münasibətlərində hansı tərəf xəyanətə daha çox meyilli olur?

– Xəyanətə ən çox meyilli olan tərəf kişilərdir. Qadınlar monoqam, kişilərsə poliqamdır. Kişi daim həyəcan axtarışında olur. Kişi sevə-sevə də xəyanət edə bilər. Çünki, kişilərdə ehtiras daha güclüdür. Bəzən kişilər evliliyin üçüncü günü xanımına xəyanət edir. Qadınlar isə ən azı 8-9 il ərinə sadiq qalır. Yalnız bu müddətdən sonra bir çox qadınlar anlayır ki, gözlədiyi “ağ atlı oğlan” qarşısındakı kişi deyilmiş. Və hər şeyin gec olduğunu anlayan qadın xəyanətə gedir.Mən düşünmürəm ki, qadın təkcə ərinə xəyanət edir, yox, o həm də özünə xəyanət edir. Çünki, namus təkcə kişinin şərəfi deyil, həm də ailənin və qadının şanıdır, şöhrətidir. Qadını xəyanətə sürüklüyən bir səbəb də mental xüsusiyyətimizdir.


Məsələn, qadın düşünür ki, “boşansam ikinci dəfə ailə qura bilməyəcəm”. Çünki, bizdə boşanmış qadına hələ də pis baxılır. Ona görə də qadın düşünür ki, “evliliyimi qoruya-qoruya yeni macəra yaşamaq daha yaxşıdır”. Ümumiyyətlə, xəyanətdə bütün hallarda mən qadınları günahkar hesab edirəm. İstənilən xəyanətin səbəbi var. Qadın da çalışmalıdır ki, o səbəbi kişiyə verməsin, sonra da özü xəyanətkar olmasın.


– Ailənin qorunmasında hansı tərəf daha çox maraqlı olur?


– Ailənin qorunmasında qadın tərəfi daha çox maraqlı olur. Qadın istəmir boşana, başsız və arxasıız qala. Ona görə də qadınlar ailənin qorunması üçün sona qədər mübarizə aparırlar. Qadın ailəsini qorumaq üçün bəzən şantaja belə gedir. Məsələn, həyat yoldaşını qorxudur ki, “uşaqları götürüb gedəcəm, sənə göstərməyəcəm”, filan və s.


– Nəyə görə kişinin xəyanəti bağışlanılır, qadınlarınkı yox?


– Kişilərin xəyanəti ona görə bağışlanılır ki, onlar ağılları ilə deyil hissləri ilə xəyanətə gedirlər. Buna fizioloji ehtiyac da demək olar. Amma qadınlar ağılları ilə xəyanət edirlər. İstənilən qadın xəyənət etməmişdən qabaq xeyli düşünür və sonda qərar verir. Belə deyək də, kişilər xəyanəti anlaqsız şəraitdə edir, qadınlarsa məqsədli və düşünülmüş şəkildə. Ona görə də qadınların xəyanəti bağışlanılmır.