21 Noyabr 2024

Putinin Brut xofu – Hökmdarlara sui-qəsdi yaxınları edir

Açığı, Rusiya prezidenti Putinin “ölüm ayağında olması” barədə söhbətlər hamını çox bezdirmişdi. Bu dezinformasiyalar Avropa ölkələrində istehsal olunur, yayılır, şişirdilirdi.

Hiss olunurdu ki, Qərb dairələri buna informasiya savaşının tərkib hissəsi kimi baxırlar. Məqsəd bu, ola bilərdi ki, mürtəce siyasət yerdiən Rusiyanın siyasi dairələrində bu şayiələr vasitəsilə tərəddüdlər yaradılsın, ordu demoralizə olunsun, məmurlar qeyri-müəyyən gələcəyə görə əndişə duysunlar.

Bu, bəlkə də başqa ölkələrdə effekt verə bilərdi. Ancaq Rusiya tarixən hərbi-polis rejimi ilə idarə olunan ölkə olduğundan belə şeylər yerimir. Əksinə, orada “çar baba”ya, “xalqlar atası”na itaət ənənəsi həmişə güclü olub və camaat “xəstə hökmdar”ı devirməyə yox, ona şəfa diləməyə can atıb.

Budur, nəhayət, Böyük Britaniya ordusunun baş qərargah rəisi, admiral Toni Radak deyib ki, Putinin sağlamlığının yaxşı olmadığı barədə deyilənlər şayiədir. Radak Putinin öldürülə biləcəyi barədə söhbətləri də xəyalpərəstlik adlandırıb.

Buradan o məna çıxır ki, Ukraynada müharibə başlayandan bəri, yəni son 6 ayda Putinin ictimaiyyət arasında çox görünməməsi, tədbirlərdə az iştirak etməsi, xarici qonaqlarla az-az görüşməsi heç də onun səhhətindəki problemlərlə bağlı deyil, sırf onun öz şəxsi təhlükəsizliyinə diqqəti birə-beş artırmasının nəticəsidir.

Görünür, Qərb dairələrində səslənən ikinci ehtimal (Putinə qəsd ediləcəyi) onun da ağlına batır və işini ehtiyatlı tutur.

Bu, heç də diqqət yetirilməyəcək məsələ deyil. Uzun müddət hakimiyyətdə qalan, böyük düşmənlərlə müharibə aparan hökmdarların başı üstündə həmişə sui-qəsd təhlükəsi olur və bür gün reallaşdırılır. İndiyədək yüzlərlə belə presedent olub.

Ölkələr işğal etmiş, möhkəm hakimiyyət qurmuş Yuli Sezar heç ağlına da gətirməzdi ki, öz silahdaşları bir gün ona sui-qəsd edəcəklər. O boyda Sezar bu aqibətdən sıortalanmadısa, bütün bu tarixi hadisələri yaxşı bilən Putin öz silahdaşlarının içindəki potensial Brutu asanlıqla təxmin edə və vaxtında yaxınlığından uzaqlaşdıra bilərdi.

Putin, əl-əlbət, rus çarı III Aleksandrın, bolşeviklərin lideri Leninin həyatlarına sui-qəsdlərdən də xəbərdardır və bilir ki, ölkənin birinci şəxsinin təhlükəsizliyi məsələsində buraxılan yüngül bir başısoyuqluq acı nəticələr verə bilər.

Biz hökmdarların həyatına sui-qəsdlərdən danışanda ən çox Nadir şahın və şah Qacarın öz yaxınları tərəfindən öldürülməsindən bəhs edirik. Bu xüsusda amerikalılar Avraam Linkolndan tutmuş Con Kemmediyə, hətta Ronald Reyqana (o, ağır yaralansa da, sağ qalıb) qədər neçə-neçə prezidentin həyatına sui-qəsd edilməsi barədə təfərrüata vara bilərlər.

Osmanlı sarayında da həyatını öz yaxınlarının, ailə üzvlərinin sui-qəsdi nəticəsində itirən sultanlar olub.

Hindistanın baş nazirləri İndira Qandi və onun oğlu Raciv Qandinin, Pakistanın baş nazirləri Ziya-ül-həqq və Benazir Bhuttonun, İsrailin baş naziri İshaq Rabinin, İsveçin baş naziri Ulof Palmenin həyatına qəsdlər onların öz yaxınları tərəfindən təşkil edilməsə də, hər halda bu şəxslər üçün faciəvi sonluqla bitib.

Təcrübə göstərir ki, istənilən ölkədə dövlətin birinci şəxsi yaxşı mühafizə edilmirsə, təhlükəsizlikdə boşluqlar varsa, bu, artıq terrorçular və qisasçılar üçün dəvətnamə göndərmək kimidir. Onlar mütləq fürsətdən yararlanmağa çalışacaq və şanslarını qaçırmayacaqlar.

Ona görə də bu saat dünyanın ən qüdrətli ölkələrinin başçılarının öz ölkələrində sözsüz tabe olduqları bir şəxs var: mühafizə xidmətinin rəisi. Əgər mühafizə xidmətinin rəisi, tutaq ki, ABŞ prezidentinə kütlə arasına çıxmamağı, protokoldan kənar heç bir hərəkət etməməyi israrla tövsiyə edirsə, o zaman dünya hegemonunun rəisin sözündən çıxmaq kimi bir lüksü yoxdur.

Putin isə öz mühafizəsinin rəisidir. O, bu saat dünyanın ən yaxşı, ən etibarlı şəkildə qorunan iki-üç liderindən biri, bəlkə də birincisidir. Bu baxımdan “Putin sui-qəsddən qorxur, ona görə də bunkerdən çıxmır” kimi mülahizələr heç də havadan götürülməyib.

Bununla belə, indilikdə üfüqdə Putinə qarşı hər hansı çevriliş və ya sui-qəsd cəhdi edə biləcək bir kimsə görünmür. O, tabeçiliyindəki bütün fiqurları öz ovcunda tam saxlaya bilir və yaratdığı çoxsaylı daxili kəşfiyyat, izləmə strukturları vasitəsilə kimlərin bir araya gələndə nə danışdıqlarını ovcunun içi kimi bilir. Heç kəs ona qarşı sui-qəsd sözləşməsinə girişməyə cəsarət edə bilməz.

Ancaq Rusiya müharibədə sarsıdıcı zərbə alsa, acı və biabırçı məğlubiyyət qaçılmaz olsa, Rusiya dövlət olaraq vurulmuş kreyser kimi batmaq təhlükəsi qarşısında qalsa, bax, o zaman çox fikirləşmədən, uzun-uzun hazırlaşmadan, bir günün içində Putini ballast kimi suya ata bilərlər.

Ona görə də bu saat ingilis admiral Radakı nəinki ölkəsinin, hətta dünyanın ən ayıq və ağıllı strateqi saymaq olar

.Xalid KAZIMLI